haberL haberR

Ayətullah Xamanei İmamın mövludundan, İranın siyasət xəttindən danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 04.06.2015 18:00:00 4237 dəfə oxunub.

İranın Ali Dini Lideri Ayətullah Xamenei mərhum İmam Xomeyninin 26-cı il dönümü münasibətilə çıxış edib

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei sözünün əvvəlində İmam Zamanın (ə.f) mövludundan danışıb: "Sözümüzün əvvəlində o həzrətə öz sevgi və hörmətimizi bildirməliyik. İbrahimi dinlərin hamısı nicat verən şəxsin varlığına inanır. İslam bu şəxsin adını Mehdi olaraq bilir. Şiə aləmi yalnız tarixinə söykənmir, eyni zamanda, gələcəyinə də nəzər edir. Məhdəviyyətə etiqadı olan biri ən çətin şəraitlərdə də ümidsizliyə qapılmır. Bilir ki, bu qaranlıq günlər bitəcəkdir".

Ayətullah Xamenei İran inqilabının lideri mərhum İmam Xomeyninin şəxsiyyəti barədə danışıb: “İran xalqı yoluna və hədəfinə davam etmək istəyirsə, İmam Xomeyninin yol və istiqamətini düzgün tanımalı və onun şəxsiyyətinin təhrif olunmasına izn verməməlidir. Çünki onun şəxsiyyətinin təhrifi onun yolunun və “siratəl-müstəqim”in təhrifi deməkdir. İmamın yolunu azsaq, unutsaq və ya Allah etməmiş, bilərəkdən kənara qoysaq, xalqımız sillə yeyəcəkdir. İmam Xomeyninin məktəbi əvvəla tovhidə söykənirdi. İkincisi isə bu məktəb diri və fəal idi. Bəzi nəzəriyyələr kimi danışıqda gözəl sözlərə sahib olub, əməldə puç deyildi. Elə bu səbəbdən bu məktəb qalib oldu. O həzrətin şəxsiyyətinin həqiqəti Quranın- “Allahın yolunda layiqli formada cihad et” ayəsi ilə uyğun idi. İmam elmi ilə Allah yolunda cihad meydanına daxil oldu və ömrünün sonuna qədər də davam etdi. Ölkəmizin tarixində 2 böyük və misilsiz addım atıldı. Biri zalım və ağıldan uzaq şahlıq rejiminin süquta uğraması, digəri isə İslama uyğun olan dövlətin yaradılmasıdır. Hansı ki, bu addım İslamın ilkin çağlarından bəri misilsiz idi. Bəziləri imamı yalnız bir tarixi şəxsiyyət kimi qələmə vermək istəyir. Bu yalnışdır. İmam İran xalqının başlatdığı böyük hərəkatın simvoludur. O həzrət ideoloji, siyasi və ictimai məktəbin banisidir. İmamın xəttinin təhrif edilməsi məsullar, nəzər sahibləri və imamın şagirdləri tərəfindən ciddi təhlükə kimi hesab edilməlidir. Bəziləri imamın vəfatından öncə də bu işlə məşğul olaraq bəzi sözləri o həzrətə nisbət verirdilər. İmamın vəfatından sonra da bu addımlar davam edir. O yerə qədər ki, artıq imamı liberal hesab edirlər. İmamın digər xüsusiyyətlərindən biri də, Hz.Məhəmmədin (s) xalis İslamını sübut edərək Amerika sayağı İslamı batil hesab etməsidir. Saray mollalarının, İŞİD-in "islam"ına, sionist və ABŞ-ın cinayətlərini seyr edən və laqeyd yanaşan "İslam"ların hamısının başı bir yerə bağlıdır. İmamın məntiqi ilə bütün bu "İslam"lar batil idi. İmamın davamçısının sərhədi olmalıdır; Həm irticaçı islamla, həm də sekulyar islamla. O həzrətin digər xüsusiyyətlərindən biri də, ilahi vədənin sadiq olmasına güvənməsi və imperialist qüvvələrin qüdrətinə güvənsizliyi idi. Biz indi də bunu bilməliyik ki, imperialist qüvvələrin sözlərinə güvənmək olmaz. İmam Xomeyni həmçinin məhrum insanların və zəiflərin tərəfdarı idi. O həzrət iqtisadi təbəqələşmənin şiddətlə əleyhinə idi. O, sözün əsl mənasında ictimai ədalət tərəfdarı idi. O, daima buyurardı ki, meydanda etiraz etmədən iştirak edənlər fəqirlər və məhrum kəslərdir”.

Ayətullah Xamenei İmam Xomeyninin digər xüsusiyyətlərindən də danışıb: “İmam xarici siyasətində beynəlxalq quldurlarların qarşısında dayanaraq məzlumların yanında yer aldı. O, bu fikirləri aydın şəkildə, təqiyyəsiz bildirirdi. ABŞ-ı “böyük şeytan” adlandırmaq həqiqətəndə böyük və qəribə addım idi. Bəziləri ABŞ-ın mənfi fikirlərinə aldanaraq zərbə aldılar. Lakin imam belə etmədi. O, Fələstin millətini daim dəstəklədi. Sovetlər birliyinin Əfqanıstana daxil olması ərəfələrində ölkəmiz Amerika ilə düşmən olmasına baxmayaraq, əfqan xalqını dəstəklədi. Digər tərəfdən imam Livan xalqının da yanında oldu. Biz bu gün İŞİD-in İraq və Suriyada törətdiyi cinayətlərinə narahat olduğumuz qədər, ABŞ-ın federal büro polisinin ölkə daxilində əməllərinə görə də narahatıq. Bunlar hamısı eyni haldır. Qəzza mühasirəsinə müxalif olduğumuz qədər, məzlum Yəmən xalqının da bombalanmasına müxalifik. Bəhreyn xalqına qarşı olan zorakılıqlara da müxalifik. ABŞ-ın Əfqanıstan və Pakistana pilotsuz təyyarələri ilə hücum etməsinə də müxalifik. Bunu hamı bilsin ki, Fələstin məsələsi İranın siyahısından heç vaxt silinməyəcək. Heç bir hadisə bizi bu məsələdən ayıra bilməz. Digər məsələ isə müstəqillik və hökmranlıq altında olmamaq məsələsidir. İxtilaflı məsələlərə diqqət edin. Bu ixtilaf istər məzhəblər arası olsun, istərsə də milliyyətlər arasında olsun. İmamın diqqət etdiyi məsələlərdən biri də milli vəhdət idi. İxtilaf törətmək İslam düşmənlərinin silahlarından biridir. ABŞ öz mənafelərinə uyğun olaraq bəzi yerlərdə sünniləri, bəzi yerlərdə isə şiələri dəstəkləyir. Lakin İran sünni olan Fələstin xalqını şiə xalqlarını dəstəklədiyi kimi dəstəkləyib. ABŞ-ın İraq və Suriyada olan terror qruplaşmalarına yardım etməsi və dəstəkləməsi bunun bariz nümunəsidir. Buna həm şiə, həm də sünni diqqət yetirməli və düşmənin oyununa alət olmamalıdır. ABŞ-ın dəstəklədiyi sünnilik və Londondan təbliğ olunan şiəlik eyni şeydir. Hər ikisi şeytanın qardaşlarıdırlar. Bizim bu ili adlandırmaqda da məqsədimiz bu idi ki, ölkənin daxilində düşmənin bu oyununa düçar olmayaq. Hamı bilsin ki, düşmən bəzən qəzəbi ilə, bəzən gülüşü ilə, bəzən vədələri və bəzən də təhdidləri ilə bizimlə davranır. Bütün bunlar bizə hökmranlıq etmələri üçündür. Onlar İslamın mənafelərinə zidd olduqlarını bildiklərinə görə onunla mübarizə aparırlar. Hamısı millətimizin inkişafının qarşısını almaq üçün səfərbər olub. ABŞ siyasətçiləri İranı özünə düşmən kimi qələmə verir. Bu sözlər bizim vəhdətimizin nə qədər əhəmiyyətli olduğunu göstərir”.

Ayətullah Xamenei sonda belə dua edib: “İlahi öz rəhmət və bərəkətini bu millətə və imamın ruhuna nazil et. Bizi bu yolun sadiq yolçularından qərar ver. Bizim ölümümüzü də bu yolda qərar ver. İmam Zamanın (ə.f) qəlbini bizdən razı et. Sizə Allahın salamı, rəhmət və bərəkəti olsun”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.