haberL haberR

Alptəkin Dursunoğlundan Türkiyə-Suriya-İran təhlili, əvvəlindən bu günə

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 18.09.2015 12:21:57 4478 dəfə oxunub.

Yəmən və Liviya modeli Suriyada müvəffəqiyyətsiz oldu

"Amerika və bölgədəki müttəfiqləri "Suriyanın Dostları Qrupu" vasitəsiylə Suriyada Yəmən və Liviya modelini tətbiq etmək istəsə də bu işdə müvəffəqiyyətli ola bilmədi". Bu sözləri Türkiyənin tanınmış tədqiqatçı və yazıçı Alptəkin Dursunoğlu müsahibəsində bildirib. 

İslamazeri.az olaraq Yaxın Şərq üzrə mütəxəssis və Yakın Doğu Haber (YDH) saytının baş redaktoru Alptəkin Dursunoğlunun Suriya böhranındakı son nöqtəni, müvəqqəti hökumətin Türk siyasətindəki təsirini və İran ilə Türkiyə arasında regional mövzulardakı əməkdaşlığını təhlilini təqdim edirik.

- Hörmətli Dursunoğlu, Türkiyənin 7 iyun seçkiləri sonrası Suriya böhranı ilə əlaqədar mövqeyində bəzi dəyişikliklər yaşandı deyə bilərikmi?

Türkiyə-Suriya mövzusunda, böhranın başladığı mart 2011 ilə 9 avqust 2011 tarixləri arasında ən təyinedici ölkə olaraq görülürdü. Çünki, böhranın əvvəlində Ankara ilə Şam arasında ortaq nazirlər kabineti yığıncaqlarının təşkil edildiyi bənzərsiz bir əlaqə var idi və Türkiyənin bu əlaqəsindən istifadə edərək Suriya böhranının həllində təsirli olması gözlənilirdi.

Ancaq Ankara Şamla olan bu əlaqəsini Suriyanın və bölgənin lehinə deyil, qərbli və Ərəb müttəfiqlərinin lehinə və öz mənfəətinə uyğun istifadə etməyə çalışdı. O dövrdə həm müxaliflərlə, həm də Şamla yaxşı əlaqələrə sahib olmasına baxmayaraq ikitərəfi uzlaşdırmağa çalışmaq yerinə, müxaliflərin "İnqilab" hədəfinə dəstək verərək Şam əleyhinə bir siyasət yürütdü.

O dövrdə Şam rəhbərliyinin bir neçə ay içərisində devriləcəyini düşünən Ankara, Qətərlə birlikdə müxalifləri təşkilatlandırıb, bu inqilaba liderlik etmək və Suriyada öz nüfuzu altında olacaq bir rəhbərlik qurmaq istədi. Dövrün xarici işlər naziri Əhməd Davudoğlunun islahat təklifi adı altında suriyalıların boynuna qoyduğu şey bu idi: "İqtidarınızı mərhələli olaraq bizim təyin etdiyimiz müxaliflərə təhvil verin, bu iş qansız bir şəkildə bitsin." Suriyalılar bunu qəbul etmədikləri üçün Davudoğlunun 9 avqust 2011 tarixindəki Şam ziyarəti müvəffəqiyyətsiz oldu və Türkiyə yavaş-yavaş Suriya mövzusundakı təyinedici rolunu itirməyə başladı.

Bu tarixdən sonra Türkiyənin rolunu o dövrdə Ərəb Birliyinə liderlik edən Qətər götürdü. Ərəb Birliyi də Şama Yəmən düsturuna söykənən bir "inqilab" təklif etdi. Ərəb Birliyinin həll təklifinə görə Bəşər Əsəd eynilə Əli Abdullah Saleh kimi səlahiyyətlərini köməkçisinə buraxaraq çəkiləcək, Qətər və Türkiyənin təşkilatlandırdığı müxaliflər mərhələli olaraq iqtidarda olacaq və Suriyada qansız bir inqilab reallaşacaqdı.

Şam bu təklifi qəbul etməyincə Liviya modelinə söykənən bir inqilab üçün 5 fevral 2012-də BMT Təhlükəsizlik Şurasına getdilər, amma Rusiya və Çinin vetosu planlarını pozdu. Bunun üzərinə də Buşun İraqı işğalını model alaraq 21 fevralda "Suriyanın Dostları Qrupu"nu qurdular və BMT xaricində bir beynəlxalq cəhdlə Suriyada Bəşər Əsədi devirməyə çalışdılar. Əlbəttə "Dostlar Qrupu" Buş kimi Suriyaya birbaşa hərbi müdaxilə etmək yerinə daha xərcsiz bir üsul tətbiq etdi. Dünyanın hər tərəfindən yığdıqları terrorçuları və silahlandırdıqları suriyalıları istifadə edərək bir hakimiyyət müharibəsi başlatdılar.

Türkiyə 9 avqust 2011-dən sonra bu müddətlərdə təyinedici deyil, Qətər, Səudiyyə ƏrəbistanıABŞ-ın aldığı qərarlara dəstək verən bir rola sahib ola bildi. Amerikalılar suriyalı müxaliflərin təşkilatlanması rolunu Qətər və Türkiyəyə vermişdi. 2011-ci ilin sentyabr ayında İstanbulda qurulan Suriya Milli Şurası və eyni dövrdə Hatayda qurulan "Azad Suriya Ordusu" Qətər və Türkiyənin nüfuzu altında idi.

ABŞ liderliyindəki "Dostlar Qrupu" 18 iyul 2012-də Şamdakı milli təhlükəsizlik binasına təşkil edilən hücum ilə müdafiə naziri Davud Raciha da daxil olmaqla bütün suriyalı təhlükəsizlik səlahiyyətlilərini öldürüb hakimiyyət müharibəsini başlatdılar.

 

Davudoğlunun 24 avqust 2012-də Suriya hökumətinin çöküşü üçün artıq aylar deyil, həftələr qaldığına dair şərhi göstərir ki, eynilə Liviyada olduğu kimi ildırım əməliyyatı tipində bir inqilab planlaşdırılmışdı.

 

Ancaq planları boşa çıxdı. Nə xalq onların təşkilatlandırdığı müxaliflərə qatıldı, nə də bir neçə həftə içərisində inqilab oldu. Hakimiyyət müharibəsi bir dağıtma müharibəsinə çevrilməsi, Amerikanın Suriya mövzusundakı liderliyi Qətər və Türkiyədən almasına səbəb oldu. Amerikalılar 11 noyabr 2012-də Suriya Milli Koalisiyasını 7 dekabr 2012-də də ASO baş qərargahını quraraq bu işi Qətər və Türkiyədən alıb Səudiyyəyə verdi.

Bu uzun girişi etməkdən səbəb budur: Türkiyə sadəcə 9 avqust 2011-ə qədər Suriya mövzusunda təyinedici bir rola sahib ola bildi. Ondan sonrakı müddətlərdə Ankaranın rolu ya Qətər liderliyindəki Ərəb Birliyinə ya da Səudiyyəlilərə köməkçilik etməklə məhdud qaldı. Sualınızın cavabına gəlincə, Türkiyənin 7 iyun seçkiləri əvvəlində və ya sonrasında Suriya mövzusunda siyasət dəyişdirməsinin, ya da buna davam etməsinin heç bir dəyəri və ya mənası yoxdur. Çünki Türkiyə "Dostlar Qrupu" içərisində qərarverici mövqedə deyil, verilən işləri yerinə yetirən xidmətçi mövqeyindədir.

- Ötən günlərin birində cənab Davudoğlu Baş nazirliyində Türkiyəni seçkiyə aparacaq müvəqqəti hökumət quruldu, bu qısamüddətli hökumət boyunca Türkiyənin bölgə siyasətlərində bir dəyişiklik olarmı?

Müvəqqəti hökumət 2 aylıq olacağı üçün onsuz da icraçı bir hökumət deyil, yalnız kağız üstündə bir hökumət olacaq. Yəni Suriya mövzusunda qərarverici olmayan Türkiyənin, qərarverici ola bilməyən hökumətinin izləyəcəyi siyasəti danışmaq da mənasızdır.

- İran və "P5+1" Qrupu arasında əldə edilən nüvə razılaşması və Türkiyədəki son siyasi görüntüyə görə iki ölkə arasında Suriya böhranının barışcıl bir həllə qovuşdurulması üçün əməkdaşlıq edilə bilərmi?

Az öncə də söylədiyim kimi, Türkiyənin Suriya mövzusunda içində iştirak etdiyi "Dostlar Qrupu"nun tutumuna təsir edə biləcək bir rolu da, mövqeyi də yoxdur. Amma İran və Rusiyanın Suriya probleminin həllinə dair təklifləri "Dostlar Qrupu"na liderlik edən Amerikanın mövqeyini dəyişdirə bilər.

Çünki 2013-cü ilin sentyabr ayından etibarən Amerika hakimiyyət müharibəsinin idarəsini itirib. 7 dekabr 2012-də qurduğu ASO baş qərargahını meydana gətirən silahlı qruplar buradan ayrılaraq İslami Cəbhə adlı yeni bir təşkilat qurdular. 11 noyabr 2012-də ABŞ liderliyində qurulan Milli Koalisiyanı da tanımadıqlarını elan etdilər.

Amerika artıq hərbi liderlik üçün qurduğu ASO-nun sadəcə bir görüntü olduğunu, siyasi liderlik üçün qurduğu Milli Koalisiyanın isə heç kim tərəfindən ciddiyə alınmadığını bilir. İŞİD-in 2014-cü ilin iyununda İraqın Neynəva və Səlahəddin ərazilərini ələ keçirməsi sonrasında Suriyada da artıq sadəcə ABŞ-ın terror siyahısındakı qrupların fəaliyyəti əsas mövzudur. ABŞ prezidenti Barak Obama bu həqiqəti gördüyü üçün "Suriyada mülayim bir müxalifət yaratmaq sadəcə fantaziyadır", dedi. Digər yandan 11 sentyabr 2014-cü ildəki Ciddə toplantısında, əslində "Dostlar Qrupu"nun İŞİD əleyhdarı beynəlxalq bir koalisiyaya çevrilməsinin qərarı alındı.

Amerikalılar artıq Suriyada hökumət devirmə hədəflərinin olmadığını və prioritetlərinin terrorla mübarizə olduğunu etiraf edirlər. Türkiyə Ciddə qərarına imza atmayaraq və Amerikanı suriyalı müxaliflərin təlim keçirib silahlandırılmasına məcbur edərək "Dostlar Qrupu"nun terrorla mübarizə koalisiyasına çevrilməsinə mane olmağa çalışdı. Ancaq Amerika təlim-təchiz proqramındakıların Suriya ordusu ilə deyil, sadəcə İŞİD-lə döyüşəcəyini ifadə edərək hətta Ankaranın israrını davam etdirməsi halında bu proqramı ləğv etməklə təhdid edərək Türkiyənin təzyiqlərinə boyun əymədi.

Türkiyənin təzyiqlərini davam etdirməsi isə amerikalıları Ankaraya son zərbəni vurmağa məcbur etdi. Bu zərbə "Kürd kartı" idi. Amerikalıların PYD-i terrorla mübarizədə özünə ortaq olaraq görməsi və əvvəl Kobaninin, ardından da Təl-Əbyadın kürdlərə verilən dəstəklə geri qaytarılması, Ankaranı təslim olmaq məcburiyyətində qoydu.

Türkiyənin Suriya sərhədi boyunca üç bölgədə muxtar rəhbərlik quran PYD-i, PKK-ın Suriya qolu olaraq görən Ankara, Amerikanın kürdlərlə qurduğu bu əlaqənin öz sərhədində bir "PKK dövlətiylə" nəticələnməsindən ehtiyat ettdiyi üçün Amerikaya müqavimət göstərməkdən imtina etdi və Əncirlik Hərbi-Hava Bazasının İŞİD-ə qarşı istifadə edilməsinə icazə vermək məcburiyyətində qaldı.

11 sentyabr 2014-dəki Ciddə yığıncağından bəri Amerikanın Suriyada inqilab yerinə terrorla mübarizəyə prioritet verməsinə qarşı çıxan tək ölkə olan Türkiyənin də Amerikanın terrorla mübarizə prioritetinə təslim olması, Rusiya və İranın Suriyada siyasi həll təklifinin şansını artırır. Rusiya prezidenti Vladimir Putinin terrorla mübarizə üçün Suriyanın da daxil olduğu bir beynəlxalq koalisiya qurulması təklifi ilə eyni vaxtda Suriyada siyasi həll cəhdlərinə şahid oluruq.

Amerika terrorla mübarizə prioritetində həqiqətən səmimidisə Putinin bu təklifinə bəli deyərək İraqda İraq ordusu və Peşmərgə ilə birlikdə, Suriyada da Suriya ordusunu özünə ortaq olaraq qəbul etməkdən başqa variantı yoxdur. Amerikanın belə bir addım ata bilməsi İran və Rusiyanın Suriyada siyasi həll planına dəstək verməsiylə mümkündür. Əslində bunun üçün də çox böyük bir şeydən imtina etməsi lazım deyil. Cenevrə-1 bildirişindən "Bəşər Əsəd çəkilməlidir" ön şərtini ləğv edərək qəbul etməsi kifayətdir.

Bütün bölgəni təhdid edən terrorun ləğv edilməsi, onu yaradan şərtlərin ləğv edilməsi ilə mümkündür. 2010-cu ildə yox olmaq üzrə olan İraq əl-Qaidəsini 2014 iyununda İraq və Suriyada Livan böyüklüyündə bir sahəyə sahib bir "Xilafət" dövlətinə çevirən təməl faktor 2011-dəki Suriya böhranı oldu.

Suriya böhranı həll edilmədən terrorla mübarizə edilə bilməyəcəyinə və Suriya böhranının da hərbi bir həllinin olmadığı 5 il içərisində aydın olduğuna görə, edilməsi lazım olan tək şey Suriyada siyasi həllə maneə törədən ön şərti ləğv etməkdir.

Beynəlxalq sahədə belə bir uzlaşma olarmı-olmazmı bunu indidən söyləmək çətindir; ancaq qəti olan budur ki, bölgənin gələcəyini təyin edəcək qərarları ala biləcək vəziyyətdə olanlar beynəlxalq sahədə Amerika və Rusiyadır, bölgədə isə İran və Səudiyyə Ərəbistanıdır.

Türkiyəyə isə 5 ildir izlədiyi bölgə siyasətləri səbəbiylə bu ölkələrin qəbul edəcəyi qərarlar hər nə olursa olsun, özünə verilən vəzifəsi yerinə yetirməkdən başqa bir rol düşmür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.