haberL haberR

Bakı məhkəməsi "Bədənimə 500 yaşlı cin girib" deyən İŞİD üzvünə 13 il 6 ay cəza verdi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 02.06.2015 13:05:11

Bu gün Bakıda Ağır Cinayətlər Məhkəməsində İŞİD terrorçularına qoşulan qrupun üzvlərinə hökm oxunub, onların içində "Bədənimə 500 yaşlı cin girib" deyən şəxs də olub

İslamazeri.az-ın "Virtualaz.org"a istinadən verdiyi xəbərə görə, bu gün Bakıda Ağır Cinayətlər Məhkəməsində İŞİD terrorçularına qoşulan qrupun üzvləri -  Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşaraq hökm oxunub.

Hökmə görə, Ruslan Mustafayev 14 il, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Təqsirləndirilən şəxslər  Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə təqsirli biliniblər.

Qeyd edək ki, istintaq və məhkəmə zamanı təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən şəxs qismində dindirilən  Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ruslan Mustafayev ifadəsində 2003-cü ildən bəri İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini, özünə “Əbu İsmayıl” dini adı götürdüyünü, Azərbaycanda olarkən heç bir dini qruplaşmanın üzvü olmadığını və hər hansı şəxsə biət etmədiyini göstərib: “2013-cü il, sentyabr ayının 5-də Ramin və Farukla birlikdə Türkiyənin Hatay vilayətinə getdik. Omeyrin tanışı Əbu Yusiflə görüşdük və onun bələdçiliyi ilə Suriyanın Artma şəhərinə getdik. Raminin atası xəstələndiyinə görə Azərbaycana qayıtdı.

Əvvəlcə “Şəriət məhkəməsi” düşərgəsinə yerləşdirildik. Əslən azərbaycanlı olan Musab Azərinin rəhbərlik etdiyi qruplaşmada idik. Təxminən bir həftə orada qalandan sonra hərbi təlimlərdə iştirak etdik. Orada olarkən belə qərara gəldim ki, Azərbaycana qayıdıb ailə üzvlərimi də bura gətirim, qoy şəhid olana qədər burada yaşasınlar. Bu məqsədlə də 2013-cü il, oktyabr ayının 2-də Azərbaycana qayıtdım. Lakin ailə üzvlərim mənimlə Suriyaya getməkdən imtina etdilər.17 fevral, 2014-cü ildə din qardaşım Elvir Əliyevlə birlikdə Türkiyəyə getmək üçün hava limanına gəldik. Pasport yoxlaması zamanı saxlanıldıq və MTN əməkdaşlarına təhvil verildik”.

Əslən Qərbi Azərbaycanın Masis rayonundna olan Namiq Məmmədov istintaqa verdiyi ifadəsində 2010-cu ildən bəri İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət edtiyini, özünə “Əbu Hüseyn” dini adını götürdüyünü, din qardaşlarının ona bu cür müracitə etdiklərini göstərib: “2013-cü il, oktyabr ayının 1-də qonşum Tural Həsənovla birlikdə Türkiyənin Hatay vilayətinə, oradan da milliyyətcə kürd olan Həsən adlı şəxsin bələdçiliyi ilə Suriyanın Artma şəhərinə - Musab Azərinin rəhbərlik etdiyi camaatın yanına getdik. Orada azərbaycanlıların adları dəqiq yadımda qalmayıb və şəxsiyyətləri barədə heç bir məlumatım yoxdur.

İki gün orada qalandan sonra hərbi təlimlərə başladıq. Orada olarkən vəzifəm mücahidlərə məxsus evləri qorumaq olub. İki ay Harikanda qaldıqdan sonra 2013-cü ilin dekabr ayında Azərbaycana qayıtdım”.

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Fərid Muradov istintaqa verdiyi ifadəsində 2013-cü ildən ibadətlə məşğul olduğunu, “İlahiyyət” məscidinə getdiyini, özünə “Faruk” dini ləqəbi götürdüyünü, heç bir dini icmanın və qruplaşmanın üzvü olmadığını göstərib: “Məsciddə dini adı “Omeyir” olan Fuad Ağayevlə tanış olmuşdum. 2013-cü ilin avqust ayında Fuada Suriyaya getmək arzusunda olduğumu dedim. O da cavabında köməklik edəcəyini, Türkiyədə və Suriyada olan mücahidlərlə yaxşı əlaqələri olduğunu bildirdi. Sentyabr ayının 5-də Türkiyəyə getdik. Suriyaya keçib üç gün “Şəriət məhkəməsi” düşərgəsində qaldıqdan sonra Xalid adlı şəxsin rəhbərlik etdiyi qruplaşmaya daxil oldum. Bu qruplaşma İŞİD-in tərkibində idi. Hər hansı təlimdə, ya da döyüşlərdə iştirak etməmişəm. Əsas vəzifəm döyüşən mücahidlərə məişət işlərində köməklik göstərmək olub.

Qruplaşmada hamının silahı var idi. Amma mən yeni getdiyimə görə döyüşlərə buraxılmırdım”.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Tural Həsənov istintaqa verdiyi ifadəsində 2011-ci ildən ibadətlə məşğul olduğunu, özünə “Aburrauf” dini adı götürdüyünü göstərib: “Tanışlarım Əbu Hüseyn və Əbu Yusif Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edirdilər. Hətta Əbu Yusif döyüşdə şəhid olmuşdu. 

2013-cü il sentyabr ayının sonlarında Əbu Yusiflə görüşəndə Suriyada kafirlərə qarşı aparılan əməliyyatlarda iştirak etməyin vacib olduğunu buyurdu, mənim də iştirak etməyimi məsləhət gördü. Əbu Yusifin məsləhəti ilə Suriyaya getmək qərarına gəldim”.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Elvin Əliyev ifadəsində 2013-cü ildən ibadətlə məşğul olduğunu, Müşfiqabad qəsəbəsindəki məsciddə mütəmadi olaraq namaz qıldığını, özünə “Abdulhakim” dini adını götürdüyünü göstərib: “Bacımın həyat yoldaşı, dini adı “Abuzeyd” olan Nemət Nəcəfquliyev 2013-cü ilin iyul ayından Suriya ərazisindəki döyüşlərdə iştirak edirdi. Həmin ilin avqust ayında avtobusla Türkiyəyə, oradan da Hatay vilayətinə getdim.

Hatayda məni yeznəm qarşıladı, birlikdə qaçaq yolla Suriyaya keçdik. Əvvəlcə məni İŞİD-in nəzarətində olan Dartu İzzə şəhərindəki “Şeyx Süleyman” yaşayış düşərgəsinə apardı. Həmin düşərgəyə əslən azərbaycanlı olan Əbu Hamza rəhbərlik edirdi. Oradakı mücahidlərin əmiri Əbu Hamza idi.

Düşərgəyə yeni gələn mücahidlər hərbi təlimlərə cəlb edilirdi. Suriyada olan bütün mücahidlər bir-birinə öz adları ilə deyil, sonradan götürdükləri dini adlarla müraciət edirdilər. Ona görə də oradakı azərbaycanlıların ad və soyadını bilmirəm.

Həmin ərəfədə xəstələndiyim üçün hərbi əməliyyatlara cəlb olunmadım. Beş ay Haritanda qaldım. 2014-cü ilin yanvar ayında Haritan şəhərinə “Livai Tövhid” qruplaşmasının silahlı basqını zamanı əsir götürüldüm. Avtomat silahımı, 150 dollar pulumu və digər əşyalarımı müsadirə etdilər, zindana saldılar. 20 gün zindanda qaldım. Məni əsir götürənlərə İŞİD üzvü olmadığıma inandırdım, özümü “Muhacirun” qruplaşmasının üzvü kimi təqdim etdim. Bundan sonra məni əsirlikdən azad etdilər”.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Tariyel Mustafayev ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində il yarımdır bədəninə 500 yaşı olan Aişə adlı cinin girdiyini, bu cini çıxarmaq üçün Suriyaya getdiyini, orada müalicə olunduğunu göstərib. O, iş üzrə təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onlarla heç bir əlaqəsinin olmadığını deyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.