haberL haberR

Saatı irəli-geri çəkməkdən imtina ediləcəkmi?

Kateqoriya: Ölkə Yayımlama tarixi: 14.03.2016 17:15:52

"Hazırda hökumət yay-qış vaxtına keçidlə bağlı heç bir müzakirə aparmır"

Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda yay və qış vaxtlarına keçid məsələsini müzakirə edib. Martın 11-də keçirilən özəl iclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə dövlət başçısı İlham Əliyevin yay və qış vaxtlarına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini deyib. AMEA-nın akademik-katibi Rasim Əliquliyev dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışıb, 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycan kiçik və vahid saat qurşağında yerləşən ölkə olduğundan burada yay və qış vaxtlarına keçid o qədər də böyük əhəmiyyət daşımır.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev, Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Fizika İnstitutunun baş elmi işçisi Kamil Qurbanov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov da cari vaxtı saxlamağın gərək olduğunu vurğulayıblar. Prezident Administrasiyasına cari vaxt hesabını saxlamağın məqsədəuyğun olduğu barədə məlumat göndərilməsi qərara alınıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli martın 14-də Transparency.az-a deyib ki, hazırda hökumət yay-qış vaxtına keçidlə bağlı heç bir müzakirə aparmır.

Transparency.az-a danışan Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, yay-qış vaxtına keçid ölkəyə iqtisadi xeyir gətirirsə, saxlanması mümkündür: “Amma Nazirlər Kabineti yay-qış vaxtına keçidlə nə qədər enerjiyə qənaət olunduğunu hesablamalıdır. Əgər ciddi rəqəm yoxdursa, dəyişiklik də əhəmiyyətsizdir.

Saatın irəli-geri çəkilməsinin insanların səhhətinə, psixologiyasına mənfi təsir göstərdiyi deyilir, amma bu, o qədər narahatedici səviyyədə deyil. Emosional, səhhətində problemi olan yaşlı insanlarda sadəcə bir həftə, on gün nasazlıq yarana bilər. Amma hər halda Azərbaycan üçün bir saat rejimi məqsədəuyğundur”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.