haberL haberR
Hesablama maşınlarının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q. Qoldsteyn və A. Beris tərəfindən verilmişdir

Keçən məqaləmizdə biz sizinlə “İnformasiya Texnologiyaları”- nın ümumi müddəasından danışmışdıq və öyrəndik ki, “İnformasiya Texnologiyaları” (bundan sonra  İ.T.)  3 sahəyə bölünür. Bildiyimiz kimi 1-ci sahənin adı “Hardware”, yəni “Texniki hissələri öyrənən sahə”dir.

Texniki sahədə nə öyrənilir? Bu sahəni öyrənmədən öncə günümüzdə istifadə etdiyimiz kompüterlərin keçdiyi qısa bir tarixə nəzər salmaq istəyərdim.

Kompüter ingilis sözü olub (Computer) hesablayıcı deməkdir. Hesablama maşınlarının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q. Qoldsteyn və A. Beris tərəfindən verilmişdir. İlk dəfə 1946-cı ildə ABŞ-da ENİAK adlı universal kompüterin yaradılması bu nəzəriyyəni reallaşdırdı. Kompüter texnikasının yarandığı vaxtdan hazırki dövrə qədər olan inkişafı nəsillərə bölünür. 

1-ci nəsil kompüterləri 1950-1959-cu illərə aid edirlər. Onlar elektron lampalı elementlərlə qurulduğundan iş etibarlılığı az, yaddaş tutumu və işləmə sürəti kiçik idi. Onlar əsasən riyazi məsələlərin həlli üçün istifadə edilirdi. 

2-ci nəsil kompüterləri 1960-1969-cu illərə aid edirlər. Bu kompüterlərin element bazası yarımkeçiricilərdən ibarət idi. Bunlarda alqoritmik dillərdən istifadə etməklə proqramlaşdırma işi xeyli asanlaşmışdır. 

3-cü nəsil kompüterləri 1970-1985-ci illərə aid etmək olar. Bu kompüterlərin yaranmasının səbəbi yeni element bazasının-mikroelektronikanın və inteqral sxemlərin yaranması oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi və iş etibarlılığı daha da artdı. 

4-cü nəsil kompüterlləri 1981-ci ildən indiyə qədər böyük və çox böyük inteqral sxem texnologiyası ilə yaradılan kompüterləri əhatə edir. Biz artıq bu kompüterlərin üstün cəhətləri ilə yaxından tanışıq. 

5-ci və ya sonrakı nəsil- indinin və gələcəyin kompüterləridir. Kompüterlərin yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət neyrokompüterlər layihəsinə yönəlmişdir. Tədqiqatçılar hesab edirlər ki, XXI-ci əsrdə neyrokompüterlər intellektual imkanlarına görə indiki kompüterləri xeyli ötəcəkdir.

Bizim hal-hazırda işçi stolumuzun üstündəki masaüstü kompüterimiz “Desktop” və özümüzlə gəzdirdiyimiz “Notebook”lar 4-cü nəslin nümayəndələridirlər.

İşçi stolumuzun üstündəki kompüter “Desktop” yəni , masaüstü kompüter adlanır. Masaüstü kompüter rahat açılıb bağlana bildiyi üçün və içindəki texniki hissələri öyrənmək baxımından əlverişli olduğu üçün bütün texniklər kompüterin qurğularını “Desktop” kompüteri üzərində öyrənirlər, buna görə də biz sizinlə texniki sahəni “Desktop” kompüterin üzərində öyrənəcəyik. Texniki sahə bölümündə biz  say sistemləri, kompüterin dəmir çərçivələri (case), ventilyatorlar (fans), güc mənbəyi (power  supplies), kompüterə texniki xidmət etməyi və texniki xidmət zamanı təhlükəsizlik məsələləri və alətləri haqqında öyrənəcəyik.

Texniki xidmət nədir?

Bu məsələni  sizə gözəl izah etməkçün İ.T. texnikin başına gəlmiş bir hadisəni nəzərinizə çatdırmaq istərdim. Həmin texnik hadisəni belə izah edir:

- Bir neçə müddət bundan əvvəl bir dostum mənə zəng vurub öz kompüterindən yaman şikayət edirdi. Mənə kompüterinin çox bərk səs çıxardığını, çox yavaş işlədiyini və belə getsə, həmin kompüteri başqası ilə əvəz edəcəyini bildirdi. Mən onlara getdim və onun kompüterinə nəzər saldım. Həqiqətən kompüterindən mühərrik səsinə oxşar bir səs gəlirdi və bu da kompüterin fəaliyyətini yavaşlatmışdı. Lakin mən bu problemin necə həll olunduğunu bilirdim. Mən onun kompüterinin dəmir çərçicəsini (Sistem Blokunu) çölə çıxartdım. İlk öncə vintaçan ilə bütün şuruplarını açdım və onun sistem blokunun içərisinə nəzər saldım. Həqiqətən gözlərimə inanmadım. Həqiqətən kompüterin içi toz bağlamışdı. Bu da o deməkdir ki, kompüterin mərkəzi prosessorunu soyudan ventilyatorun toz basması nəticəsində prosessor qızır və normal fəaliyyət göstərə bilmir. Bunun nəticəsində də kompüterin fəaliyyəti zəifləyir. Üstəlik də toz basması nəticəsində sistem blokundan bərk səs gəlir. Mən kompressorla (təzyiqlə hava buraxan) sistem blokunun içindəki bütün tozları təmizlədim. Demək olar ki, içəridə toz qalmadı. Şurupları yerinə bağladım və sistem blokunu əvvəlki vəziyyətinə qaytardım. Dostum kompüteri işə saldı və nəticə göz qabağındadır. Kompüterdən zərrə qədər də səs gəlmir, heç bir donmadan da söhbət gedə bilməz. Kompüterin fəaliyyəti ilkin vaxtlarında olduğu kimi sürətlidir.

Bundan  sonra dostum mənə dərin minnətdarlığını bildirdi .

Nəzərinizə çatdırım ki, bu hadisə evdə sizin başınıza da gələ bilər. Bu zaman bəzi təhlukəsizlik qaydalarına da əməl etməlisiniz. Kompüteri açan zaman ilk öncə onu cərəyandan ayırmalısınız, əks halda özünüzü zədələyə bilərsiniz. Bəzi adamlar kompüteri açdıqdan sonra onun içərisini bildiyimiz saç feni ilə təmizləyirlər. Amma bu halda statik enerji yaranır və kompüterin daxilindəki qurğulara ziyan vura bilər.

Bir qarşıdan gələn bölümlərdə silsilə şəklində bütün detallardan danışacağıq və Allahın izni ilə bu sahədə bizə heç bir qaranlıq nöqtə qalmayacaq.(azadxeber)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.