haberL haberR

Həbsdəki şairin cəzası 5 il endirildi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 03.08.2016 14:18:45

Vəkil Bəhruz Bayramov: “Biz Saday Şəkərliyə bəraət istəmişdik”

Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info saytına məlumat verən vəkli Bəhruz Bayramov bildirir ki, Saday Şəkərlinin azadlıqdan məhrumetmə cəzası 10 ildən 5 ilə endirilib. Onun sözlərinə görə, Saday Şəkərlinin ittiham olunduğu maddə dəyişib. “Apellyasiya şikayətində göstərmişdim ki, yeni qanunvericiliyə əsasən külli-miqdar 10 min manatdan yuxarı olduqda, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə tövsif olunur. Saday Şəkərli isə 10 min manat tələb etdiyi üçün onun maddəsinin CM-nin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəyə tövsif olunaraq, bəraət verilməsini istəmişdim. Dövlət ittihamçısı da çıxışında qanunvericilik dəyişiklkiyi ilə bağlı maddənin 182.2.4 maddəsinə tövsifini bildirmişdi”.
Qeyd edək ki, 182.3.2-ci maddənin sanksiyası 10 ildən 15 ilədək, 182.2.4-cü maddənin sanksiyası isə 5 ildən 10 ilə qədərdir.


Bu gün prosesdə dövlət ittihamçısı Saday Şəkərlinin cəzasının 10 ildən 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına endirilməsini məhkəmədən xahiş edib. Müdafiə tərəfi isə bəraət verilməsini tələb edib. Məhkəmə cəzanın 10 ildən 5 ilə endirilməsi ilə bağlı qərarı elan edib.

B.Bayramov qeyd edir ki, hazrıda səhhəti ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Saday Şəkərlinin özü də prosesdə iştirak edib. “O çıxışında günahsız olduğunu, qanunsuz həbs edildiyini deyərək, bəraət verilməsini istəyib” – deyə vəkil bildirir.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi onların şikayətini qismən təmin etsə də, bəraət verilməsi tələbilə Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edəcəklər. “Əgər Ali Məhkəmədə bəraətə nail ola bilməsək, Avropa Məhkəməsinə şikayət verəcəyik”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan S.Şəkərli Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Saday Şəkərov külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.