haberL haberR

Dənizdə batanların çoxu niyə gənclərdir? – psixoloq səbəblərdən danışdı

Kateqoriya: Münasibət Yayımlama tarixi: 10.08.2015 13:54:25

Dəyanət Rzayev: “Bu məsələdə psixoloji amillər də rol oynayır, ən çox öz imkanlarını düzgün qiymətləndirməyənlər batır...”
Dənizdə boğulanların sayı hər gün durmadan artır. Gün ərzində çimərliklərdə batıb ölənlərlə bağlı bir neçə xəbərlə rastlaşırıq. Belə hallar xüsusən də bu il daha da artıb. Azərbaycanda iyul ayının 7-dən avqust ayının 6-dək dənizdə, çayda, kanalda boğularaq dünyasını dəyişən insanların sayı məlum olub: bir ay ərzində 57 nəfər suda boğulub. Boğulanlardan 7 nəfəri qadın, 50-si kişi olub. Dünyasını dəyişənlər həm Xəzərdə, həm də ayrı-ayrı su kanalları, çaylar və göllərdə boğulub.
 
Diqqət etsək dənizdə boğulub ölənlərin böyük qisminin gənclər olduğunu görərik. Boğulanlar arasında yaşlılar və uşaqlar demək olar ki, yox dərəcəsindədir. Maraqlıdır, nəyə görə daha çox gənclər dəniz də boğulur? Bu kimi faciəvi hallar gənclərin lovğalığından və səriştəsizliyindən irəli gələ bilərmi?
 
Psixoloq Dəyanət Rzayev dənizdə boğulmaların psixoloji faktorlarla da bağlı olduğunu dedi: “Daha çox gənclərin dənizdə batmasında psixoloji amillər də rol oynayır. Onlar dənizin, suyun qiymətini düzgün verə bilmirlər. Burada üzə bilməməkdən yox, fizioloji səbəblərdən söhbət gedə bilər. Məsələn, elə insanlar var ki, üzməyi bacarsa da, əzələlərində yorğunluq daha tez yaranır. Yorğunluq olanda da insanlar gərək elə dənizdə kürəyi üstə uzansın. Ancaq çox vaxt insanlar panikaya düşür. Panikaya düşmək də psixoloji bir faktordur. Bundan əlavə, neçə dəfə şahidi olmuşam ki, valideynin məsuliyyətsizliyinə görə uşaqlar dənizdə batırlar. 15 yaşından 30 yaşına qədər olan gəncləri götürsək, görərik ki, bu gənclər bəzən toplu şəkildə yığışıb dənizə gedirlər. Bu zaman da özünü göstərmək və lovğalıq etmək üçün bəziləri uzağa doğru üzür. Ancaq hiss etmir ki, artıq onun ayaqları yerə çatmır. Bunun fərqinə varanda isə artıq panikaya düşür ki, mən dərindəyəm. Panikaya düşüldüyü zaman isə bütün əzələlər tez bir zamanda yığılır və sıradan çıxır. 
 
Bu cür panika vəziyyətində də batmağa başlayır. Dəniz kənarında müvafiq xilasedicilər, instansiyalar insanları bu mövzuda maarifləndirməlidir. Bəzən az yaşlı uşaq valideyni ilə dənizə gedir. Valideyn uşağı buraxır, ağzı qızışır söhbətə. İrad tutanda isə uşağın dayaz yerdə olduğunu və təhlükəli bir durum olmadığını deyir. Bir də görür ki, su axını uşağı aparıb. Ümumiyyətlə, insan öz imkanlarını düzgün qiymətləndirməlidir. İnsan yaxşı üzücü olsa belə, onun üçün ayağının yerə dəyib-dəyməməsi həyatı üçün böyük əhəmiyyət kəsb edir. İnsanlar gedib dərinlikdə üzürlər ki, ayaqları yerə dəyməsin. 
 
Onun mənası nədir axı?! Nəyinə lazımdır uzağa üzmək?! Orada daha çox istirahətə diqqət etməlisən. Əgər belə üzmək istəyirsənsə, get hovuzda üz. Orada səni xilas da edə bilərlər. Faciələrin hamısı lovğalıq, özünü göstərməklə ortaya çıxır. İnsan da var ki, adrenalin hisslər yaşamaq istəyir və dərinliyə gedir. Nəticədə isə bu adrenalin onun həyatı bahasına başa gəlir. İnsan da var ki, idmanla məşğul olmayıb. Amma üzməyi bacarır və uzaqlara getsə də, batmır. Çünki həmin insanın əzələlərinin xüsusiyyətləri elədir ki, onun əzələlərinin davamiyyəti güclüdür və özünə arxayın insandır. Ən çox öz imkanlarını düzgün qiymətləndirməyən insanlar batır”./Musavat.com
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.