haberL haberR
İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei Novruz bayramı və yeni şəmsi ili münasibətilə müraciət edib

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei 1394-cü hicri-şəmsi ilinin başlaması ilə əlaqədar xalqa ünvanladığı müraciətdə İran xalqını və Novruzu qeyd edən bütün xalqları yeni ilin gəlişi münasibətilə təbrik edərək yeni ili “Dövlət və xalq – birlik və həmrəylik” ili adlandırıb.


Ayətullah Xamenei öz müraciətində yeni ilin başlanğıcının Həzrət Fatimənin (s.ə) şəhadəti ilə əlaqəli günlərə təsadüf etdiyini xatırladaraq deyib: “Xalqımızın Peyğəmbərə (s) və onun əziz qızına olan mənəvi bağlılığından irəli gələn müəyyən tələblər var ki, camaatımız, heç şübhəsiz, onlara riayət edəcək. Ümidvaram ki, üzümüzə gələn yeni il Fatiməyə (s.ə) xas bərəkətlərlə dolu olacaq, yeni ilin əvvəlində o əzəmətli xanımın xatirəsini yad etməsi xalqımızın həyatında dərin və qalıcı bir iz buaxacaqdır”.

1394-cü illə bağlı məsələlərə xülasə formada toxunan Ali Məqamlı Rəhbər xalqla dövlətin geniş əməkdaşlığının vacib olduğunu vurğulayaraq deyib: “1394-cü ilin şüarının, yəni “Dövlət və xalq – birlik və həmrəylik” şüarının gerçəkləşməsi üçün hər iki tərəf – yəni həm əziz, böyük, şücaətli, gözüaçıq, müdrik və əzmli İran xalqı, həm də daim xalqın xidmətində duran hökumətimiz bir-birinə etimad etməli və səmimi surətdə əməkdaşlıq sərgiləməlidilər”.

 Ayətullah Xamenei daha sonra deyib: “İqtisadi inkişaf, regional və beynəlxalq arenada nüfuz və iqtidar, həqiqi mənada elmi sıçrayışlar, hüquqi və iqtisadi sferada ədalət, ən başlıcası, iman və mənəviyyat mənim yeni ildə İran xalqına olan ən böyük arzularımdır. Əlbəttə ki, bütün bu arzu və istəklər əlçatandır, İran xalqının möhtəşəm potensialının, eləcə də İslam dövlətinin yürütdüyü siyasətin imkanlarından xaric deyil”.

İranın Ali Dini lideri daha sonra arzuların reallaşmasının xalqla dövlət arasında qarşılıqlı həmrəylik, həmkarlıq və səmimiyyətə bağlı olduğunu qeyd edərək deyib: “Hökumət xalqın qulluqçusu, xalq isə hökumətin buyruqçusudur. Hökumətlə xalq arasında əməkdaşlıq nə qədər geniş olsa, işlər daha yaxşı irəliləyər. Odur ki, hökumət xalqı, həqiqətən də, qəbul etməli, camaatın dəyərini, əhəmiyyətini və imkanlarını düzgün qiymətləndirməli, xalq da hökumətinə sözün əsl mənasında etimad etməlidir”.

1393-cü ilin şüarının nə dərəcədə reallaşdığını dəyərləndirən Ayətullah Xamenei  ötən ilin ölkə üçün paralel olaraq uğur və problemlərlə müşayiət olunduğunu bildirərək sözlərinə belə davam edib: “1393-cü il üçün “Milli əzm və cihad ruhlu idarəetmə” şüarı məhz həmin problemlərə nəzərən seçilmişdi. Xalqımız da həm bəzi problemlərə sinə gərməklə, həm də 22 bəhmən və Qüds günü yürüşləri, eləcə də möhtəşəm Ərbəin yürüşü kimi mühüm və əlamətdar hadisələrdə fəal iştirakı ilə öz güclü əzmini və yenilməz təpərini nümayiş etdirdi”.

Bəzi sferalarda cihad ruhlu idarəetmənin də reallaşdığını bildirən Ayətullah Xamenei: “Cihad ruhlu idarəetmə harada özünü göstərirdisə, o yerdə uğurlar da açıq-aydın müşahidə olunurdu. Onu da deyim ki, milli əzm və cihad ruhlu idarəetmə şüarları yalnız 1393-cü ilə aid deyil. Əziz xalqımızın bu şüarlara bu il də, qarşıdakı bütün illərdə də ehtiyacı var” deyə bildirib.

 

Qeyd edək ki, Ayətullah Xamenei Məşhəd şəhərindədir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.