haberL haberR

Ərdoğanın Bakı səfərinin məqsədi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 14.03.2016 17:45:46

İki ölkə rəhbəri Trans-Anadolu qaz kəməri ilə bağlı müzakirələr aparacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 15-də Azərbaycana səfər edəcək. Ans-in məlumatına görə, birgünlük səfər çərçivəsində iki ölkə rəhbəri birlikdə Türkiyə-Azərbaycan yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.

Ərdoğanın Azərbaycana səfəri çərçivəsində başlıca mövzu "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Türkiyə və Avropaya nəql edən Trans-Anadolu qaz kəməri olacaq.

Ötən axşam paytaxt Ankarada çox sayda insanın ölümü ilə nəticələnən terror hadisəsindən sonra ölkə başçısı Ərdoğanın martın 15-də Azərbaycana edəcəyi rəsmi səfərin təxirə salınması gözlənilirdi. Amma açıqlanan məlumatlara əsasən səfər baş tutacaq.

Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Qızılay” meydanının yaxınlığında terror hadisəsi baş verib. Kamikadzenin hərəkətdə olan avtomobillə törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölüb, 71 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Azərbaycana edəcəyi səfər də təxirə salınıb. Onun Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı.

Səfərin təxirə salınmasına Türkiyənin paytaxtı Ankarada fevralın 17-də baş vermiş terror hadisəsi səbəb olub. Terakt zamanı silahlı qüvvələrin Baş qərargahının yüksək rütbəli zabitlərini daşıyan avtobus partladılıb. Terror aktı nəticəsində 28 nəfər ölüb, onlarla insan yaralanıb. Terror aktı Ankaranın mərkəzində, Böyük Millət Məclisinin binasının təxminən 1 kilometrliyində baş verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.