haberL haberR

Cahangir Hacıyevin ən yaxın adamı həbsdən çıxdı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 01.06.2016 10:20:24

Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov, Mingəçevir “İzolit”in sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev ev dustağı edildi; sırada kim var?

Həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş rəhbəri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev azadlığa buraxılıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. 

 
Qərara əsasən, həmin şəxslər barəsində həbs-qətimkan tədbiri ləğv edilib, onların barəsində  polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
 
Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. “Riyad-Farm”ın icraçı direktoru A.Quliyev və Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri M.Mehdiyev də CM-in 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. “Riyad-Farm”ın Beynəlxalq Bank qarşısında cəmi 24 milyon dollarlıq kredit öhdəlikləri var. Bu öhdəliklərə şirkətin Almaniyanın “Kommerzbank” bankından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan  alınan 10 milyon dollar kredit daxildir. “Riyad-Farm” MMC bir neçə ay əvvəldən müflis olub, şirkətin 3300-ə yaxın apteki fəaliyyətini dayandırıb. Şirkət dərman bazarındakı mövqelərini itirib. 
 
M.Mehdiyevin isə Beynəlxalq Banka 12 milyon 7 min ABŞ dolları məbləğində kredit borcu qalıb. Təminat kimi o, səhmdar cəmiyyətin binasını, 15 hektar torpaq sahəsi və müəssisənin fəaliyyəti ilə bağlı avadanlıqları girov qoyub. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi onu deməyə əsas verir ki, o da borcunun əhəmiyyətli hissəsini qaytarıb. 
 
 
Bu iş üzrə ev dustaqlığına  buraxılan “açar” fiqurlardan biri şübhəsiz ki,  Hacı Məmmədovun bandasının öldürdüyü “Qara polkovnik” ləqəbli Fətullah Hüseynovun oğlu Adil Hüseynovdur. O, Dubay filialının rəhbəri kimi Beynəlxalq Bankın İdarə Heyətin sabiq sədri Cahangir Hacıyevin bu ölkədəki biznesindən  sorumlu olub. 
 
Onun vəkili və yaxınları həbsin ilk günündən bildirirdilər ki,  A.Hüseynov Beynəlxalq Bankın işçisi kimi yalnız rəhbərliyin göstərişlərini yerinə yetirib. Ona deyilən hesablara pul köçürməsinə görə həbs ediblər. Onun vəzifəsi Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində tekstil fabrikinin və poladtökmə zavodunun tikintisinə nəzarət olub. Yada salaq ki, Dubayda Beynəlxalq Bankın pulu hesabına tikilən “İntertextil” fabriki və “İntersteel” zavodudur. 
 
 
Cahangir Hacıyevin həbsindən sonra Beynəlxalq Bankın girovluğunda olan zavodların satışına dair danışıqlar başlayıb.  Zavodlarla maraqlanan, almaq istəyən investorlar tapılıb. Məlumata görə, “İntertekstil” fabrikinin real qiymətindən 30 faiz aşağı qiymətə satın alınması üzrə danışıqlar gedir. “İntersteel” zavodu ilə bağlı konkret razılaşma olub-olmaması bilinmir. 
A. Hüseynovun işində daha bir maraqlı detal da var. Bir müddət əvvəl məlum olmuşdu ki, kimlərsə Beynəlxalq Banka A.Hüseynov adından 13 milyon dollar ödəyib. Bu ödəmə banka dəymiş ziyanın ödənilməsinə, yaxud A.Hüseynovun adına rəsmiləşdirilmiş 318 milyon manat kredit borcunun qaytarılmasına yönəlmiş məbləğdir. Ödəmə 9 ay ərzində hissə-hissə həyata keçirilib. Lakin vəkil deyib ki, nə Adil Hüseynov, nə işi aparan müstəntiqlər bu ödəmənin kimlər tərəfindən həyata keçirildiyini bilmir. 
 
“Beynəlxalq Bank işi” üzrə istintaqa Cahangir Hacıyev də daxil olmaqla, 70-ə yaxın iş adamı cəlb olunub. Bu şəxslər Beynəlxalq Banka olan kredit öhdəliklərini ödəyə bilməyən, yaxud ödəməkdən yayınanlardır. Qəribə burasıdır ki, həmin iş adamlarından çox az bir hissəsinin adı ictimaiyyətə bəllidir. Banka borcu səbəbindən həbs olunan təxminən 10 iş adamının kimliyi bilinir. Həmin şəxslərin bir çoxu Cahangir Hacıyevin özünə məxsus çoxlu ASC-lərin direktorlarıdır. Həmin şəxslər ASC-lərin rəhbərləri olmaqla, bir neçə milyonluq kredit müqavilələrinə imza atsalar da, faktiki olaraq həmin kreditlərdən yararlanmayıblar. Əməkhaqqı qarşılığında çalışan bu şəxslər sənədlərə əsasən krediti alıb qaytarmayan şəxslər kimi hələ də “dəmir barmaqlıq” arxasında saxlanılırlar. 
 
“Yeni Müsavat” bir müddət əvvəl də yazmışdı ki, C.Hacıyevin “xəstəliyi ilə əlaqədar” ev dustaqlığına buraxılması gözlənilir. C.Hacıyevin vəkili demişdi ki, sabiq bankir 42 milyon manat mənimsəməkdə ittiham olunur. Bu vəsait bankın səhmlərini almaqdan ötrü istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. 
 
C.Hacıyev isə Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb. C.Hacıyevin həbsdən azad edilib-edilməməsi barədə rəsmi bilgi yoxdur. Bilinən həm odur ki, Cahangir Hacıyevin adamlarının adına rəsmiləşdirilmiş “Bakı Quşçuluq”, “Şəki bazar”, “Şəki ət Kombinatı” və s ASC-lər də bir müddət əvvəl satışa çıxarılıb və bəlkə artıq yeni sahiblər də tapılıb.  Bəs o zaman niyə C.Hacıyev hələ də həbsdədir? 
 
“Yeni Müsavat”
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.