haberL haberR

Aprel döyüşləri: tamam, yoxsa davam?

Kateqoriya: Təhlil Yayımlama tarixi: 19.04.2016 13:07:37

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cəbhədəki son döyüşlərlə bağlı təhlil və öz fikirlərini yazıb

İslamazeri.az-a QAT-dan daxil olan yazını təqdim edirik:

"Aprel döyüşləri: tamam, yoxsa davam?

I

2-5 aprel döyüşləri ərəfəsindəki vəziyyət

1. Azərbaycan dövlət başçısı və digər rəsmilər səviyyəsində danışıqların heç bir nəticə vermədiyini, beynəlxalq təşkilatların ədalətsiz mövqe tutduqlarını açıq şəkildə bəyan edir, vasitəçiləri kəskin şəkildə tənqid edirdi.

2. Ermənistan barışmaz mövqedən çıxış edir, Azərbaycan tərəfini guya danışıqlar prosesini pozmaqda ittiham edir, Azərbaycanı yeni işğal hərəkətləri ilə hədələyir, kompromis ehtimalını yaxına da buraxmır, güclü müdafiə xəttinin olması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması ilə öyünür, Dağlıq  Qarabağdakı qondarma rejimin dünyada tanıtdırılması üçün intensiv cəhdlər edirdi.

3. Beynəlxalq təşkilatlar, vasitəçi qurumlar, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri danışıqlarda Dağlıq Qarabağdakı qondarma rejimin statusu məsələsini qabardır, digər məsələləri, o cümlədən işğalın nəticələrinin aradan qaldırılması, yəni status-kvonun dəyişdirilməsi məsələsini status məsələsindən asılı vəziyyətdə saxlamağa çalışır, atəşkəsin qorunub saxlanmasını ən vacib məsələ hesab edir, tam ermənipərəst mövqe tuturdular. Böyük dövlətlər münaqişənin həllini ləngidir, mövcud vəziyyətdən öz maraqları üçün daha çox yararlanmağa çalışırdılar.

4. Azərbaycanda belə bir fikir geniş yayılmışdı ki, əgər Azərbaycan hərbi əməliyyatlara cəhd edərsə, beynəlxalq təşkilatların sanksiyaları, böyük dövlətlərin təzyiqlərinə məruz qala bilər, bəzi dövlətlər, birinci növbədə Rusiya Ermənistana açıq dəstək verər, Dağlıq Qarabağdakı qondarma rejimin tanınması prosesinə start verilə bilər. Hərbi əməliyyatların Azərbaycan üçün yeni təhlükələr yaradacağı, cəmiyyətin hansı əhval-ruhiyyədə ola biləcəyi, hansı reaksiyanı verə biləcəyi ilə bağlı müəyyən tərəddüdlər var.

 

II

Hərbi əməliyyatların başlanması və gedişi

1. İşğalçı Ermənistan beynəlxalq təşkilatların və bəzi dövlətlərin onları müdafiə edəcəyinə arxayn olaraq, həmçinin Azərbaycan ərazilərinin daha bir hissəsini ələ keçirərək danışıqlarda üstünlüyü ələ almaq, Azərbaycanı daha ciddi güzəştlərə məcbur etmək məqsədilə bütün cəbhə boyu hücuma keçdi.

2. Azərbaycan Ordusu düşmənin ilk həmləsini dəf edərək, əks-hücuma keçdi, 4 gün ərzində düşməni ağır itkilərə məruz qoyaraq, bəzi qeyri-rəsmi məlumatlara görə 30-40 km eninə və 10-12 km dərininə olmaqla irəlilədi, 5-10 yüksəkliyi, 3-5 kiçik yaşayış məntəqəsini düşməndən təmizlədi. Bu döyüşlərin əsas nəticəsi ondan ibarət oldu ki, düşmənin öyündüyü möhkəmləndirilmiş ön müdafiə xətti Azərbaycan hərbi birləşmələrinin təzyiqinə davam gətirə bilmədi və az vaxt ərzində darmadağın edildi.

3. Azərbaycanın dövlət rəhbərliyi çevik və məqsədyönlü siyasət yeritmək bacarığını, hərbi rəhbərlik yüksək döyüş hazırlığı və qalib gəlmək qüdrətini, əsgər və zabitlər fərdi qəhrəmanlıq nümunələri göstərdi. Azərbaycan cəmiyyəti ruh yüksəkliyi və fədakarlıq keyfiyyətlərini nümayiş etdirdi. Şəhidlik ən ali dəyər səviyyəsinə yüksəldi. Cəmiyyətin böyük əksəriyyətinə belə bir düşüncə hakim oldu ki, “şəhid verməsək torpaqlarımızı azad olmayacaq!”, “şəhid verməsək bir millət kimi mövcudluğumuzu qoruyub saxlaya bilməyəcəyik!”. Cəmiyyətin böyük bir qismi şəhid olmaq arzusu ilə yaşayır. Ölkədə bayrağa məhəbbət, bayraq sevgisi ən yüksək həddə çatdı.

4. Ermənistanda tam əks proseslər müşahidə olundu. Cəmiyyəti ruh düşgünlüyü və hakimiyyətdən narazılıq dalğası bürüdü, orduya inam ən aşağı səviyyəyə endi, Azərbaycana qarşı müharibənin və Azərbaycan torpaqlarının işğalda saxlanılmasının əhəmiyyətsizliyi və persrektivsizliyi fikri gücləndi. Ermənistan ordusunun zəifliyi və döyüş qabliyyətinin çox aşağı səviyyədə olduğu aydın şəkildə göründü. Ermənistanın beynəlxalq təşkilatların, bəzi dövlətlərin, KTMT- nin dəstəyinə olan ümidləri özünü doğrultmadı və tam iflasa uğradı. Ermənistan tam müttəfiqsiz olduğunu anladı. Ermənistan kömək üçün ənənəvi müttəfiqləri olan Rusiya, Fransa, hətta güclü lobbisinin olduğu ABŞ-a deyil, Almaniyaya üz tutdu, oradan da hər hansı dəstək ala bilmədi.

5. Beynəlxalq birliyin, ayrı-ayrı aparıcı dövlətlərin mövqelərinin Azərbaycan üçün münasib olduğu üzə çıxdı. Azərbaycanin ciddi müttəfiqlərinin olduğu aşkara çıxdı.

Beynəlxalq birlik tərəfindən Azərbaycanının haqlı mövqeyinə dəstək, Azərbaycanın haqlı tələbləriinin başa düşülməsi və rəğbətlə qarşılanması istiqamətində irəliləyiş hiss olundu. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya Azərbaycanın haqlı maraqlarının nəzərə alınması və bu yöndə “real danışıqların” başlanması zəruriliyini qəbul etdilər.

 

III

Aprel döyüşlərindən sonra prosesin inkişaf edə biləcəyi iki istiqamət

1. Azərbaycanın döyüş meydanındakı uğurlarından sonra məntiqlə başlaya biləcək birinci inkişaf istiqaməti: beynəlxalq təşkilatlar, böyük dövlətlər “real danışıqlar” yolunu tutur, Ermənistan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasına, həmin ərazilərin Azərbaycana qaytarılmasına nail olurlar. Bu, optimal yoldur və beynəlxalq təşkilatların gücü daxilindədir. Bunun üçün hərtərəfli şərait yetişib. Beynəlxalq təşkilatlar, böyük dövlətlər münaqişənin asan və itkisiz həllini doğrudan da istəyirlərsə, bu yolla getməlidirlər.

2. Beynəlxalq birlik, böyük dövlətlər Aprel döyüşlərinin yekunlarından düzgün nəticə çıxararaq dinc nizamlanma yolunu tutarsa, bu, hər kəsin xeyrinə olar. Amma Azərbaycan tam ehtiyyatlı olmalı, yarımçıq addımların atılmasına imkan verməməlidir. Məsələ Dağlıq Qarabağın və ətraf rayonların eyni vaxtda və qeyd-şərtsiz azad olunması şəklində qoyulmalıdır. Dağlıq Qarabağa Azərbaycanın sərhədləri xaricində hər hansı statusun verilməsinə heç bir halda razılaşmaq olmaz. Məsələ konkret və aydın şəkildə öz həlini tapmalıdır: Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağ və digər ərazilərdən dərhal çıxarılmalı, həmin ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunmalıdır.

3. Dinc nizamasalma prosesində iki təhlükəli məqam diqqətdə saxlanılmalıdır:

a) Vasitəçilər obyektiv təkliflərlə çıxış edə, lakin nəticənin əldə olunmasında maraqlı olmaya bilərlər. Burada təhlükə vaxtın suni şəkildə uzadılması ilə bağlı ola bilər. Bununla vaxtı uzadıb, Azərbaycan dövlətini və cəmiyyətini yenidən arxayınlaşdıra, mövcud vəziyyəti qoruyub saxlamağa cəhd edə bilərlər. Ona görə də Azərbaycan bu varianta imkan verməməli, danışıqlar üçün konkret müddət müəyyənləşdirməlidir.

b) Digər təhlükə bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Azərbaycan sülhməramlı qüvvələrin yalnız bir dövlətin hərbçiləri hesabına  formalaşdırılmasına razılaşmamalıdır, tərkib ən azından bir neçə dövlətin nümayəndələrindən ibarət olmalıdır. Sülhməramlı qüvvələrin Dağlıq Qarabağ boyunca yerləşdirilməsinə də yol vermək olmaz. Sülhməramlılar yalnız Azərbaycan-Ermənistan sərhəddi boyunca yerləşdirilə bilər ki, Ermənistan bir daha Azərbaycana qarşı təcavüz etmək fikrinə düşməsin.

4. Hadisələrin inkişaf edə biləcəyi ikinci istiqamət hərbi yolla bağlıdır. Böyük ehtimalla beynəlxalq təşkilatlar mənasız danışıqları davam etdirərərk vaxtı uzatmaq yolu tutacaqlar. Bu şəraitdə Azərbaycanın vaxtı itirmədən hərbi əməliyyatlara başlaması qaçılmaz olacaqdır.

5. Azərbaycan daxili resurslar baxımından müharibəyə tam hazırdır. Buraya Ordunun hazırlıq səviyyəsi, silah-sursat və texnika ilə təminatı, cəmiyyətin əhval- ruhiyyəsi və digər amillər daxildir.

6. Xarici amillər də Azərbaycan üçün əlverişlidir. Bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu dövlətlər Azərbaycanın haqlı olduğunu qəbul edir və yalnız bir məsələdə israr edirlər ki, məsələ dinc vasitələrlə, siyasi yolla həllini tapmalıdır. Ermənistan bundan sonra da öz mövqeyində qalarsa, işğal etdiyi ərazilərdən çəkilməzsə, onda beynəlxalq təşkilatlar da Azərbaycanın hərbi yoldan başqa yolunun qalmadığını qəbul edəcəklər. Hər halda cəbhədəki son gərginlik zamanı beynəlxalq təşkilatların sərgilədikləri loyal münasibət bunu deməyə əsas verir.

7. Son hadisələr göstərdi ki, Ermənistandan fərqli olaraq Azərbaycan ciddi müttəfiqlərə malikdir. Bir sıra dövlətlər, regional qurumlar Azərbaycanı dərhal dəstəklədiklərini bildiriblər. Ermənistan isə hətta çox yaxın hesab etdiyi dövlətlərdən də dəstək görmədi.

8. Bütün deyilənlər torpaqlarımızın azadlığı üçün hərbi yolun yeganə yol olduğunu bir daha nümayiş etdirir.Cəmiyyətdə son hərbi uğurlarımızla bağlı böyük ruh yüksəkliyi hökm sürür, hərbi əməliyyatların davam etdirilməsi üçün ciddi sosial sifariş mövcuddur. Silahlı Qüvvələrimizn gücünə və qalib gələcəyinə heç bir şübhə yoxdur. Bu imkan əldən buraxılmamalıdır. Torpaqlarımız işğaldan azad olunmalıdır. Biz Qarabağımızın azadlığı üçün, bəzilərinin dediyi kimi, sülh yolu və ya hərbi yol seçimi qarşısında deyil, şərəfsizlik və ya savaş seçimi qarşısındayıq. Biz ikinci yolu, əziyyət, qan, tər, ölümlə dolu, amma millətimizə, dövlətimizə şərəf gətirəcək ikinci yolu seçməliyik! Başqa yolumuz yoxdur!

Ya Qarabağ, ya Ölüm!

Akif Nağı"

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.