haberL haberR

Britaniyalı milyarder yeni kosmik aparat hazırlamağa başlayıb

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 06.02.2015 12:42:45

Britaniyalı milyarder Riçard Brenson turist uçuşları üçün ötən il sınaqlar zamanı qəzaya uğrayan aparatı əvəz edəcək yeni kosmik gəminin tikintisinə başlanılmasını bəyan edib

İslamazeri.az "ICTnews"-a istinadən bu barədə xəbər verir. O bildirib ki, sahibi olduğu “The Spaceship Company” şirkəti ABŞ-da ikinci “SpaceShip Two” gəmisinin tikintisinə başlayıb. R.Brensonun sözlərinə görə, şirkət artıq 2015-ci ildə eyni tipli üçüncü aparat hazırlamağa başlamaq niyyətindədir.

Plana görə, tikilən ikinci “SpaceShip Two” bu il sınaq uçuşlarına başlayacaq. Bu barədə bir müddət əvvəl R.Brensona məxsus gəminin kosmik istismarı ilə məşğul olacaq "Virgin Galactic” şirkəti bəyan edib.

“Virgin Galactic” nümayəndələri qeyd ediblər ki, 2016-cı ildə Yerətrafı orbitə ilk kosmik turist qrupunu göndərmək niyyətindədir.

“SpaceShip Two” müstəsna olaraq kosmik turistlərin uçuşu üçün hazırlanır. Gəminin 100 km hündürlükdə suborbital trayektoriya üzrə uçacağı planlaşdırılır. Uçuş sürəti aparata Yerin süni peyki olmağa imkan verməsə də, sərnişinlərə çəkisizlik vəziyyətini hiss etməyə şərait yaradır.

İkisaatlıq uçuşun qiymətinin 250 min dollar olacağı nəzərdə tutulur. Gəmi göyərtəsinə iki pilot və altı sərnişin götürə biləcək. Bu şəkildə kosmosda olmaq niyyətini artıq 800 nəfərdən çox insan, o cümlədən aktyorlar Tom Henks, Eşton Kutçer, Ancelina Coli, müğənnilər Ledi Qaqa və Keti Perri bildirib. R.Brensonun sözlərinə görə, kosmik gəminin ilk sərnişinləri o özü və onun iki uşağı - qızı Holli və oğlu Sem olmalı idi.

Bundan əvvəl eyniadlı aparat 2014-cü il oktyabrın 31-də ABŞ-ın Kaliforniya ştatında Mohave səhrası üzərində sınaq uçuşu zamanı qəzaya uğrayıb. Qəza gəminin "White Knight 2” daşıyıcı təyyarəsindən ayrılandan və öz raket mühərrikini işə saldıqdan dərhal sonra baş verib. Qəza nəticəsində pilotlardan biri Maykl Olsberi həlak olub, ikinci pilot Piter Sibold katapult edərək xilas ola bilib. İlkin məlumatlara görə, kosmik gəminin qəzaya uğramasına əyləc sisteminin vaxtından əvvəl işə düşməsi səbəb olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.