haberL haberR

Cəmiyyətdə əxlaqsızlığın yayılmasında kimin marağı var?

Kateqoriya: Məqalə Yayımlama tarixi: 27.08.2015 18:21:01

Yenə dərddən yazmaq lazımdır deyə düşündüm.

Amma arıtq yalnız dərdin deyil, dərdin kənarında dərmanı da demək və icra etməyin zəruriliyini də qeyd etmək istədim. Çünkü adətən dərdlər deyilir və elə dərd olaraq da qalır. Bəzən isə dərd də dərman deyilir amma yenə nəticə eynidir. Hər halda çalışaq dərmanları birlikdə müzakirə edib, ən uyğununu tapıb, birlikdə əzmlə icra edək.

Dərd böyük dərddir və deyiləcək dərdin dərmanı ondan da böyük! Nədir axı bu dərd və ondan böyük dərd kimi gördüyüm dərman?

Gündəmdə olan məsələlərdən biri də ümumilikdə cəmiyyətdə, xüsusən isə mediada əxlaqsızlıq və insanın fitrəti ilə uyğun olmayan halların təbliğinin kəskin şəkildə artmasıdır. Vəziyyəti daha aydın anlatmaq üçün bir neçə nümunəni sadalamaq istəyirəm;

Bir neçə müddət öncə sosial şəbəkələrdə və mediada (hətta bəzi dindarlar arasında) müzakirə obyektinə çevrilən mövzular:

1.Müğənninin sinəsi açıldı.

2.Aparıcı qonağın qucağında oturdu.

3.Aparıcı (qadın) qonağın (kişinin) üzünə tupürdü, qonaq isə onu qucağına aldı.

4.Canlı efirdə müğənniyə “fahişə” deyilir.

5.Əcnəbi çılpaq halda Qız qalasında şəkil çəkdirdi.

6.90 yaşlı filmimiz, “Mollanın zorladığı 2 qadın”.

 

Cəmiyyət üzvlərimizdən alınan sorğular:

1.Ölkədə seks inqilabına münasibətiniz?

2.Kişilər nəyə yox deməz?

3.“Homo” nədir?

4.Qadında olub kişidə olmayan?

5.Oğlunuz gey olsa nə edərsiniz?

6.Çinin əhalisi niyə çoxdur? (Sual sadə görünsə də, cavablar 18+ dur)

 

İnanın saydıqlarım məsələnin əhəmmiyyətini anlata bilmək üçün qələmə zorla da olsa ala bildiklərimdir. Bu hələ harasıdır?! Bəzilərini qeyd etməyə belə əlim gəlmədi.

Təhlükənin ciddiliyi yəqinki aydın oldu. Mənəviyyatsız olan bir cəmiyyətin zamanla bütün dəyəri əlindən alınar. Bu məsələlərin qərəzli və planlı olması barədə şəkk etməyin. 100% elədir. Bu addımlar cəmiyyətin yuxu dərmanına çevrilib və bizi köklü deyil, önəmsiz məsələlər barədə düşünməyə və bəzən isə ümumiyyətlə düşünməməyə sövq etdirir. Elə həmin bu layihənin nəticəsidir ki, cəmiyyətinin əksər hissəsi müsəlman olan bir ölkədə çoxları İslamın prinsiplərindən xəbərlərsizdir. Bu addımların qarşısı alınmazsa gələcək nəslimizi daha böyük fəlakətlər gözləyir. Bu təhlükə yalnız dindarları deyil, fitrətinə, milli mentalitetinə sadiq qalmaq istəyən hərbir kəsi gözləyir. Yadınızdadırsa, yaxın kemişdə məhəlləmizə yad oğlan daxil olmadan öncə ciddi düşünürdü. Çünkü bunu hardasa özünə qəsd kimi hesab edirdi. Hədəfli şəkildə aparılan bu təbliğatın nəticəsini görürsünüzmü? Harda qaldı vicdanın qəbul etdiyi yazılmamış qanunlar və onlara əməl edənlər? Hamısını silib apardılar və iflic vəziyyətinə saldılar.

Hərhalda bu dərdlərimizdən biri, bəlkə də ən önəmlisi. İnanın ki, bir xalqın mənəviyyatının, milli mentalitetinin alınması onunn torpağının alınmasından qat qat təhlükəlidir. Bu problemin həlli üçün hamımız əl-ələ verərək çalışmalıyıq.

Bəs həll yolu nədir? Bəzilərinin ustalıqla cızdığı və digərlərinin məharətlə icra etdiyi bu layihənin müqabilində hansı addımlar atılmalıdır? Bu barədə növbəti yazımda yazmağı düşünürəm. Sizin də öz çıxış yollarınızı bildirməyinizi rica edirəm. Ağıl ağıldan üstündür. Fikrinizi bildirin ki, gələn yazımda istifadə edərək, bacardığım qədər yazını təkmilləşdirə bilim.

Lakin yazımın əvvəlində də qeyd etdiyim kimi, mənim nəzərimdə olan dərmanın özü bir dərdə çevrilib. Belə olan halda, demək vəziyyət sandığımızdan da ağırdır.

Allah dərdimizi dərmansız qoymasın!

 

Ruhullah Novruzzadə

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.