haberL haberR

Başqalarının dünyalarına axirətimizi satmayaq!

Kateqoriya: İslam Yayımlama tarixi: 04.05.2016 14:09:24

Bu günün yoluxucu xəstəliklərindən biri də, “hadi” (hidayət edən) və “mürşid” (yol göstərən) olmaq xəstəliyidir.

 Ölkənin dini cameəsinin nümayəndələri , xüsusən gənclər olaraq, artıq fərdi həyatlarından əlavə ictimai həyata da daxil olmağa can atırıq. Əlbəttə dindar olduğumuzdan bu işimizi də din adı altında görməyə çalışırıq. Məsələn müxtəlif cəmiyyət nümayəndələri ilə qarışdığımızdan, bəzən qeyri etik davranışlar, bəzən dinə zidd olan addımlar atmağa məcbur oluruq. Lakin nəfsimiz bu addımlarımıza çox rahatlıqla don geyindirir. Məsələn nəfsimizin “Sən artıq ictimai birisisən. Kimlərisə düz yola çəkmək, müxtəlif fəsadlardan uzaq tutmaq istəyirsən. Hədəfin müqəddəsdir, əsas olan da budur. Bu məsələlər hədəfinin böyüklüyünə nisbətdə çox  kiçikdirlər”-deməsi, bizim gecə rahat yatmağımız və vicdanımızın bizi qınamaması üçün yetərlidir.

Bunun tam məqsəd yönlü şəkildə baş verdiyini demirəm, çünki adətən nəfsinin bu pıçıltılarına qane olanlar hələ də imanın bir həddinə sahib olurlar. Əks halda öz işlərini rahat şəkildə, heç bir dini don geyindirmədən də edə bilərdilər. İnsanların hidayət olmasına və düzgün yolu tapmasına, daha dəqiq desək ilahi peyğəmbərlərin  missiyalarını öz çiyinlərinə götürən bu şəxslər, bir şeyi unudurlar. Hidayət etmək üçün hidayət olmalı, yol göstərmək üçün isə düzgün yolda olmalıyıq. Axı imanın hələ ilk pilləsində olduğumuz halda, necə ətrafımızdakıları haqqa çəkmək iddiasında ola bilərik? Axı günah bataqlığından yenicə ayrıldığımızı unudub, kimlərisə fəsaddan uzaq tutmaq üçün özümüzü necə fəda edə bilərik? Üzməyi bacarmadığımız halda, ətrafımızda boğulmaqda olanları necə xilas edə bilərik? Təyyarədə müəyyən problemlə üzləşdiyimiz zaman bizə xüsusi maskalardan istifadə etməyi tövsiyə edirlər. Bu tövsiyənin mətnində belə bir hissə mövcuddur: “Özünüz maska geyinənədək  heç kimə, hətta uşağa belə köməklik göstərməyin. Çünki huşunuzun itirilməsilə  ikiniz də oksigensiz qala bilərsiz”.

Yəni əgər təhlükə hər ikiniz üçün eyni səviyyədədirsə və bu barədə sənin ondan heç də dala qalan yanın yoxdursa, ilk öncə özünü xilas et. Mənəvi aləmdə də bu cürdür. Özümüzü lazımı şəkildə xilas etmədən, başqalarının xilası üçün əlləşsək həm öz, həm də digərlərinin məhvinə şərait yaratmış olarıq. “Sosial şəbəkələrdə dinin və milli-mənəvi dəyərlərimizin təbliğinə ehtiyac var. İstifadə etməsəm alınmır”, “Ətrafımızdakıların hansı problemlərlə üzləşdiyindən xəbərdar olmaq və həll yolları tapmaq üçün gündəmi izləməli, müəyyən video və fayllara mütləq şəkildə baxmalıyam. Bu cür olmazsa, problemlərin qarşısında hansı addımı atacağımı təyin edə bilmərəm”. Bu və bu kimi xoş niyyətlərlə virtual və real həyatda cəmiyyətə nüfuz edən əzizlərimiz çoxdur. Onların niyyəti xalqa xidmət etmək olsa da, bu işləri ilə ilk zülmlərini etmiş olurlar. Onlar zahirdə müsbət görünən bu əməllə özlərinə zülm edirlər. Tarix, imanını az da olsa möhkəmlətmədən bu xoş niyyətlərlə günah meydanına atılıb da, azğınların taleyi ilə üzləşən nə çox insanların şahidi olub. Niyə qarşımızdakıları islah etmək məqsədi ilə düzgün olan ideologiyamıza zidd addımlar atmalıyıq? Qoy onlar öz yalnış həyat tərzlərindən imtina etsinlər. Niyyətimiz ətrafımızı dəyişməkdirsə, niyə ilk dəyişən biz olmalıyıq? Əzizlərimiz qıraqdan özlərinə baxmaqdansa, ilk öncə onlara hamıdan yaxın olan özlərinə vaxt ayırmaqdansa, cəmiyyəti xilas etmək üçün meydana atılırlar. İmam Əli (ə) Nəhcül-bəlağənin 214-cü xütbəsində mövzumuzla əlaqəli olan ifadələrdə buyurur: “Başqasına rəhm etdiyin şeydə öz canına yazığın gəlmir? Çox vaxt birini günün altında görür və onun üstünə kölgə salırsan və ya birini bir dərdə düçar olmuş görürsən ki, dərd onun bədənini yandırır və sən mehribançılıq səbəbindən ona ağlayırsan.

Belə isə səni öz dərdinə (günahlarına) səbrli edən, müsibətlərinə dözümlü edən və səni, sənin üçün canların ən əziz və istəklisi olan öz canına ağlamaqdan saxlayan, təmkinli edən nədir?” Fikrimcə əzizlərimiz nə demək istədiyimi və hansı məsələni xatırlatmaq istədiyimi anladılar. Mən ilk olaraq özümə, daha sonra tanıdığım və tanımadığım iman əhli olan bacı və qardaşlarıma bu tövsiyələri etdim. Ümüd edirəm ki, mütəal Allah hamıdan əvvəl özümün bu yazdıqlarıma əməl etməyimə yardımçı olsun.

P.S. Bəzən qarşımızdakı ilə əlaqə qurmaq üçün hansısa addımlar atmaq zəruri hala çevrilir. Sözümüz budur ki, hətta bu vəziyyətdə belə ideologiyamıza zidd olan addımlar atmaqdan çəkinməliyik. 

Bizə və Allahın saleh bəndələrinə salam olsun!

Ruhullah Novruzzadə/İslamazeri.az üçün

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.