haberL haberR

"Azərbaycan millisinin məşq bazasında siqaret çəkən də, qumar oynayan da var" - Çempion Nicat

Kateqoriya: İdman Yayımlama tarixi: 11.08.2016 12:15:07

Xəbər verdiyimiz kimi Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yeri tutub. O, 77 kq çəki dərəcəsində Olimpiya çempionu olub.

Qeyd edək ki, 2 il yarım əvvəl Nicat Rəhimov Azərbaycan millisindən qovulub. Gənc idmançının yığmadan qovulma səbəbi, onun məşqçinin peşəkarlığından narazı qalması olub. Federasiyadan lazımı dəstəyi görməyən idmançı 2014-cü ildən Qazaxıstan yığmasında çıxış edir.

İslamazeri.az 2 il əvvəl Nicat Rəhimovun verdiyi müsahibəni təqdim edir:

“Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasından imtina edən ağır atlet Nicat Rəhimov deyib.

Artıq Qazaxıstan millisinin düşərgəsində olan və bu ölkənin şərəfini qorumağa razılaşan 21 yaşlı idmançı yığmamızdan gedişinin səbəblərini açıqlayıb.

O bildirib ki, komandamızın düşərgəsini tərk etməsində bolqarıstanlı baş məşqçi Zlatan Vanevin böyük “əməyi” olub: “O, hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə “səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.

Rəhimov ağırlıqqaldırma idman növünü seçməsini və qazandığı uğurları atasının adı ilə bağlayıb. O, Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərovun atasına “çörək satan” deməsinə də aydınlıq gətirib: “Mən də İsgəndər müəllimə sual verirəm: atam çörək satandırsa, məni İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşdırırdı və necə qalib olurdum? Siz bundan qorxdunuz. Çünki atam keçmiş SSRİ dövründə Azərbaycanın şərəfini qoruyub və məni uşaqlıqdan bu idman növünə özü cəlb edib. Sinqapur Olimpiadasında və Avropa çempionatında onun rəhbərliyi altında qalib olmuşam. 2002-ci ildə “Spartak” İdman Cəmiyyətində baş məşqçi işləyib və sonra öz ərizəsi ilə işdən çıxıb. Bəli, hazırda atam çörək sexinin müdiridi, bəs sən kimsən, həndbolçu...”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.