haberL haberR

"Hacı Mövsüm həftəsi"nə qeydlərim

Kateqoriya: Məqalə Yayımlama tarixi: 31.08.2015 12:26:45

Yazımın əvvəlində “Müsəlman Birliyi Hərəkatı”-na və sədri olan əziz qardaşım Hacı Tale Bağırova bu təqdirəlayiq addıma görə təşəkkürümü bildirirəm

Hacı Mövsümün adına həftəni deyil, bütün ili adlandırsaq boş iş görməmiş olarıq, əksinə tam da yerinə düşər. Haqq sözə görə zülmə məruz qalmış dindarlarımızı, xüsusən ruhanilərimizi cəmiyyətə tanıtdırmalıyıq. Bu həm mənəvi, həm də insani borcumuzdur. Mənəvi borcumuzdur ona görə ki, bu əzizlərin hamımızın üzərində haqqı var və biz onlara olan borcumuzu ödəmək üçün müəyyən işlər görməliyik. İnsani borcumuzdur ona görə ki, onların cəmiyyətə tanıtdırılması bəşəri fitrətlə düşmən olanların cəmiyyətdə oynadığı oyunlarının qarşısını alacaq və zərərsizləşdirəcəkdir. Onlar cəmiyiyyətə lazımi həddə tanıtdırılarsa, onların amal və hədəfləri də cəmiyyətə kifayət qədər çatdırılacaqdır. Həmin hədəflər ki, cəmiyyətimizin 13 məsumu bu yolda canından keçib. Bu gün heç şübhəsiz ki, onların tanıtdırılması və təbliği, Əhlibeytin (ə) təbliği deməkdir.

Diqqət olunası məqam isə burasındadır ki, gəlin qəbul edək ki, biz təbliğ barəsində düşməndən (düşmən dedikdə bəşəri və insani fitrət ilə problemi olanlardır) geridə qalırıq. Bu barədə ciddi addımlar atılmalı və layihələr cızılmalıdır. Düşmən öz müğənnisini, aktyorunu, idmançısını və onun maraqlarına qulluq edən hər bir kəsi gözəl təbliğ edir və fitrətə tam zidd olan bir şəxsləri bizim gözümüzdə gözəlləşdirir, qəbul etdirir. Lakin biz fitrətin pıçıltılarını hayqıran əzizlərimizin təbliğində səhlənkarlıq edirik. Bunun üçün hamımız səfərbər olmalıyıq. Bunun həm xalqımıza, həm də dövlətimizə təsəvvür olunmayacaq qədər xeyri vardır. Təbliğat baxımından bizim geridə qaldığımız bir zamanda şəhid Mübariz kimi torpağı uğrunda canından keçən bir igid yetişə bildisə, təbliğatın artacağı gün onların sayı barmaq sayı qədər deyil, minlərlə olacaqdır. Həm partiyalar, həm təşkilatlar, həm də hərəkatların düşüncələrinin bir hissəsini də bu yönə sərf etmələrini millət və dövlətini sevən vətəndaş kimi istəyirəm.

Lakin dindar toplumun diqqətini bir məsələyə də çəkmək istəyirəm. O da budur ki, diqqət etsək görərik ki, fitrətə zidd olan qruplar mənfi təbliğlərini həm onların düşüncələrini qəbul edən toplumlara, həm də onları qəbul etməyənlərə yeridə bilirlər. TV, radio, sosial şəbəkələrdə həm dinsizlər, həm də dindarlar içində öz çirkin hədəflərini məharətlə təbliğ edirlər. Yəni sərhədləri aşmağı bacarırlar. Amma biz bu barədə azca diqqətsizik. Yəni etdiyimiz təbliğlər belə adətən yalnız dindarlar arasında məhdudlaşır. Halbuki, cəmiyyətimizin digər müsəlman, lakin dinlə bir o qədər də maraqlana bilməyən kəsiminin bu təbliğatlara daha çox ehtiyacı var. Çox şükürlər olsun ki, zindanda olan əziz ruhanilərimiz müxtəlif xarakterlərə malik olublar. Bəziləri onların şücaətinə, bəziləri mənəvi yönlərinə, bəziləri cəmiyyətlə davranışlarına aşiq olub və olurlar. Elə isə maksimum gücümüzü bu qeyd etdiyim məsələyə xərc etməliyik deyə, düşünürəm. Dediyim kimi, bu elə Əhli-beytin təbliği deməkdir və düşmənin gündəmdə olan metoduna cavab olaraq atacağımız ən uyğun addımlardan biridir. Biz cəmiyyətə əzizlərimizi təbliğ etməkdə qüsura yol verdik deyə, cəmiyyət həyat tərzini fitərətə naməhrəm olanlarla uyğunlaşdırır.

Bu mövzuda son təklifim isə budur ki, təyin olunmuş həftə və günlərin daha səmərəli keçməsi üçün öncədən məsləhətləşməyimiz yerinə düşər. Yəni bu fikiri hansısa təşkilat və ya partiya reallaşdırmaq istədikdə, digər aidiyyatı icmalarla da məsləhətləşərək, təyin olunmuş zamanın daha geniş təbliği və faydalı olması üçün fikir mübadilələri aparılsın. Təyin olunmuş qısa zamana tam proqramlı şəkildə daxil olub, hər bir icma və ya təşkilat qəbul edilən qərarların bir ucundan tutaraq icra etsin. Belə olan halda qısa zamandan maksimum istifadə edərək, məsələnin haqqını əda edərik və həm də hamının təkid etdiyi birlik və vəhdətə tərəf addım atmış olarıq.

Əzizimiz Hacı Mövsümə gəlincə isə, onunla bağlı çox yaza bilmərəm, çünki çox təəssüf olsun ki, ciddi əlaqəmiz olmayıb. Lakin xatırlayıram ki, əzizimiz Hacı Abgülün dəvəti ilə bir neçə dəfə (Abgülün) evində olan əxlaq dərslərində iştirak etmişəm. Orda danışılan sözləri xatırlamasam da, Allah şahiddir ki, məclisin mənəvi ab-havası mənimlə birgə qəbirə qədər gedəcək.

Sonda Hacının qarşıdan gələn doğum günü münasibəti ilə Allahdan ona və yaxınlarına bərəkətli günlər və ixlaslı əməllər arzu edirəm. Düzdür yazımın çoxu Hacı ilə bağlı olmadı, amma məncə Hacının da əlində imkan olsaydı elə toxunacağı mövzulardan biri də məhz qeyd etdiyim mövzu olacaqdı.

 

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri

Ruhullah Novruzzadə

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.