haberL haberR

Alim qapısı ilə müğənni qapısını səhv salan böyüklərimiz

Kateqoriya: Münasibət Yayımlama tarixi: 27.05.2016 14:58:16

Vaxtı ilə övladının əlindən tutub İbn Sinanın qapısına aparan böyüklərimiz, indi müğənni qapısında saatlarla növbə çəkirlər.

Xalq kimi çox qədim tarixə malik olmağımız, adət- ənənələrimizə, milli-mənəvi və dini dəyərlərimizə sadiqliyimiz, bizi digər millətlərdən fərqləndirib. Bizi həm də bəşəriyyətə yetişdirdiyimiz dahilər bir addım öndə edib. Bəli Azərbaycan xalqı dünyaya istər elm, istər mədəniyyət, istər musiqi, istərsə də texnologiya sahəsində öz sözünü deyən dahilər bəxş edib. Nizamilər, Fizulilər, Hacıbəyovlar, Lütfizadələr məhz bu xalqın içində yetişərək dünya elm, musiqi, mədəniyyət sahələrinə öz töhfələrini veriblər. Hətta çox da uzaq olmayan sovet hakimiyyəti illərində belə sözün əsl mənasında istedadlı insanlar yetişdirən Azərbaycan xalqı artıq bu ənənəsini yavaş-yavaş unudur. Uzun illərdir ki, dünyaca məşhur dahilər yetişmir. Əlbəttə bu mövzu zaman-zaman həm elm adamlarının, həm kütləvi informasiya vasitələrinin, həm də ictimaiyyətin diqqətini cəlb edib. “Niyə Azərbaycan xalqı artıq dahilər yetişdirə bilmir”? sualına müxtəlif cavablar verilib. Təbii ki, bu suala müxtəlif variantlarda, müxtəlif səbəb və arqumentlər gətirərək cavab vermək olar. Əslində bu suala təktərəfli deyil, əksinə məhz müxtəlif aspektlərdən yanaşaraq cavab vermək lazımdır. İlahiyyatçı-yazar Fizuli Şəfiyev də bu mövzu ətrafında düşünərək, müəyyən bir nəticəyə gəlib. İlahiyyatçı sualın cavabını özünəməxsus arqumentlərlə maraqlı və dolğun şəkildə öz facebook səhifəsində açıqlayıb. Fizuli Şəfiyevin verdiyi cavab cəmiyyəti ciddi şəkildə düşşünməyə sövq edir.

İslaminSesi ilahiyyatçının şəxsi Facebook səhifəsində mövzuya aid paylaşımını təqdim edir: “Hərdən sual verirlər ki, indiki zamanda İbn Sina, Nəsirdəddin Tusi kimi dahilər niyə az yetişir? Hətta yaxın sovet dövrünün yetişdirdiyi elm, sənət adamlarını indiki mühitdə niyə yetişdirə bilmirik? Deyirlər o zaman atası İbn Sinanın əlindən tutub onu zamanının ən yaxşı riyaziyyatçısının yanına aparır, soraqlaşıb ən yaxşı müəllimləri tutur. Eləcə də İbn Sina alim kimi yetişdikdən sonra digərləri uşaqlarının əlindən tutub elm kəsb etmək üçün İbn Sinanın qapısına gəlirlər. Bu faktlar orta əsrlərdə sənətə, elmə böyük dəyər verildiyini göstərir. Uşaqlarının əlindən tutub dahi rəssamların, elm adamlarının qapısına üz tutanlar, o insanlarla görüşməyi, həmsöhbət olmağı arzu edənlər çox olub”

Fizuli Şəfiyevin fikrincə indi mənzərə tamam fərqlidir: “Bu yazını yazarkən uşaqlarının əlindən tutub televiziya kanallarına üz tutan, onları müğənni görmək istəyən valideynlərin necə iztirab və arzularla növbə çəkdiklərinə baxıram. ATV kanalına gələn nənələr, xalalar, babalar - bütün valideynlər uşaqlarını hansısa "dahi" müğənninin əlinə tapşırmaq, tez pula çatdırmaq üçün həsrətlə növbələrini gözləyirlər. Bütün ölkəni qarış-qarış gəzərək gəzərək səsi olanları kəşf edir, əlinə mikrafon verib "adamlar" sırasına qoşmağa çalışırlar. Müğənnilərin efir məkanını işğal etdiyi, alimlərdən öndə durduğu, daha çox ehtiram edildiyi bir ölkənin elm dahisi yetişdirməsi mümkündürmü?

Statusdan da göründüyü kimi Fizuli Şəfiyev həm sualın cavabını açıqlayıb, həm də cəmiyyətə düşünmək mesajı ötürüb. Ümid edirik ki, dahilər yetişdirməyimizə əngəl olan səbəblər aradan qaldırılacaq və Azərbaycan xalqı yenə də öz ənənəsini davam etdirərək dünyaya əvəzolunmaz istedadlar bəxş edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.