haberL haberR

'Fransasayağı ilğım' və ya bir faciənin ibrətləri...

Kateqoriya: Məqalə Yayımlama tarixi: 19.01.2015 21:20:30 2059 dəfə oxunub.

Təhqir silahını götürüb müqəddəs hədəfləri nişan alanlar, tətiyi çəkməyə tələsməyin. Çünki özünüzü nişan almısınız

 Kimlərsə bu mövqeni sərt və mühafizəkar adlandıra bilər. Amma bəzən insan sevgisi təhlükələrlə dolu dünya yollarında ehtiyatsiz yürüyənlərə qarşı sərt qayğı şəklində təzahür edir. “Charlie” qətliamının pərdə arxasındakı geosiyasi, iqtisadi, demoqrafik, islamofob, hətta siyasi revanş motivlərininə toxunmaq istəmirəm. Zatən konspiroloji mülahizələr həqiqəti tam əks etdirə bilməz. Əsl həqiqəti zaman və ardıcıllıqla dünyada baş verəcək sonrakı proseslər göstərəcək.

 

"Terroru şiddətlə qınayıram" kimi şüarpərəstlik etmək niyyətim də yoxdur. Cəza kimi zəruri hal istisna olmaqla insan qətlinin bütün dinlərdə qəbuledilməz olduğunu planetimizin sivilizasiyadan uzaq qalmış qəbilələrində də bilirlər. Yaddaşımızı təzələmək üçün xatırladım ki, ilahi təlimlər həm də insanın ləyaqətinin, şəxsiyyətinin canından heç də ucuz olmadığını da öyrədir. Can itkisinə görə ahu-zar eləməyə də lüzum görmürəm. Əvvəla, hər gün yüzlərlə məsum uşaqların, günahsız insanların vəhşicəsinə qətl edildiyi dünyada yaşadığımın fərqindəyəm.

İkincisi, nəticə üzərində var-gəl etməyin heç nəyi dəyişməyəcəyi qənaətindəyəm.

Üçüncüsü isə nəticəni doğuran səbəblərdən ibrət almağı faciədən sonra üçün daha əhəmiyyətli hesab edirəm. Faciənin timsalında asanlıqla gördüyümüz zədələnmiş , tapdanmış əxlaq normaları pərdə arxasındakı qaranlıq və müəmmalı mətləblərin hamısından ağırdır. Dünyanın bütün faciələrinin altında əxlaq çatışmazlığını görməmək, ən yumşaq desək, korluqdur. Son zamanlar əxlaq normalarını inkişaf yolunda əngəl hesab edən və ifrat "azadlıq"lar içində əridib yox etmək istəyən zərərli fikir daşıyıcılarının xüsusi canfəşanlığını nəzərə alıb hadisəyə əxlaq müstəvisində baxmağı zəruri sandım.

 

Əxlaq cəmiyyətin onurğa sütunudur. Onu zədələmək bütün cəmiyyəti şikəst etmək deməkdir. Əxlaq həm də cəmiyyətin nazimidir. Onun himayəsində çoxüzvlü cəmiyyətdə davranış qaydaları formalaşır. Əxlaq cəmiyyət tərəfindən qəbul edilmiş dəyərlərə münasibəti də tənzimləyir. Bu isə toplum üçün hava, su kimi vacib olan hüzur, asayiş deməkdir. Əxlaq istehkamlarını uçuran heç bir cəmiyyət varlığını qoruyub saxlaya bilməz. Tarix bizə bu sahədə çoxlu ibrətlər miras qoyub. Neçə-neçə fundamental elmlərin, çoxşaxəli mədəniyyətlərin beşiyi olmuş, amma əxlaq mühafizəkarlığını, mənəvi immunitetini itirdiyinə gorə tarixin yaddaşından və bəşər siyahısından silinmiş o qədər ümmətlər olub ki...

 

"Charlie"nin öz faciəsinə doğru gəldiyi kələ-kötür və olduqca təhlükəli yola nəzər salaq. Faciənin hamıya görünən bu tərəfində satira, yumorla məharətlə kamuflyaj olmasına baxmayaraq, məlum redaksiyanın kəskin əxlaq düşmənçiliyi aydın görünür. Səmavi dinlərə, onların təmsilçilərinə, toxunulmaz və müqəddəs statuslu dəyərlərə qarşı davamlı təhqiramız yanaşma üslubu "Charlie"nın heç də intellektual qrup olmadığını təsdiq edir. "Charlie"nin nədən müqəddəs dəyərlərə qarşı təxribatçı hücum taktikası seçməsi indi – iş işdən keçəndən sonra çoxları üçün müəmmalı sirr olaraq qalır. Axı çoxmədəniyyətli dünyanın çoxmədəniyyətli sivil ölkəsində söz azadlığı adı altında başqalarının heysiyyatına qarşı mənəvi terrora rəvac verilməsini hansı əqli və ya məntiqi dəlillərlə izah etmək olar? Bu, əsla bizə təqdim olunduğu kimi söz azadlığı deyil.

 

Cənab "Charlie" təəssübkeşləri, yanılırsız! Heç bir söz etik çərçivəni aşacaq və başqalarının ləyaqət və heysiyyatını alçaldacaq qədər azad ola bilməz!!! Heç kimin davranışı və ya ifadə azadlığı başqasının şəxsiyyət və mənliyini zədələyəcək qədər sərbəst ola bilməz!!! Bu sadə məntiqi qəbul etməsək, 8 milyardlıq böyük bəşər ailəsində dinc birgəyaşayışı təmin etmək olmaz. Nədir?! Dünyanı savaş meydanına, qan gölünə çevirmək istəyirsiz?! Bilirəm, bəzi macərapərəstlər "satira, tənqid insanlığın tərəqqisi üçündür" və "bu insanlar mədəni tərəqqi naminə qurban gediblər" deyəcəklər. Amma "Charlie"nin fəaliyyətində heç də hər şeyin mədəniyyət nümunəsi olmadığını görmək üçün elə də güclü diqqət lazım deyil. Tənqid və təhqir kökündən fərqli anlayışlardır. Təhqir və həqarət olan yerdə mədəniyyətdən danışmaq isə absurddur. Etik və əxlaq normalarına zidd karikaturaları isə mədəni dəyərlərlə yanbayan qoymağın, sadəcə, bir adı var – rəzalət!

 

Doğrudanmı, "Charlie"ni bu işdən çəkindirmək mümkün deyildi? Avropanın mərkəzində, dünyaya mədəniyyət ixrac etməyə iddialı və hamıya cəmiyyət nümunəsi kimi təqdim olunan bir ölkədə bir qrup insanın uçuruma yuvarlanmasına necə göz yumdunuz ki? Bütün fransız xalqını qınamaq sadəlövhlük olar və elə düşünməyək ki, sözügedən redaksiyanın fəaliyyətini fransız cəmiyyəti yekdilliklə təqdir edirmiş. Yox. Ölkənin çox sayda dini icmaları, vətəndaş cəmiyyəti subyektləri, ictimai, siyasi,elm, mədəniyyət xadimlərinin etirazları, məhkəmələrdə qaldırılan iddia davalari və küçə nümayişləri bu cəmiyyətdə dəyər mühafizəkarlığının hələ tamamilə aşınmadığına bariz nümunədir. Həqiqətən də, Fransa barındırdığı sağlam təfəkkürlü insanların sayəsində qeyri-etik normalara qarşı barışmaz mövqe də göstərdi. Amma əfsuslar olsun ki, bu qədər çoxcəbhəli müqavimət belə, ölkədə layiq olmadığı zirvəyə qaldırılmış saxta "söz azadlığı" bütünü və "mədəni-mənəvi terror" ruporunu sindıra bilmədi. Üstəlik, ölkə məhkəmələri də jurnala qarşı qaldırılmış iddiaları qərəzli şəkildə təmin etməməklə "Charlie"nin küstah fəaliyyətinə yaşıl işıq yandırdı. Hətta holokost, erməni soyqırımı kimi məsələlərdə fövqəladə həssas və xeyli tələbkar davranan Fransa hakim elitası da toxunulmazlığı böyük əksəriyyət tərəfindən qəbul edilmiş inanc dəyərlərinə qarşı aparılan çirkin müharibəyə biganəlik göstərdi. Bütün bu dəlillər göstərir ki, şıltaq "Charlie" həm də ölkənin yüksək hakim dairələri tərəfindən hansısa şübhəli məqsədlər naminə himayə edilib. Beləcə, "Charlie"nin faciəli aqibətində qətlin icraçılarından başqa, həm də çoxlarının və kifayət qədər sanballı payı var.

 

Azğınlıq böyük bəladır. Azğınlığa bəraət donu geyindirmək isə ondan da böyük bəladır. Hamı ümid edirdi ki, faciə çox şeyləri dəyişəcək. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da faydadır. Amma..."Charlie" faciəsi Fransa üçün illərlə gəldiyi sonu uçurum olan ilğım yolunda dayanmaq və bu təhlükəli yoldan qayıtmaq şansı yaratsa da, o, bu şansdan əsla yararlanmadı. Hətta bu yolu axıra kimi davam edəcəyində də israrlı olduğunu göstərdi. İnadkarlığın yeridirmi?! Kommersiya baxımından tirajı dəfələrcə çoxaltmağı hardasa anlamaq olar. Amma dəyər spekulyasiyasını gündəlikdən çıxartmamaqla bir günahdan digərinə, bir ziyandan başqa ziyana doğru təkrar və yanlış istiqamət seçildi. Bir cəmiyyətdə günahların mövcudluğu hələ faciə deyil. Necə də olmasa, milyonlarla ağıl və elə eyni sayda da nəfslərin, maraqların toqquşduğu insan toplumlarında ideal islahetmənin mümkünlüyünün fövqəladə çətin olduğunu inkar edə bilmərik. Amma bir cəmiyyətdə günahların qəbahəti itərsə və hələ bu azmış kimi, cəmiyyət günah və günahkara dəstək vermək üçün səfərbər olarsa, bu artıq tənəzzülün əlamətidir. Unutmayaq: Böyük bəşər ailəsinin üzvü olub başqalarının müqabilində hegemonluq iddiası etmək, digərlərinin dəyərlərinə həqarət etmək olduqca təhlükəli davranışdır. Kimsə bu yolu tutarsa, yanındakılar onu dərhal çəkindirməlidir. İstər fərd, istərsə də toplum olsun. Fərq etməz. Elə bütün ilahi təlimlərdə də pisliklərdən çəkindirmək, yaxşılıqlara dəvət etmənin heç bir şəraitdə və əsla tərk olunmayacaq qədər vacib olduğu təkidlə vurğulanır. Əgər lazım gələrsə, mövcud qanunlara təxirə salınmadan dəyişiklik, əlavələr edilməli və formasından asılı olmayaraq təfriqə yaradacaq istənilən fəaliyyətlərə qadağa qoyulmalıdır. Əks-təqdirdə körüklədiyiniz fitnə alovu öz əl-ayağınızı yandıracaq.

 

Amma qoca qitənin öndə gedən "başbilən"lərinin "Charlie"nin qanlı yaralarını göz yaşları ilə yuduğunu, sanki bir fəzilətmiş kimi "biz də "Charlie"yik" deyərək çiyin-çiyinə səf tutduğunu görəndə bəzi qaranlıq mətləblərin də üzərinə işıq düşdü. Atalar düz buyurub: balıq başından iylənər. Görünən odur ki, sözügedən redaksiya yalnız mənəvi normaları heçə sayan kiçik bir qrup deyil. "Charlie Hebdo" Fransanın, eləcə də Avropanın digər xalqlara və fərqli mədəniyyətlərə qarşı yürütdüyü ikiüzlü siyasətin məğzidir. Hamı ilə qarşılıqlı hörmət və ədalət pinsipi ilə çiyin-çiyinə dayanmaq əvəzinə, böyük əksəriyyətin heysiyyatını kiçik bir qrupun özbaşınalığına qurban vermək, nifaq salmaq, ədavət aşılamaq, cəmiyyəti parçalamaq, əksəriyyətlə düşmən cinaha çəkilmək isə Fransa üçün yaxşı heç nə vəd etmir. Bir-birinin qoluna girib təkcə Parisdə deyil, hətta bütün Avropada da yürüş keçirtsəniz, faydası olmayacaq və taleyinə görə məsuliyyət daşıdığınız insanlara əmin-amanlıq verə bilməyəcəksiniz. Bütə çevirdiyiniz söz və özünüifadə azadlığı anlayışınızı və ikili standartlar içində boğulmuş siyasətinizi dəyişmədikcə, nəticə sıfıra bərabər olacaq. Birlikdə maraqlı prosesə – "fransasayağı ilğım"a şahid oluruq: Qaranlıq və təhlükəli yolda yürüdü, yıxıldı, yaralandı. Qalxdı və yenidən gəldiyi yola davam etdi. Və sonda: Təhqir silahını götürüb müqəddəs hədəfləri nişan alanlar, tətiyi çəkməyə tələsməyin. Çünki özünüzü nişan almısınız.

 

Namiq Qurban (araşdırmaçı yazar)

(Birlik.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.