haberL haberR

Hacı Şahin və Hacı Zülfüqarın Ayətullah Həmədaninin Azərbaycana səfərinə münasibəti

Kateqoriya: Münasibət Yayımlama tarixi: 31.08.2015 19:28:35 7080 dəfə oxunub.

Xəbər verdiyimiz kimi, İslam aləminin böyük, nüfuzlu din xadimi, mərceyi-təqlid müctəhidi olan Ayətullah Nuri Həmədani Azərbaycanda səfərdədir

Bu böyük hadisə ilə bağlı İslamazeri.az ölkənin tanınmış ruhaniləri Hacı Şahin Həsənli və Hacı Zülfüqar Mikayılzadədən münasibət öyrənib.

Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli, "Ümumiyyətlə tarixi bir hadisə olaraq dəyərləndirmək olar. Çünki Azərbaycan müstəqillik tarixində Azərbaycana səfər edən ilk mərceyi-təqliddir. İndiyə qədər Azərbaycana mərceyi-təqlid səfər etməyib. Mərceyi-təqlidlik özü yüksək bir elmi rütbədir. Yüzlərlə, bəlkə də yüz minlərlə, milyonlarla insan öz dini hökmlərinə mərcei-təqlidlərin fətvaları əsasında əməl edir. Və bu təbii ki, yüksək bir elmi rütbədir. Ümumiyyətlə dinimiz alimlərə böyük dəyər verir. Məlum olduğu kimi, Peyğəmbərimiz (s) alimləri peyğəmbərlərin varisləri adlandırır. Alimlər belə bir yüksək rütbəyə sahib insanlardı. Xüsusilə də ədalətli, təqvalı, sözü ilə əməli bir olan alimlər Allah yanında xüsusi dəyərə malikdir. Belə nüfuzlu şəxsin Azərbaycana səfər etməsi təbii ki xüsusi bir hadisədir. Həm də Azərbayacana verilən dəyərin və önəmin ifadəsidir. Azərbaycan tarixən Əhli-beytsevər xalq olub, Azərbaycanda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar Əhli-beytə xüsusi bağlılığı ilə seçiliblər. Təbii ki, belə bir nüfuzlu din xadiminin Azərbayacana səfəri, həm də Azərbaycan xalqına, dövlətinə verilən bir dəyərin ifadəsidir",- deyə bildirib.

 

Bu səfərin İran və Azərbaycan arasında dostluğun inkişafına səbəb olacağını sözlərinə əlavə edən Hacı Şahin Həsənli:  "Mərceyi-təqlidlər ümumiyyətlə dövlət xadimi hesab olunmur, amma dövlət xadimlərinin yanında da xüsusi çəkiyə malik olan insandır. Xalqın arasında da xüsusi nüfuza malik olan insandır. Ona görə də bu tip səfərlər ümumiyyətlə iki dövlət arasında münasibətlərin inkişafına xidmət göstərir. İran ilə Azərbaycan tarixən qonşu, yaxın dövlətlər olublar. Azərbaycanla İranı müştərək bir tarix birləşdirir. Və bu tip səfərlər də təbii ki, iki dövlətin münasibətlərinin daha da sıxlaşmasına, möhkəmlənməsinə təsir göstərir. Ona görə də bu həm də -belə deyək- bu baxımdan da önəmli bir səfərdir. Çünki xalqların birliyi, din alimlərinin xalqlara verdiyi dəyər istər-istəməz dövlətlərin də yaxınlaşmasına xidmət göstərir, dövlətlərin də arasında olan münasibətlərin sıxlaşmasına xidmət göstərir. Ona görə də bu tip səfərlər -konkret olaraq Ayətullah Nuri Həmədaninin səfəri də- bu baxımdan da xüsusi əhəmiyyətə malik olan bir səfərdir",- deyib.

 

Digər ruhani Hacı Zülfüqar Mikayılzadənin səfərlə bağlı münasibəti isə belə olub: “İlk öncə böyük mərceyi-təqlid müctəhidi olan Ayətullah Nuri Həmədaninin Azərbaycana gəlməsinə "xoş gəldin" deyirik. Bütün müsəlmanları, möminləri də bu münasibətlə təbrik edirik. Çünki, mərceyi-təqlidin ölkəyə gəlməsi böyük bir əlamətdar hadisədir. Və mərceiyyətin Azərbaycana olan diqqətini nümayiş etdirməkdir. Bu səfərdən bu nəticə çıxır ki, mərceiyyətin, xüsusilə böyük mərcelərdən olan Ayətullah Nuri Həmədaninin Azərbaycana xüsusi diqqəti var. İkincisi, Azərbaycan xalqının, dindarlarının dini dəyərlərə, İslama olan diqqətinin göstəricisi, Əhli-beyt tərəfdarı olmasının göstəricisidir ki, mərceiyyət ölkəmizə gəlir. Biz çox şadıq ki, böyük və görkəmli mərceyi-təqlidimiz olan Ayətullah Nuri Həmədani dindarlarımızın istəyini nəzərə alaraq bu səfəri həyata keçirir. Digər məsələ isə budur ki, iki qonşu və qardaş ölkə olan İran və Azərbaycan arasında dostluq əlaqələri yaxşılaşır və düşmənlərin ixtilaf yaratma istəkləri iflasa uğramışdır. Belə bir səfərin reallaşması, düşmənlərin illərdir apardığı məkirli təbliğatlarının uğursuzluğunun göstəricisidir və bu da bizi - dindarları sevindirir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.