haberL haberR

Bu layihə mənzil probemini həll edə bilər

Kateqoriya: Sosial Yayımlama tarixi: 05.08.2016 17:55:25

Azərbaycanda sosial mənzillər 1960-1980-ci illərdə tikilib. Lakin o dövrdən indiyədək mənzil tikintisi və mənzil idarəçiliyi ilə məşğul olan vahid dövlət qurumu yox idi. Dövlət başçısının fərmanı əsasında yaradılan Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin inşa edəcəyi mənzillər aztəminatlı ailələrə uzun müddətli kreditlə və aşağı qiymətlərlə satılacaq.

Belə mənzillərin tikilməsi aztəminatlı ailələrin mənzil probemlərin həllinə ən mühüm töhfə verən sosial layihədir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müaviniRauf Əliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, bu layihəyə, əsasən, maddi imkanları aşağı olan aztəminatlı ailələrin mənzil problemlərinin həlli üçün respublikamızın bütün şəhərlərində, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: "Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların sosial mənzillərə sahib olmaq qaydaları müəyyənləşdiriləcək və Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bu möhtəşəm sosial layihə uğurla həyata keçiriləcəkdir".  

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cari ilin dərin iqtisadi islahtlar ili kimi tarixdə qalacağını söyləyən prezident İlham Əliyev bildirib ki, dövlətin qarşısında duran ən başlıca vəzifələrdən həm sosial, həm də digər infrastruktur layihələrinin həyata keçrilməsi olub və bunun üçün çox böyük vəsaitlər ayrılıb. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələrindən biri də sosial mənzillərin inşasıdır. Dövlət başçısı bu məsələyə toxunaraq deyib: "Sosial mənzillərin inşaasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda bu proses kütləvi xarakter alandan sonra bunun inşaat  və tikinti materialların istehsalı sektoruna və beləliklə sənaye potensialına çox müsbət təsiri olacaq.  İndi hazırlıq işləri aparılır. Ümüd edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaq".

Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmərtəbəli binaların tikintisini təmin etmək, şəhərsalma və tikinti sahəsində və dövlət idaretməsini təkmilləşdirmək məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.