ANA SAYFA / Foto reportaj / Lahıc (fotoreportaj - I hissə)

Lahıcdan fotoreportaj

İsmayıllının Lahıc qəsəbəsi

Islamazeri.az-ın fotoreportyoru Tural Huseyn İsmayıllı Rayonunda yerləşən Lahıc qəsəbəsindən hazırladığı fotoları sizlərə təqdim edir.

Lahıc qəsəbəsi Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdədir.  Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır. 

Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

Kateqoriya:Foto / Foto reportaj 5768 dəfə oxunub.
  • Facebook Paylaş
  • Twitter Paylaş
  • Google Plus Paylaş
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.