haberL haberR

Azərbaycanda yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir - Dövlət Komitəsi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 11.03.2016 13:54:12

"Təəssüf ki, ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Məsələn, bir ailədən bir nəfər dünyasını dəyişir. Onun dəfni ilə yanaşı, bir sıra yersiz adətlər icra olunmağa başlanılır"

SalamNews-un məlumatına görə, bu fikiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Elnarə Kərimova bildirib.

 E.Kərimovanın sözlərinə görə, bəzən də o adətlər zülm və günah vasitəsinə çevrilir. Yas mərasimləri ilə bağlı bütün İslam alimləri, ictimai xadimlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi də fətva ilə çıxış edərək, israfdan uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsini tövsiyə etmişdir. İnsanlarımız da bu tövsiyənin mahiyyətinə varıb, İslama zidd davranışlarından çəkinməlidirlər.

 Ölü üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyətinə də varmaq lazımdır. Ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Bu o deməkdir ki, ehsan sadəcə yemək süfrəsindən ibarət deyildir. Vəfat etmiş yaxını üçün ehsan vermək istəyən şəxs həmin yemək süfrəsini uşaq və qocalar evində aça bilər. Eyni zamanda, yemək süfrəsinə xərclənəcək vəsait köməksiz xəstələrin müalicəsi üçün xərclənə və ya yol çəkilməsi, bulaq tikilməsi kimi xeyriyyə işlərinə sərf oluna bilər.

 Yas mərasimlərində müqəddəs kitabımız Qurani-kərimin qiraət olunması, başsağlığına gələnlərə daha çox mənəviyyatı zənginləşdirən, insanlara İslam dininin əsaslarını öyrədən təbliğatın yer alması, insanlarımızı dini cəhətdən maarifləndirən söhbətlərin aparılması məqsədəuyğundur, deyə Elnarə Kərimova bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.