haberL haberR

Cəmiyyətdə sağlam tənqidi necə formalaşdırmalı? (Münasibət)

Kateqoriya: Münasibət Yayımlama tarixi: 24.08.2015 17:11:59 2658 dəfə oxunub.

Tənqid əxlaqi cəhətdən kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə deyilməlidir?

Adətən bir hadisənin, məqalənin, kitabın  və s. tənqidi zamanı qarşı tərəfin sərt reaksiyası ilə qarşılaşırıq. Sizcə, bunun səbəbləri nədir? Tənqidlə tanışlığın keçid dövrünü yaşayan bir cəmiyyət üçün bu cür reaksiya bəlkə də normaldır. Lakin bu da məlumdur ki, həqiqi tənqidlə tanış olan hər kəs sonda tənqidin qarşısına gül-çiçəklə çıxacaq. Çünki ictimai tərəqqi istəyən hər bir şəxs ictimai tənqidə də hazır olmalıdır.

Bəs görəsən bu tənqid hansı formada olmalıdır? Tənqid etməyin arxasındakı psixologiya nədir? Cəmiyyətdə sağlam tənqidin formalaşması üçün hansı addımlar atılmalıdır? Tənqid əxlaqi cəhətdən kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə deyilməlidir? Mövzunu daha ətraflı öyrənmək üçün İslamazeri.az xəbər portalı mütəxəssislərə müraciət edib.

 

Şərqşünas Famil Burxanoğlu:

Tənqid deyilərkən inkişafa nail olmaq üçün mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, inkişafa mane olan cəhətlərin daha münasib alternativlərlə əvəz edilməsi başa düşülür. Bu cəhətdən tənqid qaçılmaz və önəmlidir. İstənilən sahədə bu və ya digər səbəbdən nöqsanların olması qaçılmazdır. Deməli, nə qədər nöqsan varsa, o qədər də tənqid olmalıdır. Ancaq tənqid elə də sadə məsələ deyil.

Tənqidi 3 istiqamət üzrə ümumiləşdirmək olar:
1. güclü və yaxşı cəhətləri göstərib nöqsanlara göz yummaq;
2. zəif cəhətləri aşkarlayıb yaxşı tərəflərə göz yummaq; 
3. islah etmək üçün həm zəif, həm də güclü tərəfləri qeyd etməklə yanaşı problemlərin həlli yollarını da təklif etmək. Üçüncü istiqamət ən doğru istiqamət hesab edilməlidir.

Tənqiddə önəmli olan cəhətlərdən biri tənqidin subyekti, obyekti, mövzusu və metodudur. Tənqid istənilən emosiya, qərəz və təəssübdən uzaq olmalıdır. Tənqid dağıdıcı deyil, qurucu funksiya daşımalıdır. Bunun üçün qeyd edilən cəhətlər çox önəmlidir. Tənqid hər kəsin də işi deyil. Tənqidin  subyekti ümumi olaraq tənqid predmeti olan sahənin, xüsusi olaraq isə tənqid edilən mövzunun tam bilicisi olmalıdır. Əksər hallarda yarımçıq savad, əhatəli araşdırmanın olmaması, hər hansı müəllifin və ya mövqeyin təsiri ilə yaranan tənqidin fəsadları çox ağır olur.   Ancaq nə qədər bilirsə, bilsin qərəz və təəssüb onun gözünü bağlamasına imkan verməməlidir. Tənqidin mənbəyi nifrət deyil, sevgi olmalıdır. Tənqid sevgidən qaynaqlanmasa, sevgi ilə təqdim edilməsə, konstruktivlik yerinə destruktiv yaradacaq. Bəzi tənqidçilər “Nədən eyni fikri mən səsləndirəndə mənfi qəbul edilir, başqası deyəndə yaxşı qəbul edilir” sualının cavabını bunda axtarmalıdırlar. Tənqidçi sadəcə, tənqid etməklə kifayətlənməməlidir, qarşı tərəfin psixoloji vəziyyətini, vaxtı və şəraiti nəzərə almalı, öz tənqidinə tənqidi yanaşmalı, elə etməlidir ki, nə tənqid olunan tərəf əzilsin, nə də mənfi nəticə hasil olsun. Tənqid birbaşa, dolayı, mülayim, hücum, ittihamedici olmaqla da bir neçə yerə bölünə bilər. Dolayı və mülayim, eyni zamanda alternativ təklifli, tənqidə açıq olan tənqid daha effektlidir. Ümumiyyətlə, əriyə bilən daşı əritmək üçün daş deyil, su olmaq lazımdır. Əriyə bilməyən daş üçün hər nə olursan ol, daş daşlığında qalacaq.

 

Yazıçı psixoloq İlqar Kamil:

Əvvəla "tənqidə dözümlülük" ifadəsi haqqında bir məsələni vurğulamaq istəyirəm. Məncə bu ifadənin işlənməsi düzgün deyil. Tənqid əgər tərəqqi üçündürsə, əgər sağlamdırsa, əgər inkişafın təməlidirsə niyə ona dözmək lazım olsun axı..? Əksinə, ona təşəkkür düşür. Təhqirə dözərlər, sayqısızlığa dözərlər və s. "Tənqidə dözümlülük" ifadəsi bizim tənqidə olan münasibətimizi ortaya qoyur.  Yenə deyirəm, tənqidə dözmək yox, təşəkkür etmək lazımdır.

Həmişə təkid edirəm ki, bir insanın uğuru zamanı onu təqdir etmədinsə, onun xətasında onu tənqid etməyə mənəvi haqqımız çatmır. Tənqidin təsirliliyi də elə buradan qaynaqlanır. Yəni o insanın tənqidi bir başqasına qarşı o zaman təsirli olur ki, o insan sizin uğurunuz zamanı sizi təqdir də etmişdir. İnsanlar var ki yalnız səhvləri göstərir, ancaq tənqid edir və xətaları bildirmək kimi bir missiya üzərlərinə götürüblər. Təbii ki, onların tənqidi uğursuz alınacaq. Ümumiyyətlə istər bir fərdin, istərsə də bir millətin, toplumun tənqidi zamanı birtərəfli olmaq uğursuzluqla nəticələnir. Bir adamın uğuru zamanı təqdir etməliyik ki, xətası zamanı tənqidimiz öz yerini tapa bilsin.

Cəmiyyətdə sağlam tənqidin formalaşması üçün həqiqi örnək olmaq lazımdır. Örnək həmişə ən gözəl islahat metodudur. Sağlam tənqidin necəliyi, forması barədə polemikalar açılmalıdır. Tənqidi qəbul etmək necə olur?!.. Tənqid edən və tənqid olunanın qarşılıqlı münasibətləri və s.  bunlar gözəl şəkildə örnək olaraq təqdim olunsa başa düşülər ki, əslində tənqid pis bir şey deyil. Örnək göstərmək lazımdır sadəcə. Kifayət qədər yaxşı örnəklər yoxdur. Adətən tənqid doğru-düzgün anlaşılmır. Bunu cəmiyyətə təqdim etmək lazımdır ki, sağlam tənqidin hansı şəkildə olması və tənqid olunanın onu hansı şəkildə qəbul etdiyini insanlar görsün. 

Və bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, tənqid sözünü termin olaraq izah etsək "tənqid" xırdalamaq və təhlil etmək mənasını verir. Yəni, tənqid yalnız zəif cəhətləri göstərməkdən ibarət deyil. Ayna misalı kimi. Hər zaman nə varsa onu göstərmək. 

 

İlahiyyatçı yazar Niyam Aqil:

Tənqid mətnin, fikrin, və ya hansısa bir ideologiyanın, dini dəyərlərin, hətta rəftarın zəif və müsbət cəhətlərini göstərən bitərəf, qərəzsiz təhlilidir. Bu, nəzərdə tutulan mətnin formasına da, məzmununa da aid ola bilər. Buna görə də, tənqidçi tənqid etdiyi predmeti ilk növbədə mükəmməl bilməlidir ki, yersiz, aidiyyətsiz iradları mətnə yükləməsin.

Məsələn,bəzən belə hallarla rastlaşırıq ki, tənqidçi modern və ya postmodern bir əsərə klassik mətn kimi yanaşıb, ənənəvi qaydada tənqid edir. Təbii ki, belə bir tənqidi ciddiyə almaq, üzərində düşünmək yersizdir.

Digər bir məsələ isə, tənqidin təhqirlə bir tutulmasıdır. Vəziyyət hər nə qədər ciddi, acınacaqlı olsa belə, tənqid  təhqirlə əvəzləndikdə, heç bir müsbət nəticədən söz gedə bilməz. Biz bunun 19-cu, 20-ci əsrin əvvəllərində şahidi olduq. O dövrün ziyalıları, cəmiyyətdəki mövcud vəziyyəti, düşüncə tərzini tənqid yox, təhqir edirdilər. Baxın, əhalinin demək olar ki, hamısı müsəlman olan bir ölkənin müqəddəs dəyərlərini açıq-aşkar təhqir, məsxərə, iztehza edənlər eyni zamanda, məktəb açıb, onlardan övladlarının həmin məktəbə təhsil, tərbiyə almağa göndərmələrini istəməsi nə qədər məntiqli sayıla bilərdi?

Ümumiyyətlə, belə bir atmosferdə tənqidçilərlə tənqid edilən cəmiyyət, təbəqə, şəxslər arasında heç vaxt dialoq qurula bilməz, onlar bir-birilərinə təsir qoya bilməz. Təəssüflər olsun ki, onların bu səhv ənənəsi indi də davam etməkdədir. Və təbi ki, bu, ziyalıların xalqla, sıravi insanlarla yaxınlaşmasına, onların arasında səmimi münsibətin qurulmasına mane olur.

Yuxarıda qeyd etdiyim faktorlar çərçivəsində tənqid cəmiyyətdə formalaşıb, lazımi yerini tuta, hətta bir zərurətə çevrilə bilər. Müsəlman cəmiyyətində bu, daha çox önəm kəsb edir. Bu mənada ki, hər bir müsəlman üçün əmr bil-məruf, nəhy ənil-münkər vacib vəzifədir. Qərəzsiz, xeyirxah tənqidi də bu dini məsuliyyətin bir nümuməsi hesab etmək olar.

Məlum olduğu kimi, tənqid, xeyirxah məqsədlə, inkişaf etdirmək, islah etmək niyyəti ilə həyata keçirilir. Əgər, buna ehtiyac duyursa, tənqidçi istənilən vaxt fikrini, dəstəyini əsirgəməməlidir.

 

Din və fəlsəfə tədqiqatçısı Emin İmanlı:

- Əvvəla, qeyd edim ki, tənqid insani bir hadisədir. İnsan var olandan bəri, tənqid də olmuşdur. İnsanlıq tarixində elə bir toplum göstərmək olmaz ki, orada tənqid olmamış olsun. Odur ki, təndiq zəruri, qaçılmaz bir nəsnədir, ona görə ki, tənqid dəyərləndirmə, yanlışı doğrudan ayırd etmək deməkdir. Əfsuslar olsun, bir çoxları tənqidlə təhqiri bir-birindən ayıra bilmirlər. Bu mənada, tənqid həmişə müsbət məna yükünü özündə ehtiva edir. Tənqidin necə olması ilə bağlı sualınıza keçməzdən öncə, tənqidlə bağlı iki fərqli yanaşmanı təfsilatına varmadan qeyd etmək istərdim. Adətən, tənqidə iki cür fərqli yanaşma var: Maksimal yanaşma və minimal yanaşma. Maksimal yanaşma ardıcılları hesab edirlər ki, xoşbəxt, harmonik bir cəmiyyət qurmaq istəyiriksə, bu vaxt bütün sahələrdə (ictimai, elmi, mədəni, incəsənət, ədəbiyyat, siyasət, iqtisad, fəlsəfə, dini düşüncə və s.) tənqid əsas olmalıdır. Çünki tənqid, əvvəla, cəmiyyətdə biliyi balanslaşdırır, daha kimsə bilik diktatorluğu ilə məşğul ola bilmir, ikincisi, cəmiyyətdə düşüncə sahəsində rəqiblər yaranmağa başlayır və üçüncü olaraq isə, tənqid bütün sahələrdə inkişaf və tərəqqi edə bilmək üçün münbit şərait yaradır. Bir sözlə, maksimal yanaşma pozitiv mövqe sərgiləyərək, daim təndiqdə açıq olmağın vacibliyini müdafiə edir. Minimal yanaşmaya gəlincə, onun tərəfdarları hesab edir ki, tənqid qaçılmaz, müsbət bir hadisə olsa da, onu təkcə istisna hallarda həyata keçirmək lazımdır. Bacardığımız qədər uzaq durmalıyıq tənqiddən. Əgər nə vaxtsa kimisə və ya nəyisə tənqid etmək istəsək, bunu həm ehtiyatla, həm də çoxsaylı şərtlər çərçivəsində etməliyik. Minimal yanaşma təndiq hadisəsinə münasibətdə neqativ mövqe sərgiləyir. Ona görə də, bu yanaşmanın tərəfdarları tənqidi çox vaxt təxribat, zorakılıq, düşmənçilik, hücum, eybləri açmaq, biabır etmək kimi qələmə verirlər.

İndi isə keçək, tənqidin necə olmasına. Tənqidin sağlam və uğurlu həyata keçə bilməsi üçün aşağıdakı şərtlərə riayət edilməlidir:

1. Əvvəla, tənqidçi müddəanı təyin etməli, bundan sonra isə o müddəanın lehinə olan sübut və ya sübutları bir-bir incələməli və sorğulamalıdır.

2. Tənqidçi "müddəa" ilə "sübut" bir-birindən ayırmalıdır və bildirməlidir ki, hansı biri ilə müxalifdir. Çünki bəzən olur, insan hansısa bir müddəanı qəbul edir, ancaq onun lehinə göstərilən sübutlarla razılaşa bilmir. Məsələn,  fərz edin, biri "Allah vardır" müddəasını qəbul edir, amma o müddəanın lehinə gətirilən filan sübutla razılaşa bilmir. Bəli, əgər müddəanı qəbul etməsə, bu vaxt həmin müddəanın ziddini isbatlamalı olacaqdır.

3. Tənqid zamanı "niyyət"lə "təndiq olunan müddəa"nı bir-birindən ayırmalıyıq. Bu, o deməkdir ki, mən tənqidimi düşüncə və ya davranışa yönəltməliyəm, düşüncə və ya davranış sahibinə deyil. Odur ki, düşüncə və ya davranış sahibinin yaxşı adam olmasından düncə və ya davranışının tənqiddən sığortalanmasını nəticə ala bilmərik.

4. Tənqidçi kimisə və ya nəyisə tənqid edərkən, onun dəlil və sübutları qeyd etməklə tənqid etməlidir. Bu isə o deməkdir ki, dəlilsiz, sübutsuz kimisə və ya nəyisə tənqid etmək doğru deyildir. Obyektiv tənqid sübutmərkəzli olmalıdır.

5. Tənqid, öncədən qeyd etdiyimiz kimi, dəyərləndirmə olduğundan, həmişə müddəanı rədd etmək anlamında deyil. Buna görə də, yaxşı olar ki, təndiq olunan nəsnə və ya olayın mənfi tərəflərini qeyd etməklə yanaşı müsbət tərəflərinə də işarə edilsin.

6. Hanısa bir düşüncə və ya davranış tənqid olunursa, bununla yanaşı, alternativ həll yolları da təqdim olunmalıdır. Çünki tənqid yanlışla doğrunu bir-birindən ayırd etməkdirsə, bu vaxt biz doğru olanı da bir alternativ çıxış yolu kimi qeyd etməliyik.            

Hesab edirəm ki, yuxarıda deyilənlərdən tənqidin xeyiri də aydın olar oxucular üçün.

Zənnimcə, bu məsələdə çıxış yolu təkcə maarifləndirmədədir. İnsanlar maarifləndirilməsə, heç bir zaman sağlam tənqid ənənəsi formalaşmayacaq cəmiyyətdə. Bütün vətəndaşlar, dövlər orqanları da daxil olmaqla, əl-ələ verib, bu istiqamətdə əlindən gələni etməlidirlər. Bu istiqamətdə tənqidnin qaydalarından, şərtlərindən, mədəniyyətindən söz açmaq olar. Bir toplumda nə qədər tolerant və plüralist insanlar çoxalarsa, bir o qədər sağlam təndidin formalaşması üçün imkan yaranar. Əxlaqi dəyərlərin cəmiyyətdə insanlara aşılanması da buna yardım edə bilər. Onu da qeyd edim ki, cəmiyyətimizdə nə qədər fəlsəfəsevər, məntiqsevər adamlar çoxalarsa, nə qədər fəlsəfə oxuyan, məntiqlə məşğul olan adamlar artarsa, nə qədər bu iki elm sahəsində kitablar və yazılar yazılarsa, seminarlar və debatlar keçirilərsə, bir o qədər sağlam təndiqin formalaşması üçün münbit bir zəmin yaratmış olarıq. 

Qeyd edim ki, kimsə tənqiddən sığortalanmayıb. Odur ki, tənqidin obyekti və ya müxatəbi barədə ayrı-seçkilik etmək doğru olmazdı. Müəyyən obyektiv səbəblərdən dolayı tənqidin zamanını təxirə salmaq olar. Tənqidin hansı niyyət və məqsədinə gəlincə, onu deyə bilərəm ki, təndiq həqiqət və haqq naminə edilməlidir. Niyyət islahat, doğrunu göstərmək, məqsəd isə fərd və cəmiyyəti tərəqqiyə doğru aparmaq olmalıdır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.