haberL haberR

Əsgərlərin cəbhədən yaydığı videolar hansı təhlükələri yaradır? - Ekspertlərin rəyi

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 06.04.2016 10:25:01

Son günlər cəbhə bölgəsində baş verən döyüşlər zamanı səngərdən, təmas xətti boyunca yerləşən ərazilərdən foto və video materiallar yayılır.

Bəzən əsgərlər özləri əməliyyat zamanı video çəkib sosial şəbəkələlərdə yayırlar. Bundan sonra medianın bu materiallardan istifadə etməsi həmin kadrların auditoriyasını genişləndirir. Cəbhə bölgəsində olan hərbçilərin və təmas xəttindəki ərazilərin görüntüləri hansı şərtlərlə yayımlana bilər?

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sıravi əsgərlərin üzünün efirdə görünməsi, əgər komandanlıqla əvvəldən razılaşdırılıbsa, hərbi sirrin pozulması sayılmır: “Sadəcə şəxsi həyatla bağlı nüanslar nəzərə alına bilər. Məsələn, həmin əsgərlərin yaxınları onların cəbhə bölgəsində olduğunu bilirmi? Bilmirsə, efirdə öz yaxınını görməsi onda şok yarada bilər. Bunlar da daha çox media etikası baxımından nəzərə alına bilər. Amma hüquqi aspektdən heç bir qadağa yoxdur”.

Ekspert hərbçilərin “Android” markalı telefonlardan istifadə etməsi, özlərinin foto və video çəkiliş aparıb yayımlamasına münasibət bildirib:

“Əsgərlərin özlərinin foto və video görüntü yayması halı informasiya təhlükəsizliyi baxımından çox önəmlidir. Döyüş bölgəsində olarkən sadəcə qanunvericiliyə uyğun şəkildə mərkəzləşdirilmiş rabitə vasitələri istisna olmaqla, digərlərindən istifadə edilməməsi lazımdır. Yayılan videodakı əsgərlərin yerini müəyyən etmək isə çox çətindi, çünki orada dar bir məkan görüntülənib. Ön cəbhədə olan əsgərlərin foto və video çəkib paylaşmaq imkanın olması barədə faktımız yoxdur. Bununla bağlı yəqin ki, komandanlıq tədbirlər görür. Bununla yanaşı, qeyd etdiyimiz məqam xüsusi əhəmiyyət kəsb edir. Mobil telefonlar, müasir texnologiya bir çox üstünlüklər təqdim etməklə yanaşı, müəyyən problemlər də yaradır. Bunlar yerin müəyyən edilməsi, ötürülən siqnalların tutulmasıdır. Əməliyyat zonasında yerləşən şəxslərin bu tip avadanlıqlardan istifadəsi məhdudlaşdırılır”.

Cəbhə bölgəsində olan jurnalistlərin, canlı yayım edən televiziya əməkdaşların fəaliyyətini qiymətləndirilən ekspert bildirib ki, Azərbaycanda hərbi sirlərlə ixtisaslaşmış şəxslərin sayı yetərli deyil:

“Mən də müəyyən kadrlar görürəm ki, orada coğrafi yerin identifikasiya etmək olar. Efirdə konkret formada “Tərtərdəyik”, “filan kənddəyik” desək, bu artıq kifayət qədər problem yarada bilər. Bunların olmaması üçün yalnız dar kadrlar göstərilməlidir. Bu zaman da əgər səngərdə çəkilirsə, diqqət etmək lazımdır ki, oranın torpaq və ya beton olduğu bilinməsin. Qarşı tərəfin konkret obyektini və özünün yerini dəqiq göstərirsənsə, bir dəqiqədən sonra həmin əraziyə raket göndərilməsi və ya bomba atılması mümkündür. Cəbhə xəttindən yayılan foto və videolar qarşı tərəfə kifayət qədər informasiya verə bilər. Buna görə də məhz dislokasiya ilə bağlı informasiyalar yolverilməzdir. Efirə elə görüntülər verilməlidir ki, harada çəkildiyi müəyyən oluna bilməsin. Buna görə də xüsusi peşəkarlıqla davranmaq lazımdı”.

Hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirib ki, cəbhədən yayımlanan fotolarda bir kolun əks olunması belə, düşmənə bundan istifadə üçün şərait yaradır:

“Əsgərlərin mobil telefon vasitəsilə çəkiliş aparması öz yoldaşlarını və alınan nöqtələri zərbə altına qoyur. Çünki adicə bir kolun və ya ağacın göstərilməsi və “Filan istiqamətdə yer azad elədik”, - deyilməsi təhlükəlidir.

Sıravi əsgərin üzünün görünməsi problem deyil, amma bütün dünyada qəbul edilən norma var ki, xüsusi təyinatlıların, zabitlərin, MAXE-lərin, kəşfiyyatçıların üzü göstərilməməlidir.

Əsgərlərimiz özləri bəzən yanlış hərəkətlərə yol verirlər. Yeni ərazilər əldə edildikdən sonra yeni səngərlər qazılır və düşmənin səngərindən istifadə olunmur. Çünki düşmən tərəfdə özünün qazdığı səngərlərin yerinin xəritəsi var. İstənilən zaman koordinatları daxil etməkdə artilleriya ilə həmin ərazini vura bilər. Bizim əsgər isə səngərə girib “bu şərəfsiz ermənin yeməyidir” deməsi böyük ehtiyatsızlıqdır. Düşmən ordan gedərkən orada yeməyi də zəhərləyə bilər, mina da quraşdıra bilər, əsgərlərimiz orda olarkən həmin səngəri vura da bilər. Belə durumlarda eyforiyaya qapılmamaq lazımdır”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.