haberL haberR

Ateistlərin fəallaşması təhlükə yaradırmı? - İlahiyyatçı rəyi

Kateqoriya: Münasibət Yayımlama tarixi: 23.06.2016 17:33:47

Son günlər sosial şəbəkələrin baş mövzusunu dini fikirlər ətrafında aparılan müzakirələr təşkil edir. Xüsusilə ateistlərin dini polemikalarda aktiv olması müəyyən sualların yaranmasına səbəb olur.

Maraqlıdır, ateistlərin sosial şəbəkələrdə aktivliyi hər hansı təhlükə yarada bilərmi?

“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli modern.az-a açıqlamasında hər hansı təhlükənin olacağına inanmadığını deyib.

“Sosial şəbəkələrdə belə kəskin mübahisələr, fikirlərə aqressiv yanaşmalar ola bilər. Bunun hər hansı təhlükəyə gətirib çıxaracağına qətiyyən inanmıram. Azərbaycanda belə halın baş verməsi mümkün deyil. Sosial şəbəkələrdə belə müzakirələrin olmasına normal baxmasam da, bir qədər təbii qəbul edirəm. İnsan fikirlərini ifadə edərkən kimisə təhqir etməməsi üçün müəyyən çərçivədən kənara çıxmamalıdır. Əslində, sosial şəbəkələr hansısa məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçündür. Orada səslənən hər hansı fikirlərə də normal yanaşmaq lazımdır”.
Onun sözlərinə görə bu cür məsələlərdə dözümlülük nümayiş etdirmək lazımdır.
“Çox zaman dözümlülükdən danışırıq. Dünyaya dözümlülük, tolerantlıq nümunəsi göstəririk. Təəssüflər olsun ki, bəzən dindarları dözümsüzlükdə ittiham edənlər bir də görürsən ki, özləri müxtəlif məsələlərdə dözümsüzlük nümayiş etdirir. Hesab edirəm ki, bu gün insan hansı əqidədə, hansı düşüncədə olursa –olsun fərqli düşüncəyə qarşı aqressiv mövqedə dayanmamalıdır. Kiminsə fikirlərini, düşüncəsini tənqid edə bilər.
Amma birinin ateist olması hansısa bir inancı təhqir etməyə, aşağılayıcı ifadələr işlətməyə əsas vermir. Bu, cəmiyyətdə birmənalı qarşılanmır.
Azərbaycan əhalisinin böyük əksəriyyətini inanclı insanlar təşkil edir., Allaha sevgi ilə, sayğı ilə yanaşan insanlar təkcə məsciddə ibadət edənlər deyil. Elə insanlar var ki, heç bir ayini icra etmir, amma Allaha sevgisi, sayğısı var. Ona görə də yaxşı olardı ki, başqalarının fikirlərinə qarşı təhqiramiz ifadələr işlədilməsin”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.