haberL haberR

Alıcı da qiymətlərdən narazıdır, satıcı da... – Reportaj

Kateqoriya: Reportaj Yayımlama tarixi: 21.06.2016 15:53:45

Yay fəsli meyvə-tərəvəzin bol olduğu vaxt olduğuna baxmayaraq, bu il onları dadmaq çoxları üçün müşkül məsələyə çevrilib.

Bazarlarda meyvə çox olsa da, onların qiymətləri “əl yandırır”.
Kəllə-çarxa çıxan qiymətlərin düşəcəyi gözlənilmir.
Modern.az saytının əməkdaşları yayın istisindən “başı gicəllənən” qiymətləri əyani görmək və göstərmək üçün “Yaşıl bazar”da olub.
Bazarda olan satıcılar, alıcı qıtlığından şikayətləniblər.
Satıcı Fatma Hüseynovanın sözlərinə görə, qiymətlər keçən ilkindən xeyli fərqlənir.
O bildirib ki, əhalidə bahalaşan meyvələri almağa pul yoxdur. Alıcı qıtlığından şikayətlənən satıcı deyib ki, insanların kredit borclarının olması bazarlara da təsir edir.
“Dollar bahalaşandan sonra da dollarla krediti olanların borcu daha da artıb. Bilmirlər ki, kredit ödəsinlər, ya gəlib bazarlıq etsinlər. Hamı qış fəslinə görə tədarük görmək istəyir. Amma bunun üçün gərək pul olsun ki, meyvə alandan sonra gedib mürəbbə bişirsinlər. Mürəbbəyə isə həm də şəkər tozu lazımdır”
Satıcı Rasim Əliyev də etiraf edir ki, bu il meyvə-tərəvəzin qiyməti bahadır.
“Əvvəlki, illərlə müqayisədə alıcılıq qabiliyyəti çox azalıb. Əgər iş yeri çox olsa, əhali də qazanc götürər, təbii ki, bizim də alverimiz çox olar. Bizə də çox çətin olur, gündəlik müəyyən qədər alver etməliyik ki, bazarın yer pulunu verək. Mən əvvəllər Rusiyada bazarda işləmişəm, orada alıcılıq qabiliyyəti buradan yüksəkdir. Burda alıcılar piştaxtaya yaxınlaşanda sevinirik. Onlar da qiyməti soruşurlar, ciblərinə uyğun olmadığını biləndən sonra uzaqlaşırlar.”
Alıcı Etibar Abbasov evinə bazarlıq etmək istəsə də, qiymətlər cibinə görə deyildi.
“Bazardakı qiymətlər məni qane etmir. Qiymətlər çox bahadır. İstədiyimiz meyvələri ala bilmirik. Ailəmiz kiçikdi, bazarlıq etmək üçün ən azı 30 manat lazım olur. Amma buna da gücümüz çatmır”.
Digər alıcı Anar Vəliyevin isə deyəsən imkanı o qədər də pis deyildi.

“Burada gəzib keyfiyyətli və qiyməti münasib olan məhsulu almağa çalışırıq. Keçən ilki qiymətlərlə müqayisədə cüzi fərqlər var. Mən elə düşünürəm ki, bunun səbəblərindən biri də manatın dollar qarşısında zəifləməsidir. Çalışırıq ki, hər meyvədən müəyyən qədər alaq. Bazara hər gələndə ortalama 30-40 manat xərcləməli oluruq”.

Bazardakı ümumi vəziyyət isə belədir:

Gilas- 1 kq - 2manat
Alma – 1 kq - 1manat
Alça- 1 kq - 2.50 manat
Gilənar - 1 kq - 3.5 manat
Ərik - 1 kq - 3 manat
Çiyələk – 1 kq - 2 manat
Şaftalı - 1 kq - 4 manat
Xiyar – 1 kq - 80 qəpik
Pomidor – 1 kq - 1.60 manat
Badımcan – 1 kq - 50 qəpik
Lobya – 1 kq - 50 qəpik
Kartof - 1 kq – 80-90 qəpik
Soğan -1 kq – 60 qəpik
Qarpız – 1 kq 50 qəpik
Yemiş – 1 kq - 1.50 manat

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.