haberL haberR

Ehtiyatda olan hərbçi Aşuradan yazdı

Kateqoriya: İslam Yayımlama tarixi: 22.10.2015 18:43:08

"Aşurada nənəm bizi Bakının "Göy Məscid"inə (Əjdərbəy məscidi – D. Ş.) aparardı"

İnterAz ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi zamanı XTPD (OMON) Çevik Zirehli Dəstəsinin komandiri, (sonra) 123-cü həmlə-zərbə alayının tank batalyonunun komandiri, (daha sonra) 123-cü alayın qərargah rəisi Nazim Bayramovun "Biz və Aşura" adlı yazdığı məqaləni sizlərə təqdim edir

Sovet dövründə biz və Aşura

Aşurada nənəm bizi Bakının "Göy Məscid"inə (Əjdərbəy məscidi – D. Ş.) aparardı. Məscidin qabağında Partiya Nəzarəti, Komsomol Nəzarəti, milis, DTK, Azyaşlı Uşaqlarla İş Üzrə Rayon Komissiyası və sonra "Aktivistlər" – könüllü köməkçilər – iki-iki, üç-üç dayanırdılar, bəzən gələnlərin fotoşəklini çəkirdilər, videoyazılar aparırdılar.

O zaman milli ənənələrimizdən biri kimi qəbul etdiyimiz (və bu əslində də beləymiş) Aşura əzadarlığına görə təgiblər bizdə daxili etiraz oyadırdı. Buna görə artıq komsomolçu yaşlarımızda da Aşurada məscidlərə gedirdik. Kommunist Aşurada məscidə getsəydi, Mərkəzi Komitəyə siqnal gedirdi: "Kommunist "Məmmədov" dünən filan məsciddə Aşurada olub. Tədbir alın. Məruzə edin".

Daha ciddi təzyiqlər dövrü də olmuşdu. Bir müddət Aşuranın keçirilməsini qadağan etmişdilər. Qadağa dövründə cənub rayonlardan birində bir inanclı kişinin oğlu rəhmətə getmişdi. Kişi əllərini göyə qaldırıb, dua etmişdi ki, "Şükür ya Allah, bir qoçumu apardın, amma Aşuraya yığışmağa bir bəhanə verdin."
Beləliklə, kommunist basqısı altında, Bakının yarısının rus, erməni, yəhudi olduğu şəraitdə Aşura və Məhərrəmlik saxlanıldı, yaşandı, azad dövrümüzə çatdırıldı.

Müstəqil Azərbaycan, biz və Aşura

Yeni milli özünüdərketmə prosesi dövründə bir çox dəyərlərimiz kimi Aşura adətimiz də yenidən reviziya olunmaqdadır.

Bu gün bu proses kortəbii gedir və bir çox hallarda daxili və xarici məqsədli mənfi təsirlərə uğrayır. Bəziləri Kərbəla hadisəsinin özünə, mahiyyətinə varmadan, milli kodlarımızda tutduğu yeri anlamadan (yaxud anlayaraq, ancaq qəsdən), Kərbəla matəminin ərəb və fars əzadarlığı şəklində keçirilməsini əsas gətirərək, "inqlabi" ruhla Aşuranı milli dəyərlərimizə zidd elan edir və rədd edirlər.

İslamı qəbul etmiş xalqların islamdanqabaqkı mədəniyyətləri və inancları, qəbul etdikləri islama da təsir etmişdi. Bu təsir həm zahirdə- ənənələrdə, həm daxildə- bu xalqların islam dünyagörüşündə öz izini qoyub, dini ayinlərin şəklində müəyyən rol oynamışdı. Bu, təbiidir. Azərbaycanın da öz islamdanqabaqkı matəm mədəniyəti və ənənələri olub və biz başqa xalqları təqlid etməyə məcbur deyilik.

Lakin məsələnin zahirini əsas götürən və Kərbəlanın bizə lazımsız olduğunu, xarici siyasi təsir potensialına görə ehtiyatlanıb, Kərbəlanı milli yaddaşdan silə biləcəklərinə inananların diqqətinə çatdırmaq istəyirəm ki, sosiologiyanın banisi G. Lebon elmi əsərlərində əsaslandırıb ki, bir dəyərin milli ruhda kök salması, millətin xasiyyətində və dünyagörüşündə sabit yer alması üçün xalq, toplum 1000-1300 il bir istiqamətdə iradəli hərəkət etməlidir. Kərbəla müsibəti millətimizin mədəniyətində, ədəbiyyatında, əxlaqında və dünyagörüşündə dərin kök salıb və onu kodlardan çıxarmaq istəyən bilməlidi ki, bunun əksinə bir o qədər də zaman davamlı, ardıcıl hərəkət etməli olacaq. Yəni xalqımızın Aşura adəti ilə düşmənçilik bizə təfriqədən, bölücülükdən, milli mədəni köklərimizdən müvəqqəti və ziyanlı ayrılıqdan başqa heçnə verməyəcək.

Aşuradan imtina ilə yaranmış boşluğu bəlli və naməlum ideologiyalar və ideyalar dolduracaq. Necə ki, gözümüzün qarşısında vəhhabilik Çeçenistanda ənənəvi teyp (tayfa) quruluşuna uyğunlaşmış sünniliyin şafei məzhəbinə qarşı çıxdı, yerinə qan və iztirab gətirdi, ancaq xalqın tamam əksəriyyəti ənənəvi inancında qaldı.

Xalqın inancları üzərindən eksperimentlər aparmaqdansa, daha doğru olmazmı ki, Kərbəla hadisəsinin əsl, ümumbəşəri mahiyyətini açaq və milli-dini dünyagörüşümüzü və ənənələrimizi xurafatdan təmizləyək, xarici siyasi təsirlərə qarşı immunitet yaradaq?

Kərbəla qətliamı millətə 18-ci ilin, 92-ci ilin qətliamlarını unutdurmur, onların səbəblərini daha dərindən anlamağa yardım edir. Kərbəla şəhidləri üçün matəm edib, Xocalı qurbanlarını ildə bir gün yad etməyimiz də, gözümüzün qarşısında qazilərimizin özünə od vurub yandırmalarına biganə qalmamız da, Kərbəlanı bilmədiyimizdən, onu ruhsuz ayinə döndərməyimizdəndi.

Bəziləri Kərbəlaya məzhəbçilik gözü ilə baxırlar. Halbuki, İmam Hüseynin Mübarizəsi və Şəhadəti müsəlmanların ortaq dəyəridir. Kərbəla hadisəsi zamanı məzhəblər hələ yaranmamışdı. Məzhəblər bir neçə yüz il sonra yaranmağa başladılar. Ona görə Kərbəladan müsəlmanlararası ayrıcılıq və məzhəb qarşıdurması üçün istifadə etmək- nonsensdi.

Aşuranın tarixi Kərbəladan başlamır. Tövratda, İncildə və Quranda peyğəmbərlərin və xalqların həyatı üzərindən Allah insan və bəşəriyyətin inkişafında mühüm əhəmiyətli, ortaq simvolik hadisələr haqqında bildirir. Bunlar, həzrət Adəmin tövbəsi və bağışlanmansı, həzrət Nuhun tufanı və gəmisiylə quruya çıxması, İbrahim peyğəmbərin oda atılması və yanmaması, həzrət Musanın rəhbərliyi ilə İsrail oğullarının Firon zülmündən xilası və bu kimi hadisələrdi. Yəhudilərin və müsəlmanların inancına görə bu, xüsusi əhəməyitli hadisələrdən bir sırası məhz Məhərrəm ayının ilk ongünlüyündə (aşurasında – dekadasında) baş verib. Yəhudilər də Aşuranın müəyyən günlərində oruc tuturlar, ehsanlarda bulunurlar.

Kərbəla hadisəsi də 7-10 Məhərrəm hicri 61-ci ildə baş vermişdi.

Hadisənin faktiki konteksti iki aşkar yolun- haqqın və zülmün- əzəli və əbədi mübarizəsinin kulminasiyasıdır.

Aşura hərəkatının gedişatına bir baxış

Uzurpator Müaviyə həyatını başa vurarkən hakimiyyəti oğlu Yezidə ötürür. Ötürərkən, ona deyir ki, sən bütün İslam coğrafiyasından beyyət ala bilərsən, dörd nəfərdən başqa. Bunlar Əbu-Bəkrin oğlu Əbdürrəhman, Ömərin oğlu Abdullah, Zübeyrin oğlu Abdullah və Əli ibn Əbu Talibin oğlu Hüseyndi.

Müaviyə öləndən sonra Yezid bu dörd nəfərdən özünə beyyət istəyir. Bu məsələ cərəyan edən zaman Əbdürrəhman ibn Əbu-Bəkr dünyasını dəyişir. O, 4 nəfərdən ən yaşlısı olur. Abdullah ibn Ömər evinə çəkilir. Yezid ona dəymir, çünki yaxın qəbilərərdən idilər. Abdullah ibn Zübeyr gedir Məkkəyə. Hz. Hüseyn də beyətdən imtina edərək, gedir Məkkəyə, Kəbəni ziyarət etməyə. Lakin ziyarətini yarımçıq qoyur, çünki ona xəbər çatır ki, Yezid muzdlu qatillər göndərib. Beytullahda (Allah evində – D. Ş.) qan tökülməsin deyə, İmam Məkkəni tərk edir və Küfəyə, onlara başçılıq etməyə yola düşür.

Küfədə gözlənilən qiyamın qarşısını almaq üçün Yezidin təyin etdiyi Küfə valisi İbn Ziyad qiyam təşkilatçılarını həbs edir və qətlə yetirir, qiyamı başlamamış boğur. Təşkilatçılarsız qalmış Küfə qiyamı baş tutmur. Küfə qiyamçılarının həbsi xəbəri İmam Hüseynə, karvanı artıq Kərbəla deyilən yerdə olarkən, çatmışdı. Yezid ordusu tərəfindən mühasirəyə alınmış Hz. Hüseynə bir daha beyət tələbini göndərir. İmam Hüseyn Yezidin göndərdiyi İbn Sədə cavab verir: "Yezidə de ki, mənim kimilər onun kimilərə heç vaxt beyət etməyəcək".

İmam Hüseynlə olan Əhli-beyt mənsubları, o cümlədən, körpə uşaqlar, səhabələri və İmamın tərəfinə keçmiş, onu mühasirəyə alan ordu komandanı (Hürr ibn Yezid Riyahi – D. Ş.) 3 gün ərzində döyüşərək, öldürürürlər. Sonda meydanda tək döyüşərək, İmam Hüseyn (57 yaşında) Şəhid olur.


Kərbəla hərəkatının mahiyyəti

Kərbəlanın bir neçə daim aktual məqamı var: İki yolun- nur və qaranlıq yollarının əzəli və əbədi mübarizəsi. Bu yollar Adəmdən və təkəbbürünə görə şeytan olmuş İblisdən başlayır, Adəm oğlanları Habil və Qabillə davam edən yollardır. İnsan mövqeyinə görə daim bu yolların ya birində, ya o birisində, ya da bu yolların arasında olur.

İkinci mühüm məqam, əks tərəflərin əqidəsi, əxlaqı və davranışlarıdır.

Üçüncüsü, xalq kütlələrinin mövqeyi və davranışlarıdır.

Dördüncüsü, zülmə əyilməmək dərsidir.

Beşincisi, zəmanənin yezidlərini və hüseynlərini tanımaq, yezidlərə beyət etməmək, onlara rəğbət bəsləməməkdir.

Həyatımızdakı zülm və ədalətsizlikləri Kərbəla üzərindən oxuyanda, hansı yolda, mövqedə olduğunu insan daha doğru və dəqiq anlayır. Nəhayət, Kərbəla hadisəsində Şəhadətin izzəti və İmam Hüseynin İslamın mübariz ruhunu yaşadan böyük missiyası var.

Kərbəla hadisəsində Yeziddə gördüyümüz hakimiyyətpərəstlik, Əmr ibn Asda və İbn Ziyadda vəzifə- və mənafepərəstlik, xalqda gördüyümüz zillət- gücə boyun əymə, zalıma rəğbət (Küfəyə yola çıxarkən hz. Hüseyni yolda görmüş bir ərəb şairi deyir, "Ya Hüseyn getmə Küfəyə! Vallah, küfəlilərin ürəyi səninlə, lakin qılıncları Yezidlədir"), üstün gücün tərəfində mövqe tutmaq, qarşı tərəfdə isə məzlumun çarəsizliyi, doğru əqidə uğrunda mücadilə bu gün yoxdurmu?!

Haqpərəstlik hər insanda fitrətən (potensial olaraq) var. Bu baxımdan haqq və insani ləyaqət məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda zülmə baş əyməmək, hər gün, harada olsaq haqqın tərəfində mövqe tutmaq və mübarizə aparmaq- "hər gün Aşuradı, hər yer Kərbəla" şuarının çağırışıdır.

(Yazı Dilman Şahmərdanlı tərəfindən Nazim Bayramın sosial şəbəkədəki "status"undan götürülüb hazırlanmışdır).

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.