haberL haberR

Bu gün Silahlı Qüvvələr günüdür

Kateqoriya: Hərbi Yayımlama tarixi: 26.06.2015 11:37:11

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 97 il ötür
İslamazeri.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.
 

Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.

Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər - İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.