haberL haberR

Avropada müsəlmanların soyqırımı planı hazırlanır

Kateqoriya: Təhlil Yayımlama tarixi: 24.03.2016 17:15:36

İctimaiyyətə çatdırılan məlumatların əksəriyyətində isə "islamçılar", "müsəlman terrorçular", "islam terrorizmi", "islam fanatizmi" kimi ifadələr işlədilirdi.

Hələ ötən ilin ortalarında Avropanın aparıcı KİV-ləri "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının tərkibində döyüşmüş onlarla terrorçunun Suriyadan olan miqrantlara qarışaraq Avropaya gəldiklərini qeyd edirdilər. Mediada həmçinin müxtəlif mənbələrə istinadən terrorçu-"miqrant"lar, eləcə də Avropa Birliyi ölkələrinin vətəndaşları olub İŞİD tərkibində döyüşmüş, sonradan vətəndaşı olduğu ölkələrə qayıtmış şəxslər tərəfindən terror aktları hazırlandığına dair məlumatlar yer alırdı. Yəni bir müddət sonra törədiləcək terror aktlarının təxmini ssenariləri hələ bir neçə ay öncədən ictmailəşdirilmişdi. İctimaiyyətə çatdırılan məlumatların əksəriyyətində isə "islamçılar", "müsəlman terrorçular", "islam terrorizmi", "islam fanatizmi" kimi ifadələr işlədilirdi.

Bundan sonra, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə ardıcıl terror aktları törədildi və nəticədə 132 insan həlak oldu, 352 nəfər yaralandı. Hadisədən sonra bəyanatla çıxış edən Fransa prezidenti Fransua Olland bildirdi ki, bu terror aktları Suriyada planlaşdırılıb, Belçikada isə hazırlanıb. O, həmçinin İŞİD terror qruplaşmasının Fransanın düşməni olduğunu açıqladı.
Eyni zamanda, törədilən terror aktlarından sonra Fransa rəsmilərinin dilindən ölkədəki bəzi məscidlərin bağlanacağı səsləndi.

Parisdə törədilmiş teraktla əlaqədar keçirilən əməliyyatlar zamanı tutulan şübhəli şəxslərdən biri isə demişdi ki, İraq və Suriyadan Avropaya teraktlar törətmək məqsədilə 90 nəfər keçib. Müxtəlif ölkələrdən olan ekspertlər də xəbərdar etdilər ki, bu son deyil və Avropada silsilə terror aktları törədilə bilər. Və gözlənilən də oldu...

Martın 22-də Belçika Krallığının paytaxtı, eyni zamanda Avropanın Birliyinin və NATO-nun mənzil-qərargahlarının yerləşdiyi Brüssel şəhərində ardıcıl 3 terror aktı törədildi. Nəticədə 32 nəfər həlak oldu, 270 nəfər yaralandı. Bəlli oldu ki, bu dəfə də terror aktlarını İŞİD-in "canlı bomba"ları törədiblər. Hadisədən dərhal sonra bəyan edildi ki, İŞİD terror təşkilatının Avropa Birliyi ölkələrində 400-dən artıq potensial "canlı bomba"sı var və onlar istənilən an qanlı terror aktları törətməyə hazırdırlar. Bildirilir ki, bu terrorçular İŞİD-in Suriya və İraqdakı xüsusi düşərgələrində təlim keçiblər və onları məxsusi olaraq Qərb ölkələrində terror aktları törətməyə hazırlayıblar.

Yəni bundan sonra müsəlman olduğu bilinən istənilən şəxs avropalıların gözünə potensial terrorçu kimi görünməyə başlayacaq. Onsuz da son illər Avropada müsəlmanların sayının artması çoxlarını ciddi şəkildə narahat etməyə başlamışdı. Miqrant axını məsələsindən sonra isə bir sıra Avropa ölkələrində milliyyətçilərin miqrantlara, daha sonra isə ümumən müsəlmanlara qarşı etiraz aksiyalarının sayı gözəçarpacaq dərəcədə artıb. Bəzi şovinist-milliyyətçi siyasi qüvvələr isə bundan istifadə edərək hakimiyyətə gəlmək üçün daha da fəallaşıblar. Bir sıra analitiklərin fikrincə, əgər belə davam edərsə, yaxın zamanlarda onların bir sıra ölkələrdə hakimiyyəti əl keçirəcəkləri istisna edilmir. Belə olan təqdirdə və Avropada yenə də törədilən terror aktlarından sonra "terror" sözü ilə bilərəkdən "islam" və "müsəlmanlar" sözləri işlədilərsə, o zaman Avropada yaşayan müsəlmanlar ciddi təzyiqlərə məruz qala bilərlər.

Qeyd edək ki, "terror", "faşizm" və "soyqırım" sözləri avropalıların öz əməlləri əsasında yaranıb. Amma maraqlıdır ki, müxtəlif xristian dini təriqətlərinin əqidələri ətrafında birləşmiş təşkilatların üzvləri tərəfindən törədilən terror aktları KİV-lərdə heç zaman "xristian terrorizmi", "xristian terrorçu"larla əlaqələndirilməyib. Lakin terror sözü dərhal islama və müsəlmanlara yarlıq edilir. Hətta istənilən partlayışdan sonra insanların ağlına ilkin olaraq bunun hansısa müsəlman tərəfindən törədildiyi gəlir. Çünki bu stereotiplər Avropa və Qərb cəmiyyətinin şüuraltına məqsədli şəkildə yeridilib və artıq oturuşub. Halbuki bütün dünyada qəbul olunub ki, terror törətmiş şəxsin dinlə heç bir əlaqəsi yoxdur. Allaha və onun buyurduqlarına əməl edən şəxs dinc insanları öldürə bilməz.

Xatırladaq ki, ABŞ-da 2001-ci il 11 sentyabr terror aktlarından sonra da müsəlmanlara qarşı bir müddət antipatiya, diskriminasiya müşahidə edilir, hər yerdə onlara potensial terrorçu kimi baxırdılar. Lakin bir müddət sonra tendensiya zəiflədi. İndi isə multikulturalizmdən getdikcə imtina edən Avropada cərəyan edən hadisələrin gedişi göstərir ki, kimlərsə qəsdən Avropada təxribatlar yolu ilə müsəlmanların soyqırımı üçün münbit şərait yaratmağa hazırlaşır. Cəmi 25 il öncə Balkanlarda, Bosniyada eyni millətdən olmalarına baxmayaraq, dini fərqliliyinə görə müsəlmanların kütləvi şəkildə qətlə yetirildiyi faktını nəzərə alsaq, analoji dəhşətlərin yenidən baş verməyəcəyinə heç kim zamin dura bilməz. Bu isə Avropanın çalxalanması, yenidən orta əsrlərə qayıtması və zəifləməsi deməkdir. Təbii ki, bunun da əksi müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə xristianlara qarşı baş verəcək.

Hadisələrin gedişatının xristian-müsəlman qarşıdurmasına gətirib çıxarılması isə heç kimə xeyir verməyəcək. Bu, bütün bəşəriyyətin sonu deməkdir. Hərçənd, Qərb siyasi nəzəriyyəçiləri hələ bir neçə onilliklər əvvəl gələcəkdə dinlərarası münaqişələrin baş verəcəyini proqnozlaşdırıblar. Məsələn, ABŞ-ın Harvard Universitetinin alimi Səmuel Hantinqton tərəfindən hələ ötən əsrin 90-cı illərində irəli sürülmüş "sivilizasiyaların toqquşması" nəzəriyyəsi məhz bunu özündə ehtiva edir. S.Hantinqtonun fikrincə, bəşəriyyətin gələcəyi bir-birindən tarixi keçmişi, mədəni ənənələri, xüsusən də konfessional mənsubluğu ilə fərqlənən "sivilizasiyaların toqquşması"ndan ibarət olacaq. Amerikalı alimin nəzəriyyəsinə əsasən, demokratik Qərblə kommunist Şərqin siyasi qarşıdurması ilə səciyyələnən "soyuq müharibə"dən sonrakı dövrdə münaqişələrin və qarşıdurmaların əsas mənbəyini ideologiya və siyasi baxışlar deyil, din və mədəniyyətdəki fərqlər təşkil edəcək. Ən qanlı münaqişələr isə sivilizasiyaları bir-birindən ayıran sərhədlər boyunca baş verəcək...

Fakt isə odur ki, kimlərsə öz maraq və mənafelərini təmin etmək üçün Yaxın Şərqdən, neft və qazla zəngin İraq və Suriyadan sonra indi də Türkiyə və Avropanı çalxalamaqla çox təhlükəli oyun oynayır və bu oyun gələcəkdə çox qorxunc nəticələrə gətirib çıxara bilər...

İlkin İzzət/Milli.az

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.