haberL haberR

Elnur Aslanov "Riqadakı 1 milyonluq ev" xəbərini təkzib etdi

Kateqoriya: Münasibət Yayımlama tarixi: 10.12.2015 18:18:41

“Mənim Riqada mənzil almağım barədəki xəbər həqiqətə uyğun deyil. Bu, sadəcə uydurmadır. Xaricdə nə mənzilim, nə də digər daşınmaz əmlakım yoxdur”.

Bunu virtualaz.org saytına açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elnur Aslanov deyib.

E.Aslanovun sözlərinə görə, onun cəmisi bir mənzili var, o da Bakıdadır: “Həmin mənzili də mənə prezident verib. Buna görə dövlət başçısına çox minnətdaram. Bütün şüurlu həyatım boyunca prezidentin əsgəri olmuşam. İndi də dövlətçilik naminə fəaliyyətimi davam etdirirəm. Mən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm. İlham Əliyevin partiyasının bir üzvü kimi də ölkəmizin inkişafı naminə əlimdən gələni edirəm. Azərbaycandan da heç yerə köçüb getməyə hazırlaşmıram”.

E.Aslanov virtualaz.org saytı müxbirinin “mətbuatda ittiham olunmağınıza bu vaxta qədər reaksiya vermirdiniz, bəs sizi son informasiya ilə bağlı açıqlama verməyə nə vadar etdi” sualına belə cavab verib: “Yalan və böhtanlardan boğaza yığılmışam. Nə qədər yalan danışmaq və yazmaq olar? Azərbaycan balaca ölkədir. Burada hamı bir-birini tanıyır. Hansısa məlumatı gizlətmək sadəcə mümkün deyil”.

E.Aslanov mətbuatda onun biznes fəaliyyəti barədə yayılan digər məlumatlara da münasibət bildirdi: “Bunlar doğru xəbərlər deyil. Yazırlar ki, guya supermarketlərim, başqa biznesim var. Bunu deyənlər doğrudan da belə olduğunu sübut etsələr, həmin biznesi onlara bağışlayaram”.

E.Aslanov sadə adamlar kimi yaşadığını, fəaliyyətini Rabitə Nazirliyində şöbə müdiri kimi davam etdirdiyini və elmi işlə məşğul olduğunu da söylədi: “Bu yaxınlarda Türkiyədə kitabım çıxıb. Həmin kitab bu yaxınlarda Rusiyada da təkrar nəşr olunacaq”.

 

Qeyd edək ki, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elnur Aslanov Latviyanın paytaxtı Riqada 1 milyon dollara mənzil alması haqda xəbər yayılmışdı. Xəbəri Eynulla Fətullayevə bağlı virtualaz.org saytı yaymışdı.Xəbərin digər hissəsində,  Elnur Aslanovun Latviya vətəndaşlığı alaraq Azərbaycandan birdəfəlik köçüb getməyə hazırlaşdığı da önə çəkilirdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.