Elmar Hüseynovun qətlindən 11 il keçdi
Martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 11 il ötür.

11 il öncə ölkə rəsmiləri qatillərin tapılacağına söz versə də, hələ də günahkarlar cəzalarına çatmayıb. O zaman cinayət işinin istintaqı üçün ABŞ və Türkiyənin xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq qətli Tahir Xubanovla Teymuraz Əliyevin törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqladı. Amma həmin şəxslər hələ də həbs olunmayıb.
2014-cü ildə E.Hüseynovun atası Sabir Hüseynov da dünyasını dəyişdi. Mərhum jurnalistin ölümündən qısa müddət sonra onun həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət etdi. Hazırda E.Hüseynovun ailəsi adına ölkədə bacısı və qardaşı qalıb.
E.Hüseynovun atası Sabir Hüseynov son müsahibələrində oğlunun qatili tapılmayınca dünyasını dəyişmək istəmədiyini deyirdi. Onun sözlərinə görə, qatillərin kim olduğunu hamı bilsə də, heç kim açıqlamır: “Hamısını bilirəm, kimdir, nədir. Amma əmələ gəlmir. Hamı bilir, deyən yoxdur. Eynulla gedib Gürcüstanda həmin adamları tapdı. Onu da tutdular dama saldılar, 4 il 3 ay yatdı. Dəqiq deyən yoxdur, kimlərdir. Ancaq heç kim də tutulmayıb. Bilirik kimdir, nəçidir. Ancaq durub neyləyəcəm bundan sonra? Siz məndən də yaxşı bilirsiniz. Niyə tuturlar axı? Özlərini tutası deyillər ki. Öz-özünü tutan adam varmı? Nə isə, əvvəl-axır açılacaq, vaxt lazımdır”.
Ötən il işin istintaqını aparan artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən inqilabi olaylar oldu. Adı tez-tez jurnalistlərə qarşı zorakılıq hadisələrində hallandırılan MTN polkovniki Akif Çovdarovun işdən çıxarılması, ardınca isə həbsi E.Hüseynov cinayətini yenidən gündəmə gətirdi.
Heç kimə sirr deyil ki, 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi zamanı A.Çovdarovun adı hallandırılırdı. Bu versiyanı səsləndirənlərdən biri də virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev idi.
Və bu gəlişmədən sonra istər-istəməz E.Hüseynovun qətlinin açılmasına ümidlər artdı. Çünki qətlin sifarişçisi kimi adı hallandırılan A.Çovdarovun cinayət əməllərində E.Hüseynovun qətlinin də yer alacağı ehtimallar sırasındadır.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hesab edir ki, ləğv edilən MTN-də aparılan islahatlar bu məsələyə mütləq öz təsirini göstərəcək. Amma müsahibimiz bunun tez bir zamanda olacağını ehtimal etmir: “Elmar Hüseynov məsələsi ikinci mərhələdə olacaq. Ümumiyyətlə isə hər hansı islahat, yenilik ümid yaradır ki, Elmar Hüseynov və digər siyasi qətllərin üstü açıla bilər. Bura Elmar Hüseynovun qətli də daxildir, Rafiq Tağının qətli də. Çünki bu işlərin hamısı MTN-in kurasiyasına daxil olub”.
Müsahibimizin sözlərinə görə, əgər zərərçəkən tərəf kimi tanınmış Elmar Hüseynovun ailəsi (həyat yoldaşı, qardaşı, bacısı) yenidən müraciət etsə, bu, işə müsbət təsir göstərəcək. Ş.Xuduoğlu E.Hüseynovun hazırda Norveçin paytaxtı Osloda yaşayan həyat yoldaşı Ruşaniyyə Hüseynova ilə hər hansı kontaktları olmadığını bildirdi. E.Hüseynovun ölümündən sonra yaratdıqları Elmar Hüseynov Fondunun isə R.Hüseynovanın mühacirətindən sonra fəaliyyətini dayandırdığını xatırlatdı: “Amma bütün hallarda Ruşaniyyə Hüseynova zərərçəkən kimi özü yenidən müraciət edə bilər".
E.Hüseynovun bacısı Elmira Hüseynova isə daha öncə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, qardaşının qətlinin açılacağına inamı yoxdur: “Bura Avropa, Amerika olsaydı, bəlkə də ümidim olardı. Öz adımdan bu 10 ildə heç vaxt ümidim də olmayıb”. (musavat.com)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.