haberL haberR

“Hökumət sosial-iqtisadi böhrandan güc vasitəsi ilə çıxmağa çalışacaq”

Kateqoriya: Münasibət Yayımlama tarixi: 21.12.2015 14:48:52

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

 Ekspertlərin fikrincə bu ölkədə sosial-siyasi gərginliyin artmasına səbəb ola bilər, çünki bu addım əhalinin birbaşa ciblərində, süfrələrində hiss olunacaq.

 

Politoloq Ərəstun Oruclu Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, baş verənlər ölkədə mövcud olan bütün sosial-iqtisadi sistemin çökməsi deməkdir: “Mərkəzi Bank bunun adını nə qoymasından asılı olmayaraq bu çox sərt devalvasiyadır. Mən düşünürəm ki, bu ölkədə mövcud olan bütün sosial-iqtisadi sistemin çökməsidir, çünki Azərbaycan bazarı əsasən idxaldan asılı olan istehlakçı bazardır. Bütün danışılan söhbətlərə rəğmən, ölkədə mövcud olan bütün qeyri-neft sektorunun inkişafı təqdim olunduğu kimi deyil. Son illərin rəsmi statistikasını götürsək, aşkar şəkildə görünür ki, hər il ölkəyə idxal olunan ərzaq məhsulları artmaqdadır. Bu isə odeməkdir ki, ölkə idxaldan asılıdır. Təbii ki, idxal da manatla aparılmır.

Bu da onu deməyə əsas verir ki, istehlak bazarının qiymətlərinin kəskin bahalaşması aksiomadır. Bütün baş verənlərin neftin kəskin qiymət azalması fonunda baş verdiyini də nəzərə alsaq, baş verəcək hadisələri qiymətləndirmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Aydın olan isə odur ki, sosial-iqtisadi böhran son nəticə olaraq öz ictimai fəsadlarını da göstərəcək. Burada hökumətin addımlarını proqnozlaşdırmaq çox çətindir.

Görünən budur ki, hökumət baş verəcək sosial-iqtisadi böhrandan güc vasitəsi ilə çıxmağa çalışacaq. Bu effektiv olmayacaq, çünki ölkə əhalisinin kəskin müflisləşməsi baş verəcək. Azərbaycanı 2016-cı ildə ürəkaçan hadisələr gözləmir.

Hökumət əhalinin güzəranının yaxşılaşdırlması ilə bağlı konkret heç bir addım atmayacaq. Nə maaşlar, nə də təqaüdlər artırılmayacaq. Hətta ola bilər ki, müəyyən məhdudlaşdırılma baş verə bilər. Bu kimi addımlar ümumiyyətlə heç bir xeyir gətirə bilməz. İnsanların gəlirləri konkret olaraq artmalıdır. Yeganə çıxış yolu kimi, ilk addım olaraq gömrük sistemini liberallaşdırmaq lazımdır. Bu baş verərsə, istehlak qiymətlərində kəskin artım baş verməz. Bunun üçün isə gömrüyün indiyə qədər olan ənənəvi missiyasından imtina etmək lazımdır".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.