haberL haberR
"...Bu saxta İslam təbliğatçılarını, bu saxta müsəlmanları tanıtdırmaq üçün İslam dinini - düzgün, olduğu kimi tanımaq və tanıtdırmaq lazımdır..."
Günümüzün əsas mövzularından biri “originallar və saxtalar”dır. Biz hər bir şeyin originalını axtarırıq, saxtasından uzaq durmağa çalışırıq, yaxşı bilirik ki, original daha faydalı və xeyirlidir, saxtaya isə imitasiya, bənzər, oxşar, təhrif olunmuş, dəyişdirilmiş, “poddelka” deyilsə də, əsl adı saxtadı, yəni əsil və original deyil. Biz bunları tanımaq və ayırmaq üçün, axtarış da aparırıq, mütaliə də edirik, tərkibini də yoxlayırıq, çünki ziyan çəkmək istəmirik, yaxşını və faydalını axtarırıq. İnsan onsuzda belə yaranıb, özünə faydalı olanı axtarır və ardınca gedir, zərər və ziyandan isə qaçır. Original və saxta məsələsi dinlərdən də yan keçməyib, mən ibtidai və fəlsəfi dinləri nəzərdə tutmuram. Çünki onlar kökündən saxta olublar və onların originalı olmayıb ki, saxtası da yaransın. Ümumiyyətlə, mənim qənaətimcə insanlar yanlışlıqla onları din adlandırıblar. Bu məsələ, yəni original və saxta məsələsi əsasən səmavi dinlərə aiddir, əlbəttə, dinimizə görə "saxta din", təhrif olunmuş (dəyişdirilmiş) din adlandırılır.
 
Allah tərəfindən ardıcıl olaraq göndərilən beş səmavi dindən dördü təhrif olunub. Allah insanlar arasından seçdiyi elçilərinə mələklər vasitəsi ilə göndərdiyi səmavi kitablar, əslində həmin dinin, daha qəqiq desək şəriətin qanunlar toplusu idi, bu səmavi kitablar şəriətin özəyini təşkil edirdi, əslində dəyişdirilmələr məhz bu kitablara olduğu üçün həmin şəriət təhrif olundu. Əgər səmavi kitablar qorunsa idi və originalları saxlansaydı, şəriətlərdə köklü dəyişiklik baş verməzdi. İslam dininin qorunub saxlanılmasının, digər dinlər kimi təhrif olunmamasının ən başlıca səbəbi bu dinin kitabı olan Qurani-Kərimin əsrlər boyu qorunması və heç bir dəyişikliyə məruz qalmamasıdır. İslam meydana gələndən bu günə qədər dünyanın hər bir yerində eyni mətnli bir Qurani-Kərim mövcduddur. Şəriətin kitabı, qorunursa, təhrif olunmursa həmin şəriət köklü dəyişikliyə məruz qalmır, ən azından saxtaları originaldan, yalanı həqiqətdən ayırmaq asan olur. Məhz bu da, təhrifə və saxtakarlığa mane olur.
 
Əlbəttə zaman-zaman İslam dinini də dəyişdirmək və təhrif etmək yolunda çox çalışdılar, hətta saxta səmavi kitab da ortaya çıxarmaq istədilər, amma buna nail  ola bilmədilər. Quranın hətta bir surəsi, bir ayəsinin müqabilində belə aciz qaldılar. Bütün bunlara baxmayaraq, çox təəssüf  ki, İslam dininə də zərbə vura bildilər. Digər dinlər kimi İslamı tam olaraq təhrif edib, aradan apara bilməsələr də, İslam və ona inananlara ciddi mənfi təsir göstərdilər. Əslində isə bütün inasanlığa bir yara vurdular və bu proses indi də davam edir. Bəzilərinin kini, bəzilərinin cəhli, bəzilərinin hiyləsi Qurana təsir göstərməsə də, bəzən onun səhv təfsirinə yol açdı, tarix təhrif olundu. Yalan hədislər doğru hədislərə qarışdı.  Nəticədə İslam dini firqələrə ayrıldı, müsəlmanlar parçalandı. Ən faciəlisi isə budur ki, bu bölünmədə elə firqələr meydana çıxdı  ki, onların yanlışı onları saxta dinin daşıyıcılarına çevirdi. Əsil dini gözdən salmaq əsas fəaliyyətləri oldu, bu isə birlik və vəhdətə ciddi maneədir.
 
Bütün bunlara baxmayaraq, İslam tam təhrif olunmayıb. Çünki, Quran toxunulmaz qalıb. Yəni həqiqi, original! İslam saxta “İslam” tərəfindən aradan getmədi. Bu işdə İslam peyğəmbərinin misilsiz rolu var, sonuncu səmavi dinin elçisi bütün bu hadisələri öncədən sığortaya almış həqiqət ardınca olanlar üçün həqiqət yolunu göstərmişdir, axtaranlar,  İslamı olduğu kimi görmək istəyənlər onu tapa bilir. Çox təəssüf ki, əşyalarda original axtarışında olanlar, dində bu məsələdə səhlənkarlıq edirlər, əslində dinin faydası bizə daha çox və daha böyük olduğu halda insan maddi əşyaların originalına daha çox üstünlük verir. Maddi nemətlərdə olduğu kimi mənəvi nemətlrədə də originalı axtarıb, tapıb istifadə edənlər əsl qazananlar olacaq.
 
Fikrimcə, bu gün ən zəruri məslələrdən biri də həqiqi İslamla, yalançı İslamın, həqiqi müəslmanla yalançı müsəlmanın tanınmasıdır. Məncə, hətta dualarımızda belə bunu unutmamalıyıq. Son illərdə Şərqdə baş verən amma bütün dünyanın diqqətini özünə cəlb edən qanlı hadisələr və müharibələr bizi düşünməyə vadar edir, belə getsə dünya həqiqi müəslmanlarla yalançı müsəlmanların daha qanlı faciələrinin şahidi ola bilər, hətta III Dünya Müharibəsi də bunlar arasında olsa təəccüblənmərəm. Artıq uzun illərdir ki, İslamı gözdən salan, müsəlmanlara ləkə olan, bəşəriyyətə düşmən kəsilən, amma adı İslamla, müsəlmanlarla, dinlə bağlı olan vəhhabilər, “Əl-Qaidə”, “Taliban”, “İŞİD”  onları müdafiə edən Səudiyyə, ərəb şahzadələri nə bilim daha kimlərin saxta İslamın daşıyıcıları olduğunu biz öz aramızda bilsək də, məsələn; bir latın amerikalı və ya avstraliyalı üçün onlar elə İslam nümunəsi və müsəlmandırlar. Bu saxta İslam təbliğatçılarını, bu saxta müsəlmanları tanıtdırmaq üçün İslam dinini olduğu kimi tanyıb-tanıtmaq hər birimizə vəzifə olub.
 
Odur ki, dində originalı axtarmaq daha vacib və zəruridir. İslamı, dinimizi olduğu kimi tanımağın yolunu isə Peyğəmbərimiz (s) göstərib. Peyğəmbərin gətirdiyi və dünyada bərabəri olmayan Quran və bərabəri olmayan Peyğəmbərimizin (s) itrəti, Əhli-beyti (ə), sonuncu din, İslam, haqq yol bunlardır. Məncə, dünya sonuna, Qiyamətə yaxınlaşdıqca bəşərin həyatında, haqqı tapmağında Quran və Əhli-beytin (ə) rolu daha da artacaq. Bəşər bir həddə gəlib çatacaq ki, Qurani-Kərim və ona tam olaraq əməl edən, Quranın əməli və canlı  nümunəsi olan Əhli-beytsiz (ə) olmağın yanlış olduğunu dərk edəcək.
 
Çox təəssüf ki, bu qədər həyati zərurəti olan Quran və Əhli-beyt (ə), əslində isə haqq olan yeganə din tam və geniş şəkildə insanlara lazımınca tanıtdırılmadı. Bu günə qədər Quranın ancaq tərcüməsi, Əhlbeyt (ə) isə yalnız digər təriqət və məzhəblərlə müzakirə fonunda tanıtdırıldı. Fikrimcə, Quranı ayə-ayə, Əhli-beyti (ə) nəfər-nəfər olduğu kimi tanıtdırmaq zəruridir. Bu dinin özüdür, gerçək İslamdır. Bəşərin nicatı da, xilası da, bundadır.
 
Heç vaxt inanmamışam, indi də inanmıram ki, Quranı və Əhli-beyti (ə) tanıyan sağlam düşüncəli, qərəzsiz insan onları qəbul etməsin, buyurduqlarına əməl etməsin. Məncə, əsas olan bunları - dini tanımaq və tanıtdırmaqdır, sonrasını insan Allah verən ağlıyla dərk edəcək.
 
Hacı Namiq Babaxan (dinşunas) / İslamazeri.az üçün
 25 aprel 2015 – Kiyev, Ukrayna
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.