haberL haberR

Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür

Kateqoriya: İslam Yayımlama tarixi: 20.12.2015 14:08:40

Bu gün 11-ci İmam, Həzrəti Həsən Əskərinin (ə) şəhadət günüdür

Şiələrin on birinci İmamı Həzrət Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz otuz ikinci ilində anadan olmuşdur.  Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhissəlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.

İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

 

 

İmam Həsən Əskəri dəfələrlə İmam Mehdi haqqında işarələr vermişdir...

 

İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və ən səmimi dostlarından olan Əhməd ibn İshaq deyir: “İmam Həsən Əskəri əleyhissəlamın yanına gedib ondan sonrakı İmam barədə soruşmaq istəyirdim. Mən sual verməzdən qabaq o Həzrət üzünü mənə tutub buyurdu: “Ey Əhməd ibn İshaq! Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamət gününə qədər yer üzünü bir an olsun belə, İlahi hüccətsiz (rəhbərsiz) qoymayıb və qoymayacaq. Allah həmin hüccətin hesabına yer üzündəki bəlanı dəf edərək camaata rəhmət yağışı göndərir və yerin alt təbəqələrində gizlənmiş nemətləri (sərvətləri) üzə çıxarır”. Mən ona dedim: “Sizdən sonra İmam kim olacaq?” Bunu deyəndən sonra o Həzrət qalxıb o biri otağa keçdi və çox çəkmədi ki, qucağında sifəti on dörd gecəlik ay parçası kimi parıldayan təxminən üç yaşlı bir uşaqla geri qayıtdı. Sonra isə mənə buyurdu: “Əhməd, əgər Allah və İmamlar yanında hörmətin olmasaydı, bu oğlumu sənə göstərməzdim. Onun adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adından, künyəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) künyəsindəndir. Dünya zülm və haqsızlıqla dolduğu zaman o gəlib hər tərəfi haqq-ədalətlə dolduracaq. O, (uzunömürlü olması baxımından) bu ümmət arasında Xızr və Zülqərneyn kimi olacaq. O, uzunmüddətli qeybə çəkiləcək və bir çoxları (qeyb dövrünün həddən artıq uzun çəkəcəyinə görə) bu barədə şəkk edəcək, təkcə Allahın, onun İmamətinə möhkəm əqidədə saxladığı və onun zühurunun tez baş verməsi haqqında dua etməyə nail olan şəxslər azğınlıqdan qurtaracaqlar...”

 

 

İmamın şəhadəti və düşmənlərin hiylələri...

 

İmam Həsən Əskəri əleyhissəlamın cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizlincəsinə zəhərləyir. Şiə aləminin görkəmli alimi Təbərsi yazır: “Bizim alimlərimizin əksəriyyəti yazmışlar ki, ata-babası və ümumiyyətlə, bütün İmamlar şəhid olduğu kimi İmam Həsən Əskəri (əleyhissəlam) da zəhərlənmə nəticəsində şəhid olmuşdur.

Tanınmış şiə alimi Kəfəmi yazır: “Onu (İmam Əskəri əleyhissəlamı) Mötəmid zəhərləmişdir.

Dördüncü əsr (hicri tarixi ilə) şiə alimlərindən olan Məhəmməd ibn Cərir ibn Rüstəm ət-Təbəri də qeyd edir ki, İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur.

İmam Həsən Əskəri əleyhissəlamın Abbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri Mötəmidin o Həzrətin zəhərləndiyi günlərdə İmamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir.

Sünni məzhəbinin görkəmli alimlərindən biri olan ibn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Übeydullah ibn Xaqanın dilindən yazır: “... İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi. Biz onun bu halından təəccübləndik, (onun xəlifə olduğundan) belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın dostunu onun evinə göndərir. Xəlifə onlara tapşırır ki, İmam Əskəri əleyhissəlamın evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o, bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir. Həmçinin, xəlifə Qazi ibn Bəxtiyara tapşırır ki, etibar etdiyi şəxslərdən on nəfərini seçib gecə-gündüz İmam Əskəri əleyhissəlamın halına nəzarət etmək üçün onun evinə göndərsin. İki-üç gündən sonra xəlifəyə xəbər verilir ki, İmam Əskəri əleyhissəlamın halı çox ağırdır və çətin ki, yaxşılaşsın. Xəlifə onlara tapşırır ki, o Həzrətin evinə daha da ciddi nəzarət edilsin. Onlar da xəlifənin dediyinə əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edənə qədər o Həzrətin evinə nəzarəti daha da artırdılar. İmam Həsən Əskəri əleyhissəlamın şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə, şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır. Bəni-Haşim, divan işçiləri, ordu başçıları, şəhər qazıları, şairlər, vəkil və şahidlər, adi camaat hamı o Həzrətin dəfn mərasiminə getdi. Sanki həmin gün Samirrada qiyamət qopmuşdu. İmam Həsən Əskəri əleyhissəlamın cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o Həzrətin meyyit namazını qılmağa göndərir. Cənazə, namaz qılmaq üçün yerə qoyulduqda, İsa irəli gedib o Həzrətin üzündən kəfəni kənara çəkir və onu Ələvilərə, Abbasilərə, qazılara, yazıçı və şahidlərə göstərərək deyir: “Bu, İmam Həsən Əskəri əleyhissəlamdır. O, təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin filan-filan xadimləri də buna şahiddir.” Sonra cənazənin üzünü örtüb ona namaz qılır və dəfn edilməsini əmr edir...

Əlbəttə, qeyd etmək lazımdır ki, xəlifənin qardaşının İmam Həsən Əskəri əleyhissəlamın cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət İmamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə şiə alimlərinin dediyinə görə İmam Məhdi (əleyhissəlam) özü o Həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır.

 

 

 

Faydasız səylər

 

Öz xam xəyalına görə İmam Həsən Əskəri əleyhissəlamı şəhid etmiş Abbasi xəlifəsi Mötəmid elə hesab edirdi ki, öz istədiyinə çatmış və artıq onun özbaşına hakimiyyətinin qarşısında heç bir maneə qalmamışdır. Ancaq daha da arxayın olsun deyə, yeni bir hiyləyə əl atır ki, bu da onun son dərəcə məqampərəst olduğunu və İmam övladı tərəfindən olan nigarançılığını göstərir. O, bir neçə nəfəri İmam Əskəri əleyhissəlamın evinə göndərib onlara tapşırır ki, İmamın evinə gedib orada olan bütün şeyləri yoxlayıb möhürləsinlər. Digər tərəfdən də, İmam Həsən Əskəri əleyhissəlamdan bir uşaq qalması xəbərini eşitdiyi üçün onu tapıb ələ keçirmək fikrinə düşür. Bu məqsədlə o, bütün uşaq tutan qadınlara (mamalara) tapşırır ki, İmam Həsən Əskəri əleyhissəlamın bütün kəniz və arvadlarını müayinədən keçirsinlər. Onlardan hansının hamilə olduğunu görsələr, mütləq xəbər versinlər. Rəvayət olunmuşdur ki, mamalardan biri İmamın kənizlərinin birindən şübhələnib xəlifəyə xəbər vermişdi. Xəlifə əmr edir ki, həmin kəniz müəyyən bir yerdə saxlanılsın və bu xəbərin doğru, ya yalan olması müəyyən olsun deyə (xəlifənin xüsusi xadimi) Nəhir bir neçə qadınla birlikdə ona nəzarət etsin. Həmin kəniz iki il nəzarət altında saxlanılsa da, axırda onun hamilə olmadığı, verilmiş xəbərin isə yalan olduğu məlum oldu.

Mötəmid İmam Həsən Əskəri əleyhissəlamdan heç bir övlad qalmadığını və bundan sonra şiələrin heç bir İmamı olmayacağını sübut etmək məqsədilə əmr edir ki, o Həzrətin bütün qalmış mirasını onun anası ilə qardaşı Cəfər arasında bölüşdürsünlər. Ancaq şiələr öz əqidələrindən dönməyib İmaməti öhdəsinə götürmüş digər bir İmamın (o Həzrətin övladının) olması fikrində idilər.[93] Çünki onlardan bir çoxu İmamın oğlunu görmüşdü.

Xorasan əyalətində Yəqub ibn Leys Səfari qiyam qaldırana qədər, həmçinin, Übeydullah ibn Yəhya ibn Xaqanın qəfil ölümünə və Sahib əz-Zənc Bəsrə şəhərində qiyam edənə qədər on ikinci İmamın tapılması məqsədilə İmam Həsən Əskəri əleyhissəlamın ailəsinə qarşı müxtəlif təzyiqlər davam edirdi. Yuxarıda qeyd etdiyimiz hadisələr irəli gəldikdən sonra isə Abbasilər hökuməti (xilafət) bütün qüvvəsini bu hərəkətlərin qarşısını almağa yönəldir və artıq İmamın ailəsinə qarşı təzyiqlərə fürsət qalmır.  (İmam Həsən Əskəri əleyhissəlamın həyatı kitabından M.P)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.