haberL haberR

“Azərbaycan kimi ölkələrin hansısa təşkilatı rəsmi olaraq terror təşkilatı kimi tanıması risklər yaradır”

Kateqoriya: Siyasət Yayımlama tarixi: 04.03.2016 9:23:05

Bu sözləri keçmiş MTN zabiti son zamanlar bəzi ölkələrdə bəzi təşkilatların terror təşkilatı siyahısına salınması ilə bağlı məsələyə münasibət bildirərkən deyib

Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Omanın daxil olduğu Körfəz Əməkdaşlıq Şurası Livanın “Hizbullah” hərbi qolunu terror təşkilatı elan edib. Qurum “Hizbullah”ı, onun idarəçilərini, bu qruplaşmanın  yardımçısı olan silahlı təşkilatları terrorçular siyahısına salıb. Körfəz ölkələrinin bu addımı Türkiyəni PKK-nın Suriya qolu sayılan PYD-nin dünya tərəfindən terror təşkilatı kimi tanıtmaq üçün cəhdlərini artırmağa sövq edib. Türkiyə ilk növbədə özünə müttəfiq və dost saydığı ölkələrin, həmçinin dünya güclərinin PYD-ni terrorçu təşkilat kimi tanımasına nail olmağa çalışır.

 
Keçmiş MTN zabiti Ərəstun Oruclu bildirdi ki, Türkiyənin PYD-nin terror təşkilatı kimi tanınmasında israr eləməsi anlaşılandır. Çünki hazırda PYD faktiki olaraq başsız qalmış Suriyada-Türkiyənin sərhədində kürd dövləti yaratmaq hədəfinə yaxınlaşıb. Ankarada bunu yaxşı anlayırlar ki, PYD bu istəyinə nail olarsa, bu, Türkiyənin daxilinə də təsir göstərəcək: “Nəzərə alsaq ki, PYD özbaşına deyil, onu silahlandıranlar, dəstəkləyənlər var, Türkiyənin narahatlığının əsassız olmadığı ortaya çıxar. ABŞ-ın Rusiyadakı səfiri PYD ilə bağlı açıqlamasında dedi ki, Türkiyənin PYD-ni terrorçu kimi tanıtmaq cəhdinə və ona qarşı hərbi əməliyyatlar keçirməsinə qarşıdır. Səfir isə rəsmi Vaşinqtonun dili ilə danışır. 
 
Türkiyəni narahat edən və hərəkətə gətirən bu kimi mövqelərdir.  Hər hansı təşkilatın beynəlxalq səviyyədə terrorçu təşkilat kimi tanınması üçün çox ciddi səylər və uyğun beynəlxalq situasiya olmalıdır. Hazırkı situasiyada Türkiyənin PYD-ni beynəlxalq səviyyədə terror təşkilatı kimi tanıtmaq istəyinin uğur qazanacağı inandırıcı görünmür. ABŞ-ın, Rusiyanın, İranın mövqeyi bu işə ciddi maneə yaradır”.
 
Ekspert vurğuladı ki, müxtəlif ölkələrdə terror aktları təşkil etməkdə ad çıxarmış terror təşkilatlarını Azərbaycan kimi kiçik ölkələrin rəsmi olaraq terror təşkilatı kimi tanıması həmin ölkələr üçün risklər də yaradır. Azərbaycan hakimiyyətinin bir sıra terror təşkilatları ilə bağlı parlament səviyyəsində rəsmi sənəd qəbul etməməsinin bu amillə bağlı olduğu istisna deyil: “Şübhəsiz, terror təhlükəsi hər bir dövlət üçün həmişə var. Heç bir dövlət bundan yüz faiz sığortalanmayıb. Ancaq hər halda, ortaya rəsmi sənəd şəklində mövqe qoyan ölkələrin hədəf seçilməsi riski daha çoxdur”.
 
 
Milli Məclisin hansı terror təşkilatlarını rəsmi olaraq terror təşkilatı kimi tanıyan sənəd qəbul etməsinə gəlincə, Ə.Oruclu dedi ki, parlamentin bu barədə sənəd qəbul etməsi faktına rast gəlməyib. Konkret olaraq PKK-nı terror təşkilatı kimi tanıyan qanunun qəbul edilməsi məsələsi isə hər dəfə gündəmə gətiriləndə hakimiyyət təmsilçiləri, parlament rəhbərliyi bəyan edib ki, onsuz da PKK Azərbaycan tərəfindən terrorçu təşkilat olaraq tanındığına görə xüsusi qanunun qəbuluna ehtiyac yoxdur: “Azərbaycan tərəfi müxtəlif səviyyələrdə dəfələrlə bildirib ki, Türkiyənin problemi onun problemi, Türkiyənin sevinci onun sevincidir. Türkiyə PKK-nı terror təşkilatı kimi tanıdığına görə Azərbaycan da onu birmənalı şəkildə terror təşkilatı hesab edir. Bu, müzakirə edilməyəcək bir mövzudur. Azərbaycanın Türkiyənin problemlərini öz problemləri kimi qəbul etməsi həmişə olub və bundan sonra da olacaq. PKK Türkiyə ərazisində fəaliyyət göstərən bir təşkilat olduğuna görə bu təşkilatın Azərbaycan tərəfindən terror təşkilatı kimi rəsmi sənəd şəklində tanınmasına ehtiyac yoxdur. Terrorla mübarizədə Azərbaycan həmişə Türkiyənin yanındadır”.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.