haberL haberR
Bu mübarək ayda nazil olmuş Ulu Yaradanın bəndəsinə ən böyük lütfü olan Quran möminlər barədə belə buyurur: “onlar bir-birləriylə mülayim, düşmənlərlə sərtdirlər”

Amma biz ... təəssüflər olsun ki, biz bir ümmət olaraq öz aramızda sərt düşmənlərlə isə mülayim rəftardayıq. Islam düşmənləriylə nə qədər və necə mübarizə apara bilirik, bu barədə düşünürükmü heç? Ancaq dildə qəhraman kimi danışmağımız var. Gerçəkdə isə əksər işlərimiz, alış-verişlərimiz islam düşmənlərinin iqtisadiyyatına xidmət edir. Öz mömin bacı-qardaşlarımızla isə əlaqələrimiz kəsilib, nə maddi nə mənəvi dəstəyimiz var. Dualarda belə özümüzü düşünür özümüz üçün istəyirik.

Bunun bariz nümünəsini  Fələstin - Qüds problemində müşahidə etmək heç də çətin deyil.  Bu gün ağız dolusu İmam Hüseyn ağaya olan aşiqliyimizdən danışırıq, əzadarlıq edir, “zillət bizdən uzaqdır” deyirik, göz yaşımız da ki, öz yerində... “Hər gun Aşuradır, hər yer Kərbala “  həqiqətini nə dərk edə bilmişik, nə yaşaya bilmişik. Bu günün yezidinə qarşı çıxmağı, məzlumlarının yanında olmağı bacarmırıqsa hansı aşiqlikdən dəm vururuq???   Ustad Şəhid Mütəhhəri  deyirdi, İmam Hüseyn bu gün yaşasaydı deyərdi ki, mənim əzadarlarımın şuarı “Fələstin” olmalıdır. Hələ şuar qalsın bir kənara , biz nə qədər Fələstini düşünürük? Nə qədər dünyada gedən proseslərdən xəbərdarıq? BMT-nin işğalçı İsrail rejiminə qarşı heç bir reaksiya göstərməyərək oyunbazlıq etməsinə nə qədər səssiz qalacağıq?

   Hər dəfə eşidəndə “ Qəzza yenidən bombalanıb”  qulaq ardına vururuq. Sanki o bombalar altında can verən şəhid olan müsəlman bacı-qardaşlarımız deyil. Bacısına edilən vəhşiliyi seyr eden qardaşlar, qardaşları gözləri önündə öldürülən bacılar Peyqəmbər(s) ümməti deyilmi ? Guya bunları bilmirik? Çox gözəl bilirik. Bilirik evləri dağıdılmış o məsum körpələrin bir tikə çörəyə möhtac halda torpaq üstə yatmasını, bilirik təzə yaralarını köhnə paltarlarının tikəsiylə sarıdıqlarını, bilirik hər ağrının şiddətindən “ay anam” fəryadının cavabsız qalmasını, bilirik yetim körpələrin yuxuda da olsa şəhid analarına sarılma həsrətini... daha nəyi bilmirik ki???  Bilməyimizin nə faydası ? Bütün bildiklərimiz kimi bunları da unuduruq. Gündəlik yediyimiz çeşid-çeşid təamlar, geyindiyimiz son model brend geyimlər, şou proqramlar, əyləncələr, qulaq batıran musiqilər unutdurur bizə hər şeyi. Axı biz təkcə Fələstini deyil, öz doğma Qarabağımızı da untmuşuq. Unutmşuq şəhidlərimizi, qaçqınlarımızı, duşməndə qalan  əsirlərimizi. Doğrusu sonuncu dəfə şəhid məzarını ziyarət etməyim yadıma gəlmir. Gözümüz bələdiyyə torpaqlarına düşəndən unutmuşuq işğalda olan torpaqlarımızı. Hətta biriləri bəzən yada salıb xatırladanda ondan xoşumuz gəlmir. Bütün xəbər proqramlarımız bu cümləylə başlayir: “bu gün təmas xəttində atəşkəs yenidən pozulub düşmən cavab atəşiylə susdurulub.” Bununla sanki duşmənlərimiz özləri də bilmədən bizə hər gün xatırladırki sizin Qarabağ deyilən bir məkanınız var. Amma bilmirlər ki, biz paytaxtımızda neçə-neçə “Qarabağ şadlıq sarayı” tikib içində gündə toy-bayram edir, “Şuşa kafesi”ndə yeyib içib əylənirik. 

Bir sözlə işimiz Allaha qalıb...

Allah bizə həqiqi İslamı dərk edərək yaşamağı və bir-birimizin dərdinə şərik olma tofiqatını versin. Amin.

Eldar İlqaroğlu- İslamazeri.az üçün

Qeyd edək ki, bu yazı MMDİB-nin təşkilatçılığı, İslamazeri.az-ın informasiya dəstəyilə təşkil edilmiş "Qüds günü məqalə müsabiqəsi"ndə iştirak edib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.