haberL haberR

Barrikadaların arxasındakı kənd – Həmid Herisçi yazır

Kateqoriya: Məqalə Yayımlama tarixi: 30.11.2015 16:55:45

“Koroğlu” metrostansiyasından Nardarana, Maştağaya gedən sərnişinlər, fikir verirdim, əvvəlkinə baxanda, bu dəfə çox sakit, həm də fikirli görünürdülər
Mindiyim 131 saylı avtobusa əvvəlcə səyyar əl alverçiləri soxuldular. Başladılar öz mallarını tərifləməyə. “Asma dualar, asma dualar...ikisi bir manat! İksi bir manat” nidasını dəfələrlə təkrarladılar. Axır, şükür, avtobus yerindən tərpəndi. Nardarana çatmamış sərnişinlər arasında pıçapıç, bir də mehribanlıq artdı: 
 
- “Düş, dörd yol deyilən tərəfdə, bir az arxa yollarla get. Birtəhər Allahın köməyi ilə Nardarana çatarsan”... 
 
Deyilənlərə əməl edib Nardaran barrikadalarına yaxınlaşdım. Qaş qaralırdı. Kəndin işığını kəsmişdilər deyə ətraf zülmətə qərq olmuşdu. Barrikadaların arxasında təkərlər yanır, yuxarı qara alov şölələri yüksəlirdi. Hərdən bu qara alov, rəngini al rəngə dəyişirdi. Bu vaxt imkan tapıb barrikadadakıları tanımaq mümkün olurdu... Kənddə işıq yoxdu deyə televizor-zad işləmirdi, kənd dünyadan təcrid olunmuş vəziyyətdə idi. Ancaq kəndlilər burda da özlərini itirməmiş, özlərinə təzə canlı televizor icad etmişdilər. Bu televizor 9 yaşlı Bunyadov Əliəkbər idi. O, azyaşlı olsa da moizələr oxuyur, ətrafdakılara öz siyasi, dini savadını sərgiləyirdi. Mənə dedilər ki, atışma zamanı onun atası Rafael həlak olub. Əmisi Fərahim isə az əvvəl bir başqa münaqişədə öldürülüb. Hava getdikcə daha da soyuyur, tonqalların qara tüstüsü daha da tündləşirdi...Bayraqların qara rəngini də bu mənzərəyə əlavə etsək, düşdüyüm ağır vəziyyətin necə olduğunu özünüz də başa düşərsiz. 
 
Göyərçin satanlar öz qəfəsləri üzərinə kapron örtük çəkib bir kənarda durmuşdular. Qorxurdular ki, soyuqdan quşları xəstələnib ölsün. Atılacaq güllələrdən isə elə bil ki, heç qorxmurdular... Bir xeyli söhbətləşdik. Mən dedim ki, dağılsınlar evlərinə -  sülhməramlılıq nümayiş etdirdim. Arada bir, cibimdən tum çıxarıb digərlərinin də ovuclarına tökdüm. Tum çırtlada-çırtlada danışıırdıq...danışırdıq... Axır, nardaranlılardan ayrıldım. Barrikadalara tərəf son dəfə həyəcan içində boylandım. Bir də gördüm ki, bayaq tum çırtladığımız yerin üstünə bir dəstə ac sərçə qonub, ətrafı dimdikləyirlər... Bu mənzərə ürəyimi dağladı... Gözlərim yaşardı... Qorxurdum ki, sabah bu insanların çoxunu artıq həyatda tapmayım... 
 
Qəfil xəbər gəldi ki, bəs ağsaqqallar deyir evə qayıdın....dağılışın...bəs meyitləri sabah gətirib kənd ağsaqqallarına təhvil verəcəklər... Çoxlarının gözü yaşardı... Dəmir nizələrdən, dəyənəklərdən biri bu vaxt yerə düşüb bərk səs saldı... Kəndlilər “qəbirləri harda qazaq?” deyərək pir tərəfə boylandılar... 
 
Azərbaycan tarixinin çox ağır, qanlı səhifələrdən birini yaşayırdıq... Yaxşı ki, sülhməramımız eşidildi... Nardaranlılar evlərinə dağılışdılar. Sabah bütün günü qəbirlər qazmaq lazım idi... Şükür, həm dövlət, həm kəndlilər ağıllarını başlarına yığdılar... Qarşıdurmadan çəkindilər... Yoxsa sabah kənd həqiqətən Kərbəla müsibətinə dönəcəkdi. 
 
Şükür, sənə İlahi.
(Yeni Müsavat)
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.