haberL haberR

"Atəşkəs millətimizə təhqirdir" - Akif Heydərli

Kateqoriya: Münasibət Yayımlama tarixi: 22.04.2016 17:35:12

"Vətən, torpaq yolunda şəhidlər verdik, hamı da bunu gözəl qarşıladı. Atəşkəs millətimizə təhqirdir."

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu sözləri   Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “ Azərbaycan Ordusunun 2-5 aprel uğurlu döyüş əməliyyatları: tamam, yoxsa davam?” mövzusunda ictimai dinləmələr zamanı  Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli deyib.

" Biz həmişə şəhidlik məqamına xüsusi önəm vermişik. Bu gün şəhidliklə bağlı ölkədə yaranmış əhval-ruhiyyə bizi çox sevindirir. Vətən, torpaq yolunda şəhidlər verdik, hamı da bunu gözəl qarşıladı. Atəşkəs millətimizə təhqirdir. Şəhidlərlə qələbəmizə çatacağıq, inşallah. Hər birimiz, xüsusilə də imanlı insanlar hərbə, şəhid olmağa hazırıq. Müharibədən başqa yol yoxdur.", - deyə  Akif Heydərli bildirib.

Tədbirdə çıxış edən  Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə Azərbaycan ordusu haqqında yalnız müsbət fikir söyləyə biləcəyini bildirib.

"Bir iradımı demək istəyirəm ki, hakimiyyət xalq faktorundan kifayət qədər istifadə etmir. Bu faktordan orduya da, diplomatiyamıza da dəstək olaraq istifadə edilməlidir. Atəşkəsin bu qədər, müddətsiz davam etməsi də başa düşülən deyil.Qarabağ uğrunda mübarizə korrupsiyaya qarşı mübarizədən, cəmiyyətin saflaşdırılması uğrunda mübarizədən keçir. Gözləməyə yer yoxdur, övladlarımızı da şəhid verməyə hazırıq. İşğala dözmək iqtidar üçün də , müxalifət üçün də, hamımız üçün də xəyanətdir. Dövlət təkcə iqtidarın deyil, həm də bizimdir. Köhnə bir ideya var idi, Qarabağ quqrultayı ideyası. İstərdik ki, Qarabağ Azadlıq Təşkilatı bu ideyanın reallaşmasına səy göstərsin.", - deyə Pəhah Hüseyn qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə Azərbaycan hakimiyyətinin diplomatik cəbhədə çox zəif olduğunu və  təşəbbüslər edə bilmədiyini bildirib: "Biz Minsk qrupunun tərkibinə dəyişikliklər , GUAM-ın işinin gücləndirilməsini təklif edirik. Müharibə ilə bağlı, Moskvada atəşkəs razılşaması ilə bağlı cəmiyyətə heç bir

məlumat verilmədi. Bu, düzgün deyil. Hərbi əməliyyatlar başlayan kimi biz ilk nümunə göstərdik, hərbi əmliyyatlara dəstək verdik." Arif Hacılı Rusiya amilindən qorxmağın lüzumsuz olduğunu bildirib.

" İndi dünyada, həmiçinin Rusiyanın özü ilə bağlı yeni , fərqli şərait yaranıb. Azərbaycan ordusu da xeyli güclənib, onu Gürcüstan və ya Uktayna ordusu ilə müqayisə etməyinə dəyməz.", - deyə Müsavat başqanı bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.