haberL haberR

Bakıda yük avtomobilləri nəzarətə götürülür

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.01.2015 19:00:00

"Artıq bu gündən etibarən İdarənin əməkdaşları paytaxtda əsasən 3-cü kənar dairəvi yol, Ziya Bünyadov, Aeroport şosesi və digər yollar üzrə reydlər keçirəcəklər"

Paytaxtda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarətin artırılması məqsədi ilə bu gündən etibarən mütəmadi reydlərin keçirilməsinə başlanılır.

Bunu "Trend"-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Bakıda yük avtomobillərinin hərəkətinə diqqət və nəzarət artırılacaq. Artıq bu gündən etibarən isə İdarənin əməkdaşları paytaxtda əsasən 3-cü kənar dairəvi yol, Ziya Bünyadov, Aeroport şosesi və digər yollar üzrə reydlər keçirəcəklər: “2014-cü ildə Bakı şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili, eləcə də paytaxtın küçə və prospektlərində sıxlığın, tıxacların yaranmasında qabaritli, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin xüsusi “rolu” olduğu aşkar edilib. Ona görə də, Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 08:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar.

Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər”.

V.Əsədov qeyd edib ki, yük avtomobillərinin paytaxt yollarında hərəkəti yalnız vaxt və hərəkət marşrutunun göstərildiyi buraxılış vərəqələri ilə mümkündür: “Yük avtomobilləri ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, tabeliyində olan avtomobillərin sürücülərinin yol polisi tərəfindən məzuliyyətə cəlb edilməməsi üçün nəzarəti gücləndirsinlər, qeyd edilən yük avtomobillərinin hərəkətinin göstərilən vaxtda və icazə verilən marşrut üzrə təmin edilməsinə diqqəti artırsınlar. Onlar yükdaşıma normativlərinin yerinə yetirilməsinə, yükün avtomobilin oxları üzrə düzgün paylanmasına və ya onun normadan artıq olmamasına, daşınan tikinti materiallarının qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Çox təəssüf ki, bu tələblər tez-tez pozulduğundan əlavə tədbirlərin görülməsi zərurəti yaranır”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.