haberL haberR

“500 milyarddan çox vəsait getdi daşa-divara, korrupsiyaya…” - Keçmiş müstəntiq

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 11.01.2016 16:24:19

Prokurorluq orqanlarından siyasi bəyanatla isteva verməsi və sonrakı tənqidi açıqlamaları ilə diqqət mərkəzinə gələn Rüfət Səfərov Meydan TV üçün geniş müsahibə verib

 Jurnalist Aynur İmranovanın hazırladığı müsahibəni təqdim edirik.

Rüfət Səfərovlə müsahibədən əvvəl Zərdabda onunla bağlı bir az araşdırma apardıq. İnsanların elə hörmətini qazanıb ki, hər kəs onun rayondan getməsinə təəssüflənir. Yadınızdadırsa, bu yaxınlarda həmin rayonda qısqanclıq zəminində ağır bir qətl olmuşdu, o qətlin açılması da müstəntiq Səfərovun uğuru idi. Hətta bu cinayət işindən sonra Zakir Qaralov onu Fəxri fərmanla da təltif edibmiş.

“Balaca rayonumuzun qonağı olmadı, oğlu oldu” – deyir zərdablılar. İlk etiraz çıxışlarında Rüfət Səfərov özü də “Zərdabinin ruhundan cəsarət aldım” demişdi. Bu ifadə də yaman təsir edib rayon əhalisinə, hər kəs “halaldır, affərin” – deyir.

Amma Rüfət Səfərovun istefası və çıxışları ümumi ictimiayyət arasında, sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı. YAP-ın qurucularından olan Eldar Sabiroğlunun oğlu olması onun səmimiyyətinə şübhə ilə yanaşılmasına səbəb oldu. Digər tərəfdən isə Rüfət Səfərov Azərbaycan hüquq sisteminin eybəcərliklərini açığa çıxaracaq yazı üzərində işlədiyini bəyan elədi. Biz bütün bunlarla bağlı suallarımızı keçmiş müstəntiqə ünvanladıq.

– Hüquq-mühafizə orqanlarındakı 5 illik fəaliyyətinizi necə qiymətləndirirsiz? Ümumiyyətlə, sizi necə müstəntiq hesab etmək olar?

– Təəssüf ki, bu suala bir qədər qısa cavab verməli olacam. Bu səbəbdən ki, öz-özünə qiymət verməyi, fərdi fəaliyyəti yüksək tutmağı, şəxsin öz xidməti, işi barəsində fikir yürütməyini normal hesab etmirəm. Barəmdə başqalarının bildirdiyi rəy daha əhəmiyyətli olardı. Bununla belə, bir-iki cümlə ilə qeyd edirəm ki, 2004-cü ilin dekabr ayından bəri əmək fəaliyyətim ərzində vicdan və ədalət hissini bir an da olsun gözardı etməmişəm, arxa plana keçirməmişəm; istər nazirlikdə, istərsə də prokurorluq orqanlarında xidmət etdiyim müddətdə. Düşünmürəm ki, keçmiş həmkarlar bunun əksini demiş olsunlar.

Verdiyiniz qərarda Eldar Sabiroğlu-Ramiz Mehdiyev qarşıdurmasının da bir əlaqəsi varmı? Ümumiyyətlə, ailəliklə bu qarşıdurmadan əziyyət çəkdiyiniz, haqsızlıq gördüyünüzü düşünürdünüzmü?

– Xarakter etibarilə dar yox, qlobal mövzular məni maraqlandırır. Lakin bir halda ki, sual etdiniz, cavab verməyə çalışacam. Əvvəla,  prokurorluq orqanlarından istefa verməyim ölkəmizdə baş alıb gedən haqsızlıq, ədalətsizlik, tez-tez insan azadlıqlarının tapdanması, məsuliyyətsizliyin pik həddə yetişməsi, hüquqi nihilzm,  məmurların özlərini qanunüstü saymaları, azad medianın, qeyri-hökumət təşkilatlarının sıradan çıxarılması,  kiçik, orta və iri sahibkarların təbəqə olaraq məhv edilməsi, əvəzində məmur-oliqarxların, sərt monopoliyanın peyda olması, elm və təhsilin ciddiyə alınmaması, cəzasızlıq mühitinin yaranması və s. ilə bağlı oldu. Məsələnin ən dözülməz tərəfi odur ki, ölkəmizin ən xırda məmuru belə, qanunu deyil, şəxsi iradəsini daha üstün sayır. Bu yerdə  məşhur amerikan esseisti Marqaret Fullerin sadə, sadə olduğu qədər də ibrətamiz fikri yadıma düşür: “Nə qədər yüksəklikdə olursan ol, qanunlar səndən də üstündür”. Lakin insaf üçün deməliyəm ki, hisslər toplusunda ədalət duyğusunu ən yuxarıda tutan dövlət adamlarımız, məmurlarımız da az deyil… O ki qaldı məlum qərarımla Eldar Sabiroğlu-Ramiz Mehdiyev qarşıdurmasının bir əlaqəsinin olub-olmadığına, deməliyəm ki, bu məsələnin addımımdakı payı olduqca cüzidir, lakin var. Təbii ki,  bir övlad olaraq birilərinin atamı təhqiramiz ifadələrlə aşağılaması və ya aşağılatdırması mənə təsir etməyə bilməzdi. Digər tərəfdən, atamdan fərqli olaraq mənim düşüncəm budur ki, Ramiz Mehdiyev olduqca təcrübəli, savadlı və hazırkı hakimiyyətin möhkəmlənməsində misilsiz xidmətləri olan bir dövlət adamıdır. Fəqət, hazırda Ramiz müəllimin ideoloji istiqamətləri təyin etməsini bir qədər anlayışla qarşılamıram. Ramiz müəllimin üstləndiyi marksist-kommunist dəyərlər 2016-cı ildə dünyada gedərək daha da intişar tapan demokratik, plüralistik prinsiplərlə səsləşmir. Obrazlı desək, Ramiz Mehdiyevin rəhbər prinsip və ideyaları “balans dəyəri”ni itirib artıq….

 “Hüququn qətli” adlı yazı hazırladığınızı demisiz. Hüquq-mühafizə orqanlarının fəaliyyətində sizi ən çox narahat edən boşluqlar və qanunsuzluqlar hansılardır?

– Bəli, belə bir yazı üzərində işləyirəm. Düşünürəm ki, yaxın günlərdə ritorika və pafosdan kənar həmin yazını oxucuların mühakiməsinə təqdim edə biləcəm. Hazırkı sualınıza qayıdacam, amma hələlik məni olduqca narahat edən bir məsələnin üzərində dayanmaq istərdim. Üç hüquq sistemi var: roman-german, anqlo-sakson və müsəlman hüquq sistemi. Sekulyarizmə, yəni dindarlığın fərdi bir iş olduğuna, dövlət-cəmiyyətin həyatında ciddi rola malik olmamasının zəruruliyinə inandığımdan, müsəlman hüquq sistemi üzərində dayanmağı məqbul hesab etmirəm. Yer üzündə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə əsəsən ya roman-german, ya da anqlo- sakson hüquq sistemi mövcuddur. Araşdırmalarım nəticəsində belə qanaətə gədim ki, bizdə bu iki hüquq sisteminin heç biri bərqərar olmayıb. Ayrıca olaraq Azərbaycan hüquq sistemi mövcuddur ki, bu da son dərəcə anormaldır.  Bundan başqa, hamımıza məlumdur ki, ölkə hakimiyyəti  üç dövlət hakimiyyəti qoluna, yəni qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünür. Başqa sözlə desək, bu, hakimiyyət bölgüsü istilahı altında da tanınır ki, nəzəriyyə olaraq Con Lokk, termin kimi Monteskyö tərəfindən irəli sürülüb. Xoşdur ki, həmin hakimiyyət bölgüsü prinsipi Azərbaycan Konstitusiyasında da bərqərar olub. Lakin məsələnin bir başqa tərəfi də var: ölkəmizdəki məhkəmə hakimiyyətinin başının üzərində Domokl qlıncı asılıb ki, bunun da adı – Məhkəmə Hüquq Şurasıdır. Belə çıxır ki, bütöv məhkəmə hakimiyyətinin üzərində hakimiyyətin digər  qolunun-icra hakimiyyətinin bir vinti, Ədliyyə Nazirliyi  nəzarət edir. Bu, həm də bilirsiniz nə deməkdir? Konstitusiyanın kobud surətdə pozulması. Bax, bu və buna bənzər hüquqi proseslər qələmə aldığım yazının ana xəttini təşkil edəcək. Hələlik, bu qədər.

– Ümumiyyətlə, hüquq mühafizə orqanlarında sizin kimi indiki sistemdən narazı olanlar, istefa verməyə hazır olanlar varmı və onlara üz tutub nə demək istərdiniz?

– Hüquq-muhafizə orqanlarında təmasda olduğum qabiliyyətli, bilikli, imkanları həddində vicdanlı olmağa səy edən,  vətənə və dövlətə bağlı  saysız-hesabsız əməkdaş var. Bilrsinizmi, mənimçün vicdan insanın bilavasitə həqiqi bildiyi şeyi tapmasına kömək etməsidir. Bu mənada, axtardığımı tapmışam. Hüquq-muhafizə orqanlarının əməkdaşlarına, məni tanıyan və tanımayan əməkdaşlara isə heç bir xüsusi çağırış etmədən bunu demək istəyirəm: Nə edirsinizsə, edin, amma yalnız vıcdana istinad edin. Norveçli dramaturq Henrik İbsen söyləyib: “Təmiz  vicdan ən rahat yastıqdır”. Odur ki, saf vicdana sahib olun ki, gecələr yaxşı yatasınız…

– Ölkədə prokurorluq orqanlarının MTN-ə, DİN-ə, Gömrük Komitəsinə və Vergilər Nazirliyinə nəzarəti, həqiqətən, mövcuddurmu?

-Bu barədə artıq bir fikir söyləmədən göstərirəm ki, iki ay öncə Milli Təhlükəsizlik Nazirliyində baş verənlər və hələ də davam edən proses bütün suallara tam aydınlıq gətirir… Məlum oldu ki, bu nazirlik milli təhlükəsizliyi savunmaqdan savayı, istənilən işlə məşğul olub. Hər halda bu və buna bənzər hallar nəzarətin yox, nəzarətsizliyin doğurduğu məsələlərdir.

– Siyasi iddianız varmı?

– Şəxsi planda hər hansı siyasi kürsüyə iddiam yoxdur. Lakin ümumi mənada iddia və marağım odur ki,  həm yuxarıda qeyd etdiyim siyasi-hüquqi problemlər, həm də zaman-zaman dilə gətirəcəyim digər problemlər cəmiyyət və dövlət həyatında aradan qaldırılmalıdir. Baxın, demokratik və hüququn aliliyinin hakim kəsildiyi dövlətlərdə yerli özünüidarətmə, yəni bələdiyyələr sərbəst və optimal qurum olaraq fəaliyyətdədirlər. 17 ildir ki, Azərbaycanda bələdiyyələr yaradılıb, amma, deyəsən, anadan ölü doğulublar. Yerlərdə bələdiyyər formal olaraq mövcuddur. Mən sizi əmin edirəm, hər bələdiyyə seçkilərində müəllim, həkim, mühəndis və s. peşə sahiblərini pul ilə ələ alıb, seçkilərdə iştirak edib, üzv seçilməyə sövq edirlər. Hər il dövlət büdcəsindən cüzi də olsa, bələdiyyələrə dotasiya ayrılır. İnanın ki, bələdiyyənin hesablaşma hesabına keçər-keçməz yerli icra hakimiyyətləri qapazlayıb alırlar! Nəzər salın Parlamentə. Qanunverici orqanın müxalifətsiz duruma salınması nə deməkdir? Psevdomüxalifətçiləri yığıb töküblər ora. Bəs yaxsı bu binəva millətin sözünü kim deyəcək? Kim?! Əvvəlki tərkibdə xalqın dərdini dilə gətirə biləcək 1-2 millət vəkili vardı, bu dəfə, ümumiyyətlə, muxalif fikir ifadə edə biləcək bir kimsə yoxdur…

– Eldar Sabiroğlunun oğlu olmaq, onu bu sistemin qurucularından olmasında qınamğa mane olmur ki?

– Zamanında Eldar Sabiroğlu və silahdaşları tamam ayrı bir sistem, cəmiyyət qurmaq üçün çalışdılar. Lakin təəssüf ki, zamanla idealistlər və onların  görüşləri yerimədi…

– Sizcə, hazırkı siyasi hakimiyyətin Azərbaycanı yenidən düzəltmək şansı varmı, yoxsa gedərlərsə, necə getməlidirlər?

– Bütün dövrlərdə belə olub: hakimiyyət xalqa qarşı bir xoşməramlı addım atırsa, xalq buna uyğun iki addım atır. Mən məsləhət görərdim ki, hakimiyyət xalqla işbirliyində olsun, belə də hər iki tərəfə fayda, əks təqdirdə isə arzu etmədiyimiz zərər olacaq. Eyni zamanda, tarixdə istənilən dəyişiklik ya inqilab, ya da təkamül yolu ilə baş tutub. İnqilab nədir? Klassik mənada, inqilab zorakı ictimai çevrilişdir. Bu, mənim kitabımda yoxdur və metod olaraq cəmiyyəti irəliyə deyil, geriyə apardığının fərqindəyəm. Bunun bariz nümanəsini dünya və regionda baş verən proseslərə nəzər saldıqda görə bilərik. Hesab edirəm ki, toplum tədricən inkişaf yoluna qədəm qoyub, təbii-mülki cəmiyyət halına gəlməlidir. Süni vəziyyət-inqilab, mənə görə, əldə olunan nailiyyətlətin də üzərindən xətt çəkib, xoşagəlməz hallar doğurur. Dünyadakı cərəyan edən proseslərə nəzər salsaq, bunun şahidi olarıq. Ümid edirəm ki, vətəndaşlarımız, insanlarımız hələ ki, gec olmadan doğru qərar qəbul edib, hərəkətə keçəcəklər. Biz dağıdıcı olmayan yollarla bu ölkədə dəyişikliklərə nail olacağıq.

– Neft qiymətlərinin enməsini, hakimiyyətin belə bir böhrana girməsini gözləyirdinizmi?

– Deyilirdi ki, Azərbaycanın tərəqqisi təkcə neftdən asılı deyil. Eləmi? Bəs nə oldu? Beş yüz milyarddan çox vəsait getdi qeyri-şüuri varlığa. Azərbaycanlı şüuru bundan tamam kənarda qaldı. Sual olunur: Biz gələcək nəsillərin gözlərinə necə baxacağıq? Çox yəqin ki, bizi həqarət obyektinə cevirəcəklər. Bu millət bu qədər binəvadırmı? Diqqət: Bütöv milləti aldada bilmərik! Sonuna qədər!!!

– Dediniz, beş yüz milyarddan çox vəsait getdi qeyri-şüuri varliğa…

– Bəli, yəni daş, divar, rüşvət, korrupsiya, yerlibazlıq, bir sözlə, traybalizm!

 Sizcə, ölkədə baş verənlərə görə əsas günahkarlar kimlərdir?

-YAP hakimiyyəti!

– Daha konkret desək?..

-Bundan konkret ifadə etmək mümkün deyil. YAP hakimiyyətinin tamamı ölkənin bu durumunun müəllifidir.

– İlham Əliyevə müraciət şansınız olsaydı, nə deyərdiz?

– Cənab Prezident, ətrafınızda olan, Sizə məlumat verən məmurlar olduqca yalancıdırlar. Sizi pis vəziyyətə salsa, ətrafınızda olan harın və nakəs məmurlar salacaq. Ölkənin düşüncə insanları həbsdədir! Xədicə İsmayıl, İntiqam Əliyev, İlqar Məmmədov, Rəsul Cəfərov, Hacı Tale. Adı yadıma düşməyən insanlar məni əfv etsin. Cənab Prezident, bu insanlar və onların həmfikirləri bu dövlət və millət üçün çalışanlardır. Mən Zərdab rayon prokurorluğunda işləyərkən aylıq əmək haqqım kifayət qədər idi. Maddi baxımdan hər hansı narazılığım yox idi. Sizi inandırım ki, fəaliyyət göstərdiyim sistemdə irəli çəkilmək üçün qabiliyyət, bilik yetərli deyildi. Bir müstəntiq olaraq tab gətirə bilmədim. Dözmədim. İnanın mənə. Belə davam edə bilməz. Bu millət yazıqdır. Son söz olaraq demək istəyirəm ki, mən xalqımı sevirəm. Özümü dərk etdiyim gündən. Bu millət bu gunu haqq etməyib! Bəs yaxşı… mən deməyim, o deməsin… Bəs kim desin? Axi biz bu xalqın övladıyıq! Sual verirəm, bu millətə sahib olaq, ya yox?

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.