haberL haberR

Fuad Həsənova görə Səhiyyə Nazirliyinə üz tutdular

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 09.08.2016 17:18:01

Bir müddət əvvəl səhhətində problemlər yaranan hüquq müdafiəçisi Fuad Həsənovun durumun ağırlaşdığı bildirilir.

Hüquq müdafiəçisinin təcili ölkədən kənara, müalicəyə aparılmasına ehtiyac olduğu söylənir.

Vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin, vəkillərin bir araya gəldiyi Sivil Toplum Platforması avqustun 9-da F.Həsənovun müalicəsinə yardım göstərilməsindən ötrü ictimaiyyətə, Səhiyyə Nazirliyinə müraciət edib.

“Hüquq müdafiəçisinin durumu olduqca kritikdir. Həkimlərinin bildirdiyinə görə, onun Azərbaycanda sağalması mümkün görünmür. Hüquq müdafiəçisinin ən qısa zamanda ölkə xaricinə aparılmasına ehtiyac var. Təəssüf ki, ailəsinin, əzizlərinin, bir neçə fədakar insanın maddi imkanları bunu təmin etməyə yetərli deyil”, - müraciətdə qeyd olunur.

Sənəddə vurğulanır ki, bu vəziyyətdən yeganə mümkün çıxış yolu əlaqəli dövlət qurumlarının duruma müdaxiləsi ola bilər. Müraciət müəllifləri Səhiyyə Nazirliyinin vətəndaşlarının müalicəsinin ölkədən kənarda təmin edilməsi ilə məşğul olan xüsusi komissiyasını F.Həsənovun durumunu diqqətə almağa, onun müalicəsini təmin etməyə çağırırlar.

Müraciətdə həmçinin, beynəlxalq qurumlardan, xeyriyyə fondlarından dəstək istənilir.

Səhiyyə Nazirliyindən, hələlik, müraciətə münasibət bildirilməyib.

Hüquq müdafiəçisi iyunun 27-də Türkiyədə əməliyyat olunub. Amma vəziyyəti pisləşib və güclü baş ağrıları başlayıb.

İyunun 28-də yenidən əməliyyat olunub, amma bundan sonra yaxınlarını tanımamağa başlayıb.

Bakıya qayıtdıqdan sonra yaddaşı bərpa olunub. Həkimlər ona “dağınıq skleroz” diaqnozu qoyublar. Amma bir müddət sonra vəziyyəti yenidən pisləşib.

Fuad Həsənov “Demokratiya Monitoru” qeyri-hökumət təşkilatının rəhbəridir. O, 10 il əvvələdək Demokrat Partiyasının fəallarından olub.

O, siyasi fəaliyyətlə məşğul olduğu dönəm Azərbaycan Demokrat Partiyasının razılaşdırılmamış aksiyalarının birində başından dəyənək zərbəsi alıb və sonra gözlərindən müalicə olunub.

Hüquq müdafiəçisi həmin hadisədən sonra gözlərinin zəiflədiyini bildirirdi.(azadliq.org)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.