haberL haberR

Eşşəkarısı böyük bir xəstəliyə dərman ola bilər

Kateqoriya: Sosial Yayımlama tarixi: 03.09.2015 12:38:00

Deyəsən xərcəngin dərmanı tapıldı.

Bəlkə də bir çoxlarımızın sevmədiyi həşəratlardan biri də eşşəkarısıdır. Nə balı olan, nə də insanı vurarkən özü də ölən bu həşəratı tamamilə yararsız məxluq hesab edirik. Üstəlik, zəhəri də bal arasından daha pis göynədir. Bütün bu xüsusiyyətlərinə görə, insan oğlunun eşşəkarısına xüsusi bir məhəbbətinin olmaması başadüşüləndir. Görünür, elə bu səbəbdən də adına sevmədiyimiz bir heyvanın-eşşəyin adını qoymuşuq.

Amma sən demə, “eşşəkarısı” deyib aşağıladığımız bu həşəratın bizi göynədən zəhəri həyatımız üçün baldan daha qiymətli imiş. 

Bu sirri brazilyalı alimlər ortaya çıxarıblar. Sao-Paula universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, eşşəkarısının zəhəri ən çox qorxduğumuz bir xəstəliyin dərmanıymış. Söhbət xərçəng xəstəliyindən gedir.

Mütəxəssislərin bildirdiyinə görə, klinik təcrübələrdə arının iynəsindəki bir zəhərin normal hüceyrələrə zərər vermədən xərçəngli hüceyrələri öldürdüyü müşahidə edilib. Amma bu təcrübə yalnız bir arı növü üzərində aparılıb - Brazilyaya xas eşşəkarısı üzərində. Yəni bütün eşşəkarılarının zəhərinin dərman olduğunu düşünüb bədəninizi boş yerə zəhərləməyin.

Latınca adı “Polybia Paulista” olan bu eşşəkarısının çox təcavüzkar bir növ olduğu və Braziliyanın cənub-şərqində yayıldığı bildirilir. Xərçəng xəstələliyinin dərmanı onun zəhərinin tərkibindəki MP1 deyilən maddə imiş.

Sao Paulo universiteti mütəxəssisləri zəhərdəki bu maddənin xərçəng hüceyrələrinə yapışaraq toxumalarına bəzi molekulları sızdırdığını və bu yolla şişi “öldürdüyünü” təsbit ediblər. Amma araşdırmaların hələ ilkin mərhələlədə olduğunu deyən alimlər bu müalicə üsulunun insanlar üzərində tətbiqini görmək üçün daha çox araşdırmaya ehtiyac duyduqlarını da gizlətməyiblər. Təcrübələr hələ ki siçanlar üzərində keçirilib. Nəticə  zəhərin xərçəng hüceyrələrini öldürdüyünü göstərib.

Prof. Joao Ruggeirio Netto və iş yoldaşları bu “öldürmə” prosesini mikroskopla izləyiblər. Dediyinə görə, MP1 toksini xərçəng hüceyrələrinin səthində anormal şəkildə yayılan yağ molekulları ilə reaksiyaya girərək, həyati əhəmiyyət kəsb edən molekulların çölə sızmasına nail olub. Sağlam bədəndə həmin molekullar hüceyrənin içində olur. Bu da sağlam toxumanın MP1'in hücumundan müdafiəsini təmin edir.

Araşdırmada iştirak edən Leeds universiteti mütəxəssislərindən  tibb elmləri doktoru Paul Bealesa görə, hüceyrə pərdəsindəki yağlara hücum xərçəng müalicəsində tamamilə yeni bir dərman növünün tapılması deməkdir.

İngiltərə Xərçəng Araşdırmaları Vəqfinin tədqiqatçısı  Aine Mak Karti isə deyir: "Araşdırmanın bu ilk mərhələsi Braziliya eşşək arısının zəhərinin xərçəng hüceyrələrini laboratoriyada necə “öldürdüyü” barədə məlumatımızı artırır. Tapıntı həyəcan vericiolsa da, araşdırma əsnasında kəşf ediləcək dərmanın xərçəng xəstələrinə faydalı olub olmayacağını görmək üçün daha çox klinik tədqiqat və təcrübə həyata keçirilməlidir” .

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.