haberL haberR

Eduardo Anielli İslamı necə qəbul etdi? (Araşdırma)

Kateqoriya: Araşdırma Yayımlama tarixi: 25.01.2016 12:37:53

Başqalarından fərqli olaraq həmişə Eduardonun əhatəsində olan azsaylı əqidə dostları bu hadisənin mümkünsüzlüyünü deyirdilər.

Haqqında söhbət açacağım bu əhvalatı oxuduqca sizi də mənim kimi təəccüb və həyəcan bürüyəcək. İçinizi sükunətdə saxlayacaq ötən yüz ilin əqidə seçimində yaşanan bu faciə bir çoxlarını şoka saldı.

  
Doğru əqidə seçimində milyardlarla dollarından, böyük həcmli varislik hüququndan imtina edən, İtaliya klanında yüksək mənsəbə malik əbədi təminatlanmış bu şəxs sonunda şiəlik əqidəsini qəbul etdiyi üçün böyük təzyiqlərə, mənəvi, maddi sıxıntılara məruz qaldı. Onun əlindən alınan hüquqları ilə xristianlığın mərkəzi olan İtaliyada getdikcə daha çox dərinləşən inamından təhlükəyə düşənlər son qərar olaraq onun qətli üçün plan hazırladılar.
  
Beləcə 2000-ci il noyabrın 15-i Turin şəhərində İtaliyanın qeyri-rəsmi şahı sayılan məşhur Aniellilər klanının tək varisi, şiə əqidəli Eduardo Anielli gözlənilmədən özünü hündürlüyü 100 metrdən artıq olan körpüdən atıb öldürdü. İlkin baxışlara əsasən hadisə Avropada hər gün minlərlə özünə qəsd edən şəxslərin aqibətindən heç nə ilə fərqlənməsə də, məsələ araşdırıldıqca yeni müəmmalar bir çox qaranlıq məqamları ilə bu ölüm hadisəsinin yeni faktlarını üzə çıxardı. İki ilə yaxın heç bir araşdırmaya yol verməyən Anielli klanının qoca sahibi, senator Covanni Anielli oğlunun ölüm hadisəsini araşdıran müstəqil araşdırmaçıların, bir çox jurnalistlərin həbs olunmasına təşkilatçılıq etdi.
  
2000-ci ildə İtaliyanın "Yuventus" və İngiltərə klublarından biri arasında futbol oyununun başlanğıcında Anielli klanının tək varisi Eduardo Aniellinin vaxtsız ölümünü bir dəqiqəlik sükutla yad olundu və klan başçısı Covanni Anielliyə başsağlığı verildi. Onun gözlənilməz ölümü Italiyada rezonans doğursa da İtaliya mətbuatında bu hadisə birmənalı qarşılanmadı. Belə ki, onların bir çoxu Eduardonun narkotika düşkünlüyü nəticəsində özünə qəsd etdiyini yazır, bəziləri onun artıq bir dəfə ruhu xəstəlikdən əziyyət çəkdiyindən bunu intiharın səbəbi kimi göstərirdilər. Hadisənin motivlərini bu günə qədər üzə çıxarmayan prokuror Vapsini isə hadisəni araşdırdığını deyirdi.
 
Hadisədən sonra Eduardonun körpüdən düşüb öldüyü ərazi polis işçiləri tərəfindən nəzarətə alınır. Hadisəni işıqlandırmaq istəyən kütləvi informasiya vasitələrindən heç biri əraziyə buraxılmır. Oradan götürülən predmetlər gizlədilir, cəsəd isə ekspertizadan keçmədən ertəsi gün Aniellilər ailəsinə məxsus qəbristanlıqda dəfn olunur, bununla da bu mövzuya son qoyulur.
  
Bir müddət müstəqil jurnalistlər bu hadisəni araşdırmağa çalışsalar da Aniellilərin sərt təzyiqilə üzləşdikdən sonra bunu özünəqəsd qiymətləndirərək öz yazılarına son qoyurlar. Lakin bu söhbətlər səngimə ərəfəsində ikən İran-İtaliya müştərək saytlarının birində yayılan məlumat hamını şoka saldı. Məlumatda bildirilirdi ki, Eduardo Anielli şiəliyi qəbul etdiyinə görə təzyiqlər nəticəsində öldürülmüşdür.

Nəhayət 2003-cü ildə bir qrup İranlı jurnalistin araşdırması hadisəni tam araşdıraraq həqiqət simasını cilvələndirdi.

Eduardo Anielli. O, kim idi?

Eduardo, İtaliyanın varlı sahibkarlarından biri, qeyri-rəsmi şah adlandırılan Aniellilər klanının ən nüfuzlu şəxsi senator Covanni Aniellinin oğludur. O, 1954-cü ildə, yanvar ayının 6-da Amerikanın NyuYork şəhərində dünyaya gəlib. Anası fransız, atası italyandır. Orta təhsilini İtaliyanın Turin şəhərində alan bu gənc ali təhsilini London şəhərində şərq fəlsəfəsi istiqamətində davam etdirmişdir. Qeyri-adi istedadı sayəsində bir çox nailiyyətlər əldə etmiş və doktorluq dərəcəsinə qədər yüksəlmişdir. 

Ailənin özünə gəlincə isə Aniellilər ailəsi Italiyanın ən varlı ailələri arasında öncül olaraq böyük maliyyəli bizneslə məşğul olan klandır. Dünyanın bir çox ölkələri ilə müqavilələri olub onlara avtomobil ixrac edən "Fiat" firması da Aniellilər ailəsinə məxsusdur. Eyni halda bir çox zavod və fabriklərə malikdirlər. Vertalyot istehsal edən böyük zavod, böyük sahələri əhatə edən əkinçilik kompleksləri və məşhur "Yuventus" futbol klubu da bu ailənin maliyyələşdirdiyi qurumlardandır.

Eduardo varlı təbəqənin xüsusiləşmiş ailəsində dünyaya gəlsə də var-dövlət və əyləncəyə o qədər də meylli olmur. Elə uşaq yaşlarından elmə olan böyük marağı sonradan onu fəlsəfəylə maraqlanmağa sövq edir. Elə fəlsəfə də onu özünün dərinliklərinə çəkir. O, daha sonralar fəlsəfi məktəblər daxilində yaranan ideoloji mübarizələri və təriqətlər arasındakı fərqləri araşdırmaqla məşğul olur. Eduardonun məşhur klan daxilində ən böyük məşğuliyyəti əsası babası tərəfindən 100 il öncə qoyulan "Yuventus" futbol klubunun oyunlarında iştirak edib ona azarkeşlik etmək olur. O, hətta bir müddət klubun rəhbərliyini də öz üzərinə götürür. Oyunçularla daimi münasibət və bərabərlik nümayiş etdirərək onlarda ruh yüksəkliyi yaradır. Lakin bu, onun araşdırmaları üçün ayırdığı vaxtı məhdudlaşdırdığı üçün futbola rəhbərlik etməkdən əl çəkməli olur. Həyatının son günlərinə qədər dini araşdırmalar və təriqətlər haqqında elmi baxışların təhlili ilə məşğul olur. O, eyni halda insan hüquqlarının müdafiəsi yönündə də çalışır.
  
Bu, onun həyatı haqqında ictimaiyyətə təqdim olunan qısa məlumat idi. Onun ölümü isə müəmma dolu bir aləm olduğu üçün bir qrup müstəqil İranlı jurnalist onu araşdırmağa başlayır və heç bir çətinliyə baxmayaraq indi sizə təqdim edəcəyimiz faktları üzə çıxara bilirlər.
 
Beləcə, Eduardo Aniellinin şəxsi münasibətləri, dostları, onu tanıyanlar. 

Hadisəni İranın İtaliyadakı səfiri Məhəmməd Həsən Qədiri nəql edir: "Bazar günü olduğu üçün səfirlik işləmirdi. Mən öz otağımda idim. Aşağıdan zəng vurdular ki, bir nəfər səfirlik mənsublarından biri ilə görüşmək istəyir. Mən səfirliyin bazar günü işləmədiyini xatirladıb onun sabah müraciət etməsini istədim. Lakin qapıçı gələn şəxsin "Allah bütün bağlı qapıları açandır" söylədiyini bildirəndə maraqla aşağı endim. 25 yaşlı hündürboylu gənc özünü təqdim etdi: Eduardo Anielli". 

Mən onun məşhur klanla hər hansı bir əlaqəsinin olduğunu soruşduqda o, senator Covanni Aniellinin tək oğlu olduğunu söylədi. Bu, təbii ki, məni çox təəccübləndirdi. Çünki bu ailə İtaliyanın siyasi-iqtisadi həyatında xüsusi rol oynayırdı...
  
Eduardo öz araşdırmalarının qaranlıq qalan tərəflərinə cavab tapmaq üçün səfirliyin bu işdə ona kömək etməyini xahiş edir. Bununla da İran səfirliyi ilə Eduardonun sıx əlaqələri başlayır...
  
Bu əlaqələr arxasında gizlənən araşdırmaların anlaşılmaz tərəflərinə cavab axtaran Anielli bu işdə ona köməkçi olmalarını istəyir. İran İtaliya İslam hərəkatının üzvləri iki qardaş olan Hüseyn və Məhəmməd Abdullahi qardaşlarının Eduardo arasında olan dostluqları bu xatirələr qoynunda maraqlı faktları üzə çıxardı.

Doktor Hüseyn Abdullahi: O, dinlər haqda geniş araşdırmalar aparır, maraqlı tədqiqatlar nəticəsində müəyyən təhlillər edirdi. Məhz bu araşdırmaların nəticəsi olaraq o, şiə əqidəsini qəbul etmişdi. Euardo hələ 20 yaşında (1974) ikən bir gün universitet kitabxanasında kitablar qarşısında əlinə Qurani-Kərim çıxır. Böyük maraq dairəsində olduğu Quranın mənəvi dünyasından zövq alan Eduardo İslamın zəngin din olması düşüncəsini öz içində bir daha təsdiqləyir.
  
O dövrün İranın İtaliyadakı səfirliyinin mədəniyyət şöbəsinin başçısı Salman Səfərinin söylədikləri: Onun səfirliyə gəlməsinə təəccüb etdim. Xristian təriqətli Anielli klanı və İran İslam Respublikasının səfirliyi? O, məndən məsələ olaraq öyrənmək istədiyi fikir olduğunu bildirdi. Bunun nədən ibarət olmasını soruşduqda o, qəbul etdiyi şiə əqidəsini hər kəsə bildirməli olduğunu və ya gizli saxlanmaqda günah olub olmadığını bilmək istəyirdi. Bu barədə mən onun azad olduğunu, heç bir məcburiyyət olmadığını söylədim. O isə bu işin gizli qalmasının daha çox əhəmiyyət kəsb etdiyini bildirdi.
  
Şiə araşdırmaçısı Fəxrəddin Hicazi: Mənə bir gəncin mənimlə görüşmək istədiyini dedilər. Biz görüşdüyümüz zaman o, şiə əqidəsi haqqında müxtəlif şeylər soruşdu. Mən isə onun sorğularını lazımi qədərincə cavablandırmağa çalışdım. Sonda o, bu haqq dini qəbul etdiyini bildirdi. Lakin məndən xahiş etdi ki, onun bu əqidəni qəbul etməsini kimsəyə söyləməyim. O, getdikdən sonra mən onun kimliyininn soruşduqda onun məşhur senator Covanni Aniellinin oğlu Eduardo olduğunu bildirdilər. O, şiəliyi qəbul etdikdən sonra adını dəyişdirib Hişam qoydu. Əlbəttə, bu barədə yalnız ona yaxın olanlardan savayı heç kəs bilmirdi.


 Eduardo Aniellinin İran İnqilabının rəhbəri İmam Xomeyni ilə görüşü haqqında Ayətullah Rəfsəncani öz kitabında yazırdı: "İranda baş tutan görüşdə onlar İslam dünyasının problemlərindən danışdılar. Gələcəkdə düzəldilməsi mümkün olan işlər haqqında fikir mübadiləsi apardıllar." 

Sonralar Eduardo, İmam Xomeyni ilə olan görüşünü həyatının bütünlüklə dəyişməsində xüsusi rol oynadığını deyirdi. Bəlkə də bu səbəbdən də Eduardo, İmam Xomeyninin qucaqlayıb öpdüyü ilk və son xarici vətəndaş idi.
  
Bu hadisədən xəbər tutan İtaliya mediası Eduardonun İmam Xomeyni tərəfindən tilsimləndiyini yazdı. Bu yazılarda onun İslamı qəbul etməsi əsla qeyd olunmurdu. Təbii ki, bu xəbər senator Aniellini heç də sevindirmədi.
  
Turin şəhəri az qala bütövlüklə Anielli klanına məxsus idi. Bu klana aid olan bir çox zavod, fabrik, şirkətlərdə şəhər əhalisinin 70-80%-i işlə təmin olunmuşdu. Lakin təəccüb doğuran hal bu ailənin yeganə oğlu və varisi Eduardonun İslamı, xüsusilə də şiə əqidəsini qəbul edəndən sonra onun maddi çətinlikdə boğulması idi. O, təhqir olunur, böhtana məruz qalır, hətta həbs də olunurdu.

Doktor Hüseyn Abdullahi deyir: O, heç bir şey istəmir, durumundan şikayətlənmirdi. Eduardo sıxılır, əzilir, təhqir olunurdu. Onun hər nəyi vardısa əlindən alınmışdı. Lakin o, əqidəsi naminə buna dözürdü.
Katolik xristianlığın beşiyi sayılan İtaliyada klanın nüfuzunu qorumağa çalışanlar, başda Covanni Anielli olmaqla Eduardoya təzyiq göstərirdilər. İmkanları əlindən alınmaqla ona an-ba-an təzyiq artırdı. Getdikcə səfalət həddinə qədər enən Eduardo bunu əqidəsi yolunda bir imtahan adlandırırdı. Təzyiqlər isə davam edirdi.
  
Onun dostları bildirirdilər ki, Turin şəhərinin yuxarı ətrafında yerləşən Aniellilər qəsri heç bir ictimai nəqliyyat vasitəsinin keçə bilmədiyi ərazi olduğu üçün burada gediş-gəliş yalnız xüsusi nəqliyyatla mümkün idi. Bu baxımdan da Eduardo çox çətinlik çəkirdi. Şəxsi maşını olmadığı üçün evə taksi ilə gələrkən yol haqqını dostları ödəyirdi. Lakin o, təmkinli olmağa çalışır, təbəssüm edir və Allah yolunda iradəli olmağın önəmli bir şərt olduğunu söyləyirdi.
Senator Covanni Aniellli Eduardonu bu yolla əqidəsindən döndərə bilməyəcəyini görüb yeni bir təzyiqə əl atacaqdı. Onun bu dəfəki təzyiq vasitəsi Eduardonu ruhi xəstəxanaya yatırması oldu.
  
Eduardo yəhudilərdən ibarət tibb heyətinin əlində bir gün öldürüləcəyini deyirdi. O, bu imtahana da dözdü.
  
Aldığı şərq fəlsəfəsinin elmi incəliyi, qəbul etdiyi İslam dininin mənəvi təfəkkür genişliyi və dostlarının əlaqələri onun tam sağlam olmasına əsas verərək ruhi xəstəxanadan çıxmasına kömək oldu. Xəstəxanadan çıxandan sonra dostları ona ölkəni tərk etməyi tövsiyə etdilər. Onun İrana getməsi daha məqsədəuyğun göründü. Lakin çox çalışsalar da Anielli klanı buna imkan vermir. Hətta İran hava yolları da Eduardonun bu ölkəyə getməsini təmin edə bilmir. Səbəb isə Covanni Aniellinin bu işə qoyduğu açıq qadağa idi.
  
80-ci illərin sonu əqidə baxımından atası ilə yaranan konfliktlərin ardınca və İtaliyanın nüfuzlu orqanlarının Eduardonun İslamı qəbul etməsini duyduqdan sonra senator Covanni Eduardo Anielli son addımını atdı. O, tək varisi, ailəsinin tək övladı Eduardonu varislikdən rəsmi surətdə məhrum edir. Bu addımına bir neçə şeyi əsas səbəb gətirsə də İslam bütün bunların fövqündə dururdu. Klan işlərinin idarə şurası Eduardonun bibisi oğlunu varis olaraq elan edir. Eduardo bu xəbəri eşidəndə bibisi oğluna məktub yazaraq varisliyə görə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.

Eduardonun bundan sonrakı həyatı dini problemlərin həlli, ac və səfillərin acınacaqlı həyat tərzinin yaxşılaşdırılması istiqamətində davam edir. O, bir çox şəhərlər gəzir, İran-İtalyan cəmiyyətinin xətti ilə yardımlar göstərir. 1990-cı ildə o, Keniyaya, Xose Marina şəhərinə yollanır. Bu çəhərin ən kasıb məhəllələrində yaşayan müsəlman zəncilərlə görüşür, onların taleyi, yaşayış tərzləri haqqında maraqlanır. Burada qalmaq Eduardo üçün yerli camaatla daha yaxın ünsiyyət qurmağa əsas verirdi. 

Bir gün o, məhəlləni dolaşarkən qonşuluqda onunla bərabər yaşayan iki avstraliyalinin elə küçədəcə narkotik maddə qəbul etdiyini görür. Onlara yaxınlaşan Eduardo bu əməlin Allah tərəfindən mənfi olduğunu söyləyir, eyni halda başqalarına da mənfi təsir qoyacağını bildirir. Bu hadisədən bir gün sonra isə klan tərəfindən qurulan oyunla həmin iki avstraliyalını həbs edən polis işçiləri qonşu evdə yaşayan Eduardonu da həbs edirlər. İttiham olaraq bildirirlər ki, guya o, həbs zamanı əlində olan 300 qram narkotik maddəni pəncərədən həyətə atıb. Beləliklə Eduardo, avstraliyalılar ilə birlikdə həbs olunur.

Qısa bir müddətdə İtaliya mətbuatı Eduardonun narkotika ilə məşğul olan düşgün narkoman olduğunu yazırlar. Oğlunun nüfuzunu guya qorumağa qalxan Covanni Anielli Keniyaya gəlir və Eduardonu İtaliyaya qayıtmasını, bu işin isə vəkillər tərəfindən yoluna qoyulacağını təmin edəcəyini bildirir. Ancaq Eduardo bununla razılaşmır. Özü bu işlə məşğul olacağını, həqiqi adını bərpa edəcəyini bildirir.
 
Məhkəmədə şahid qismində olanlar Eduardonun narkotikanı pəncərədən atdığını iddia edirlər. Belə olan halda Eduardo onu həbs etdikləri yerə aparmağı və şahidlərin bu hadisəni gördükləri kimi göstərmələrini xahiş edir. Bu xahişi qəbul edən müstəntiqlər şahidlərlə birlikdə müttəhimi hadisə yerinə gətirirlər. Həmin evin sahibi göstərilən pəncərənin artıq neçə ildən bəri bağlı olduğunu və açılmasının mümkün olmadığını deyir. Məhz danılmaz fakta əsaslanandan sonra Eduardo azadlığa buraxılır. O, Turinə qayıdır.
  
1997-ci ildə Eduardonun varisliyə təyin olunmuş bibisi oğlu qəflətən dünyasını dəyişir.
  
Bundan sonra Covanni Anielli, qızının milliyyətcə yəhudi olan ikinci ərindən dünyaya gəlmiş oğlunu Con Elkonanı varis təyin edir. Lakin birinci varislikdən fərqli olaraq Eduardo kökü yəhudi olan Conun varisliyini çox sərt qarşılayır, kəskin surətdə bildirir ki, varislik hüququnu geri qaytaracaq. Pulun heç zaman əsas məqsəd deyil, yalnız vasitə olduğunu deyən 46 yaşlı fəlsəfəçi Eduardo öz hüquqlarını müdafiə etməyə qalxır.
  
Getdikcə işin mürəkkəbliyini görən dostları ona ehtiyatlı olmağı məsləhət bilirlər. O isə deyirdi: Nə qədər ki, atam sağdır, mənə heç bir şey edə bilməzlər.

O, öldürüləcəyini bilirdi.

Hüseyn Abdullahi: Onun ölümündən bir həftə qabaq biz bir yerdə idik. Mən ertəsi gün İrana gedəcəyimi ona dedim. O da getmək istəyirdi. Bir an düşünüb yaxın zamanda İrana gələcəyini bildirdi.

Hüseyn Abdullahi ilə son görüşündə yaxın müddətdə İrana gələcəyini, bu ölkədən siyasi sığınacaq alıb yaşayacağını, dini-elmi mərkəz olan Qum şəhərində dini təhsilini davam etdirəcəyini söyləmişdi.

Hüseyn İrana yola düşəndə o, növbəti görüşlərinin İranda olacağına inanırdı.

Lakin onların son görüşündən bir həftə sonra 2000-ci il noyabr ayının 15-i General Franko adına körpünün üstündə Eduardoya məxsus avtomobilin qapıları açıq halda durduğunu görən Fiat şırkətinin işçilərindən biri Frankini maşınından düşür. Eduardonun maşınına yaxınlaşır.

Maşında heç kəsin olmadığını görəndə maraq və həyəcanla yaxınlıqdakı maşın təmiri məntəqəsinə gəlir. Heç bir şey öyrənə bilməyib yenidən geri qayıdır. Ətrafı gəzir və 100 metr hündürlükdən aşağı, çınqıllıqların üstündə Eduardonun cəsədini görəndə dəhşətlə qışqırır.
  
Ölüm xəbəri sürətlə yayılır. Başqalarından fərqli olaraq həmişə Eduardonun əhatəsində olan azsaylı əqidə dostları bu hadisənin mümkünsüzlüyünü deyirdilər.

Eduardonun yaxın dostlarından birinin araşdırmaları və göstərdiyi faktlar çox maraqlı idi.
 
Bu faktlar Eduardonu başqa yerdə öldürüb cəsədini özünəqəsd kimi körpüdən atıldığını təsdiqləyirdi.

Bu işlə məşğul olan prokurorluq isə nəinki işin gedişini izləməyi, hətta bu barədə maraq göstərənləri də təzyiqə məruz qoyurdu.

Beləcə Aniellilər klanına məxsus böyük mafiya Eduardonun ölüm faktını özünəqəsd kimi qiymətləndirərək bu işi bitmiş hesab etdilər. Turindən 40 km aralıda, Aniellilərin şəxsi qəbristanlığında yalnız yaxın ailə üzvlərinin iştirakı ilə Eduardo xristian təriqətilə dəfn olundu.

Baş verən hadisə xristianlığın ürəyi sayılan İtaliyada cərəyan etdiyindən şiə təriqətli insanın qətlə yetirilməsi danılmaz bir fakt idi.


Əbülfəz Bünyadov/İslamazeri.az üçün 

(arxiv)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.