haberL haberR

''Bizdə elə bank yoxdur ki, yoxlasam, cinayət məsuliyyətinə əsas tapmayım''

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 24.05.2016 16:26:29

"Axı Mərkəzi Bank həm banklara, həm dövlət təşkilatlarına kreditləri qeyri-şəffaf verir"

"Hesablama Palatası bir sıra dövlət təşkilatını ("Azərenerji", AZAL və s.) yoxlayıb və Mərkəzi Bankdan götürdükləri kreditləri qaytarmadıqlarını müəyyən edib. Görəsən, həmin təşkilatların rəhbərləri dövlət vəsaitindən necə istifadə edib ki, krediti ödəyə bilmirlər? Görəsən, bankları borclu əhalinin üstünə salan Mərkəzi Bank həmin təşkilatları niyə məhkəməyə vermir, onların rəhbərlərinin üzərinə kollektorları göndərmir?"

Bu sualları hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov öz Facebook səhifəsində ünvanlayıb. Hüquqşünas sual edir ki, bəlkə ona görə ki, Mərkəzi Bankın rəhbərliyi də kreditləri suçlu olaraq verib: "Axı Mərkəzi Bank həm banklara, həm dövlət təşkilatlarına kreditləri qeyri-şəffaf verir. Mərkəzi Bankın 24 illik fəaliyyəti ərzində onu heç bir dövlət qurumu yoxlamayıb. O cümlədən Hesablama Palatası. Buna görə də Hesablama Palatası "Azərenerji" və AZAL kimi xırda-xuruşla deyil, ilk növbədə, Mərkəzi Bankın özü ilə məşğul olmalıdır. Məsələn, təkcə Mərkəzi Bankın banklara verdiyi kreditlər üzrə götürdüyü girov əmlaklar üzrə xeyli maraqlı məsələ üzə çıxacaq".

Ekspert deyir ki, bir-iki istisna olmaqla, bizdə elə bank yoxdur ki, onu yoxlamağa başlasa, qısa müddət ərzində onun rəhbərliyinin cinayət məsuliyyəti üçün xeyli əsas tapa bilməsin: "Şübhəsi olan aparıcı bankımızın keçmiş rəhbərinin indi harada olmasını xatırlasın. Çünki bank sistemimiz ağır xəstədir. Xəstənin yeri isə palatadır. Mərkəzi Bankın yeri Hesablama Palatası, kommersiya banklarının isə Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Həmin Palatalardakı peşəkarlar işə düzgün yanaşsa, bütün cinayətlərin üstü açılar, günahkar bankirlər məsuliyyətə cəlb olunar, onların müsadirə edilmiş əmlakı isə dövlətə keçər. Yeri gəlmişkən, həmin müsadirə edilmiş əmlak hesabına əhalinin problemli borclar məsələsini də həll etmək olar..."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.