haberL haberR

30 ailənin yaşam zülmü - Fotolar

Kateqoriya: Reportaj Yayımlama tarixi: 16.05.2016 11:47:47

30 ailəyə 2 tualet, bir hamam, ümumi mətbəx... Qəzalı vəziyyətdə olan 2 mərtəbəli, rütubətli binada məskunlaşan 30 qaçqın və məcburi köçkün ailəsi 20 ildən artıqdır ki, bu vəziyyətdə yaşayır.

Bakıda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı xeyli sayda binalar var. Bu binaların əksəriyyəti artıq istismar müddətini çoxdan başa vurub və qəzalı vəziyyətdədir. Lakin qaçqın və məcburi köçkünlərin gedəcək yerləri olmadığından elə uzun illərdir bu şəraitdə yaşamağa məcbur qalıblar. 25 ildir ev növbəsinin onlara da çatacağına ümid edirlər. 

Qəzalı, çəraitsiz vəziyyətdə olan binalardan biri də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxanadır.

Musavat.cim xəbər verir ki, yataqxananın 100-dən çox sakini var. Burada məskunlaşan 30 ailənin çoxu Zəngilan və Cəbrayıldan olan məcburi köçkünlərdir.

2 mərtəbəli yataqxananın hər mərtəbəsində bir tualet, bir də mətbəx var. 30 ailənin istifadəsində isə yalnız bir hamam mövcuddur. Tavanından su daman, döşəməsi dağılan, rütubətli və hər an uçmaq təhülkəsində olan bu binada bir neçə dəfə az qala faciə baş verəcəkmiş. Köhnə binanın tavanından qopan beton parçalar bir neçə dəfə sakinlərin üstünə düşüb. Elektrik xətləri açıq şəkildə bütün mənzillərdən keçir. Bir neçə gün əvvəl isə binada qısaqapanmadan yanğın baş verib. Yanğının qarşısı son anda yanğınsöndürənlər tərəfindən alınıb. Xoşbəxtlikdən, hələ ki belə qəzalar zamanı insan itkisi baş verməyib.
Bu bina vaxtilə neftçilər üçün tikilmiş yataqxanadır. Burada subay neftçilər yaşayırmış. Lakin məcburi köçkünlər bu binaya gəldikdən sonra onlar buradan çıxıblar.

Bina sakinlərindən biri Qətibə Mehdiyeva musavat.com-un yataqxanaya baş çəkən əməkdaşları ilə söhbətində yaşadıqları şəraitdən danışıb.

Q.Mehdiyeva 23 ildir bu yataqxananın sakinidir. Hazırda iki oğlu, bir nəvəsi və gəlini ilə bir otaqda yaşayırlar.
“Müraciət etmədiyimiz qurum qalmayıb. İcra hakimiyyətində dəfələrlə qəbulda olmuşuq. Ancaq heç vaxt icra başçısı ilə görüşə bilməmişik. Deyirlər ki, bu məsələ onların səlahiyyətində deyil. Prezident İlham Əliyevə müraciət etmişik. Müraciətimizə cavab verilib. Mənzillə təmin olunmağımız üçün “Qaçqınkom”a göstəriş verilib. Evlə təmin olunmamağımız bir kənara qalsın, heç gəlib bizim şəraitimizə baxan yoxdur. Hamımız insanıq. Bu şəraitə baxın, gəzin buranı, görün, siz burada yaşayarsınızmı? Bizi qəbul etməyən, bizimlə maraqlanmayan məmurlar bircə gün burada yaşamağa razı olarlarmı?”- deyən Q.Məmmədova illərdir məmurlara deyə bilmədiyi, səslərini çatdıra bilmədiyi sözləri bizə deyir - bəlkə onları eşidən olar ümidi ilə.

Yataqxananın ümumi istifadədə olan tualeti, mətbəx və hamam sakinlərin problemlərinin ən dəhşətlisidir.

Q.Məmmədova deyir ki, bu cür bibarıçı vəziyyətdə yaşamaq daha çətindir: “Bizim bu balaca otağa 5 nəfər sığışır. Rütubətdən evdə yaşamaq olmur. Səhər olan kimi pəncərəni açıram ki, heç olmasa rütubət qoxusu evdən çəkilsin. Qaz yoxdur, suyu da zülmlə, yadlarına nə zaman düşsə, verirlər. İşıq problemi şükür ki, yoxdur. Amma qışda evləri yalnız elektrik sobaları ilə qızdıra bilmək üçün bizə ayrılan limiti məcburi şəkildə keçirik. Çünki evləri başqa cür qızdıra bilmirik. Ümumi tualet və hamamdan istifadə isə biabırçılıqdır. Bu haqda danışanda belə adam utanır”.

Rütubətli bina burada yaşayan bəzi insanların sağlamlığını əlindən alıb. İki uşaq anası Nurlanə Rüstəmova iki azyaşlı uşağının hazırda astma olduğunu və müalicə aldığını deyir: “Evin içinə yağış suları damır. Döşəmə çürüyüb. İki uşağım astmadır. Mən özüm də eyni xəstəlikdən əziyyət çəkirəm. 2004-cü ildən bu yataqxanaya gəlin gəlmişəm. Bu şəraitdə yaşamaqdan bezmişik, sağlamlığımızı da itirmişik”.

Yataqxanada olarkən 68 yaşlı Göyçək Nənənin də acı həyat hekayəsini dinlədik. Göyçək nənə ilə yataqxananın ikinic i mərtəbəsində rastaşdıq. Yaşadıqları vəziyyəti görməyimiz üçün bizi yaşadığı balaca otağa dəvət etdi.

Göyçək Əliyeva Cəbrayılda anadan olub. 23 ildir bu yataqxanada yaşayır. Ağdam uğrunda gedən döyüşlərdə 25 yaşlı oğlu şəhid olub. Göyçək nənə divarda asılan şəkili göstərir və “O, mənim böyük oğlumdur. Şəhid Elmar Əliyev. 20 yaşından cəbhədə olub. 5 il qəhrəmancasında döyüşdü”- deyir.

68 yaşlı nənənin həyat yoldaşı da Qarabağ döyüşlərinin iştirakçısı olub. Döyüşlərdə kontuziya alan həyat yoldaşı bir neçə il sonra dünyasını dəyişib. Göyçək nənə hazırda 3 nəvəsi, gəlini və bir oğlu ilə bu yataqxanada yaşayır.

“Mən artıq yaşadığımı yaşamışam. 23 ildir bu yatqaxnada gün görmədim. Heç olmasa, nəvələrin burada yaşamasın. Balaca nəvəmin beyninə infeksiya düşüb. İndi müalicə alır. Onların artıq bu yataqxanada əziyyət çəkməsini istəmirəm”- deyə G.Əliyeva dərdli-dərdli danışır.

Yataqxananın hamamına üz tutub ordakı vəziyyətlə tanış olmağa gedərkən yolda sakinlərdən biri olan Bəxtiyar Əliyevlə qarşılaşdıq. Haradan və nə məqsədlə gəldiyimizi soruşandan sonra o da problemlərdən danışdı: “Təsəvvür edin ki, tualet üçün camaat növbəyə durur. Bu necə yaşayışdır? Nə maraqlanan var, nə də soruşan. Elə bilirsən ki, başqa ölkədə, başqa qitədə yaşayırsan və səni heç kim görmür və problemini dinləmir”.

65 yaşlı B.Əliyev çıxış yolunu belə göstərir: “Bu binanı söküb yerində çoxmərtəbəli bina tikmək olar. Şəhərdə yüz yerdə bina sökürlər, bir aya da tikirlər. Geniş ərazisi də var.
Camaatı evlə təmin etsinlər, qalanı da özlərinin. Bu, həm hökumətə, həm sahibkara, həm də bizə xeyirlidir”.

Yatqxananın bütün otaqlarının qarşısında su qabları görünür. Suyun nə zaman veriləcəyini bilməyən sakinlər bunun üçün ehtiyat su yığmağa məcburdurlar.

Yağışlı havada yataqxanadakı hər otağa vedrələr düzülür. Buna səbəb dam örtüyünün sıradan çıxması və otaqlara su dammasıdır. Damcı-damcı yığılan suları sakinlər israf etmir, ehtiyacları üçün istifadə edirlər.

Sakinlər deyir ki, artıq müraciət etmədikləri qurum qalmadığından ümidlərini hər kəsdən üzüblər. Qeyd edək ki, yatqxana Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Sakinlər BŞİH-ə də mürciət ediblər. Lakin heç bir müraciətlərinin müsbət cavabı olmayıb.

30 ailənin yaşam zülmü - Fotolar

/haberimaj/habergaleri/1V7H0Q0T9E7H.JPG
  1. 30 ailənin yaşam zülmü - Fotolar

  2. 30 ailənin yaşam zülmü - Fotolar

  3. 30 ailənin yaşam zülmü - Fotolar

  4. 30 ailənin yaşam zülmü - Fotolar

  5. 30 ailənin yaşam zülmü - Fotolar

  6. 30 ailənin yaşam zülmü - Fotolar

  7. 30 ailənin yaşam zülmü - Fotolar

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.