haberL haberR

Ayətullah Ruhullah Xomeyninin vəfat günündən 26 il keçdi

Kateqoriya: İslam Yayımlama tarixi: 04.06.2015 13:29:38 3959 dəfə oxunub.

Bu gün İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin vəfat günüdür

İslamazeri.az xəbər verir ki, İran xalqı  Ayətullah Ruhullah Xomeyninin 26 il öncə, bu gün fani həyata qovuşduğu təqvimi qeyd edir.

 

Təvəllüdü, uşaqlıq və gənclik illəri...

1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olub. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirir.

Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənib.

1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olub. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi.

Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olub.

 

Şaha müxaliflik

Ruhullah Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.

O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı.

İmam Xomeyni uşaqlıq və yeniyetmə çağlarından İslam maarifi, səth elmləri, məntiq, fiqh, ərəb ədəbiyyatı və digər elmlərə yiyələnərək cavan yaşlarında alimlik zirvəsinə çatdı. Onun müqavimət, zülmə baş əyməmək yolu İmam Hüseyn məktəbindən aldığı dərslərə əsasən formalaşmışdı. Nəhayət 1961-62-ci illərdən başlayaraq İran xalqı zülmə qarşı və haqqı müdafiə edən şəxsin şüar və moizələri ilə yeni dini rəhbərin kölgəsini hiss etməyə başladı. Şah rejiminə qarşı mübarizə onun əsas apardığı mübarizə taktikasından biri idi. Zülmkar şahın iç üzünü açaraq xalqı oyandırmaq onun moizələrinin əsası idi. 

 

Tarixi cümlələr...

Şaha tarixi mesaj...

Şahın kaputulyasiya sazişinə qol çəkməsindən sonra İmam Xomeyni ona sərt mesajlar verməyə başladı. Bir zamanlar müctehidlərdən birinin şaha qəbul etdiyi sazişə etiraz edərək: "Mən İrandan köçməyə qərar verdim"- cümlələrini də diqqətə çəkən İmam Xomeyni Şahın İran xalqını təhqir edən bu sazişi ləğv etməsini bu cür tələb edir: "Ey Şah, bir zamanlar zəmanə mücehidləri İrandan köç edəcəklərini sənə bildirmişdilər. Ancaq mən sənə deyirəm: bu qanunu ləğv etməsən səni İrandan köçürəcəm.!"- deyərək dövrünün və ondan sonrakı nəsillər üçün bir şücaət və mərdanəlik məktəbinin banisi kimi diqqəti çəkir. 

Xalqa müracət...

Bu qanuna etiraz edərək çıxışında bu cümlələrə yer verir: "İzzətimiz tapdalandı, İranın əzəməti aradan getdi, İran ordusunun əzəmətini tapdaladılar. Parlamentdə bir qanun qəbul edildi ki, İranı Vyana müqaviləsinə əməl etməyi boynuna qoydular. Bir sözlə İrandakı hərbiçilərin ailələri,özləri, malları və texnikaları onların hər növ cinayətləri müqabilində əmniyyətdə olacaq. Ey cənablar, mən xətər-təhlükə elan edirəm!, Ey İran Ordusu, mən xətər-təhlükə elan edirəm!, Ey İran siyasətçiləri, mən xətər-təhlükə elan edirəm! And olsun, Allaha fəryad etməyən hər bir kəs günahkardır. And olsun, Allaha fəryad qoparmayan hər bir kəs, böyük günah etmişdir! Ey İslam başçıları, İslamın dadına çatın! Nəcəf alimləri İslamın dadına çatın!, Qum alimləri İslamın dadına çatın!". 

 

Həbs və sürgün...

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır.

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir.

O, İraqdan Fransaya köçmüş və bir müddət Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşamışdır. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq Xomeyninin səs yazıları hər həftə İrana gətirilərək müxtəlif məkanlarda dinlənilirdi.

 

İrana qayıtdıqdan sonra...

1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Ayətullah Xomeyni İrana qayıtmış və faktiki olaraq ölkənin liderinə çevrilib. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə edib.

1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat edir.

 

Seyid Həsən İmam Xomeyni haqqında...

Livan xalqını azad edən ideologiya da məhs İmam Xomeyni məktəbinin sayəsində mümkün olub. 
Hətta Livan Müqavimət hərəkatının rəhbəri Seyyid Həsən Nəsrullah öz çıxışlarında da buna işarə edir. Livan müqavimətinin hərbi komandirlərindən birinin 40 mərasimində bu mətləblərə işarə edir: “Onlar son terrorla bizi ümidsizliyə salmaq və bizim zəif məğlubiyyətə uğramış olduğumuzu söyləmək istədilər. Onlar bizim şüurumuzu ortadan qaldırmağa çalışdılar. Lakin biz İmam Xomeyni məktəbinin şagirdləriyik. O deyərdi ki, bizi öldürün; ancaq bunu bilin ki, bizlər şəhadətlə daha da güclənirik”. 

Məzhəbindən asılı olmayaraq, İmam Xomeyni sayəsində müsəlmanlar dövrlərində mücahidlik və mərdanəlik məktəbi görə bildilər. Müsəlmanlar düşmənə boyun əyməyərək öz hökmlərini icra edəcək bir rəhbərlər gördülər. O rəhbərlər ki, dünyanın etirazına baxmayaraq, Quranı təhqir edən Səlman Rüşdülər kimilərin rahat nəfəs ala bilməyəcəkləri bir fitvalar verirlər və İslamı zəif deyil güclü və əyilməz olduğunu sübut edirlər! 

İmam Xomeyni məktəbi İraq, Əfqanıstan, Livan və digər ölkələrdəki haqq müdafiəçilərinin bir tədris mərkəzidir. Elə bir məktəb ki, İmam Huseynin(ə): "Mənim qiyamım vəzifə üçün deyil əksinə yaxşılığa dəvət və pislikdən çəkindirmək üçündür"-hədisi ilə idarə olunur. Necə ki, o çıxışlarının birində "Mənim müxalifliyim hansısa bir şəxslə deyil. Mənim müxalifliyim hər o şey ki, insaniyyətə ziddir, onunladır"- deyərək tutduğu mövqeyini ortaya qoyur. 

 

"Hərəkatımız İslamidir"...

İmam Xomeyni rəhbərlik etdiyi inqilabın İslami olmasını daha çox xatırladırdı. Sanki İmam qurulan hökümətin gələcəkdə bütün məzlum və ya haqqı tapdalanmış müsəlman ölkələrin himayəçisi olacağını bilirmiş. Bu baxımdn da o, “Bizim hərəkatımız İran hərəkatı olmazdan qabaq bir islam hərəkatıdır”. 
Öz mədəniyyəti və irfanı ilə parlayan imam mədəniyyət,elm və yaradıcılığa daha çox önəm verirdi: “Mədəniyyət bütün xoşbəxtlik və bədbəxtliklərin qaynağıdır. Millətlərə yaradıcı şəkildə xidmət edən mədəniyyət düzgün mədəniyyətdir. Qarın, çörək və su mədəniyyət ölçüsü deyil, insan şərafət, mədəniyyət kateqoroyasıdır. İnsan nə qədər ki, top-tüfəngin kölgəsində həyatını davam etdirir, əsl insan ola bilmir, insanlıq məqsədinə yetişə bilmir. Çalışın öz qələm və bəyanınız ilə pulemyotları kənara qoyun, meydanı elmə, biliyə və qələmə verin”. 

Şəhid ailələri - zəif yeri...

Sözü və əməli bir olan İmam Xomeyni xalqın bütün təbəqəsinə eyni gözlə baxır, şəhidlər və şəhid ailələrinə də önəmli və layiqli yer verirdi: “Qamış daxmada oturan saf insanların və şəhid verənlərin başının bir tükü bütün dünyanın saraylarından və sarayda oturanlarından şərəfli və üstündür”. 
İbadət, itaət və irfanı da demək olar ki, kamil insanlardakı kimi idi. Əlbəttə ki, bu sözlər böyük əxlaq və irfan ustadlarının dedikləridir. Günün müəyyən saatlarını ibadət, zikr, dua, Quran oxumaq və mütaliə ilə keçirərdi. Allahı zikr etmək və təfəkkür etmək, İmamın gündəlik proqramının tərkib hissəsi idi. O, yaşı 90-ı haqlamasına baxmayaraq, dünya siyasi rəhbərləri arasında ən çox çalışan bir şəxsiyyət idi, islam cəmiyyətinin yüksəlişi, onun problemlərinin həlli yolunda xidmətdən yorulmur və əksinə ondan sevinc hissi keçirir, hətta ən çətin və ağır hadisələrdən öz ruhiyyəsini itirmir, Allaha olan təvəkkül və inamına görə, Allahı da onu tək buraxmırdı... 

 

Ayətullah Ruhullah Xomeyni 1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat edir.


Dünyadan köçməsinə baxmayaraq, onun yerini qardaşı və tələbəsi Ayətullah Seyid Əli Xamenei tutaraq sanki İmam Xomeyni həzrətlərinin ruhunu öz həyatında cilvələndirir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.