haberL haberR

"Facebook"dan Türkiyə üçün xüsusi "Səs verirəm" butonu gəlir

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 04.06.2015 14:00:19

İyunun 7-də "Səs verirəm" butonunu işə salınacaq

İslamazeri.az-ın verdiyi xəbərə görə, Türkiyədə 38 milyondan artıq aktiv istifadəçisi olan "Facebook" sosial şəbəkəsi iyunun 7-də keçiriləcək parlament seçkiləri çərçivəsində istifadəçilərin seçkilərdə səs verdikləri məlumatını yoldaşları ilə bölüşə biləcəkləri "Səs verirəm" butonunu işə salacağını bildirib.

Sözügedən  funksiya "Facebook"un dünyanı daha aydın və bir-biri ilə əlaqəli hala gətirmə missiyasının bir hissəsini təşkil edir. İyunun 7-də "Facebook"a giriş edən seçicilər "Xəbər Mənbələri"nin üstündə bir mesaj görəcəklər. Bu butona daxil olan istifadəçilər kimə səs verdikləri məlumatını paylaşmadan, "Facebook" dostlarına seçkilərdə səs verdiklərini çatdıracaqlar.

"Facebook"un Avropa, Orta Şərq və Afrika regionu üzrə eksperti Elizavet Linder məsələ ilə bağlı bunları söyləyib:
"İnsanlar hər gün "Facebook" vasitəsilə maraqlandıqları məsələlərlə bağlı qarşılıqlı təsirdə olurlar və seçki prosesi də sivil dialoqun ən güclü olduğu anlardan birini təşkil edir. Araşdırmalar insanların "Facebook" dostlarının səs vermə ilə bağlı danışdığını gördükləri zaman özlərinin də səs verməyə daha meylli olduqlarını ortaya qoyur. Seçkilərdə iştirak məsələsi bütün dünyada olduqca vacib bir məsələdir və biz də "Səs verirəm" butonunun seçicilərin səs verdikləri haqda məlumatı daha asan bölüşmələrini təmin edəcəyinə və digərlərini də səsverməyə getmək üçün təşviq edəcəyinə ümid edirik".

"Səs verirəm" butonu ABŞ-da son 3 prezident seçkisində Avropa Birliyi Parlamenti seçkilərində, Şotlandiya referendumunda, İngiltərə və Hindistan seçkiləri kimi bir çox ölkədəki seçkilərdə istifadə edilib. Aparılan araşdırmalar "Facebook" vasitəsilə təsirin seçkilərə olan marağa müsbət təsir etdiyini ortaya qoyub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.