haberL haberR

Həzrəti peyğəmbərin Ramazan xütbəsi: "Bu ay bağışlanmayan həqiqətən bədbəxtdi"

Kateqoriya: İslam Yayımlama tarixi: 07.06.2016 11:03:00

İslamazeri.az "Məfatehul Cinan" kitabında qeyd olunan xütbəni təqdim edir
İmam Əlidən (ə) nəql edilir ki, imam belə buyurur: “Bir gün peyğəmbər bizə bir xütbə oxudu, sonra buyurdu: “Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay, Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz ibadət savabı daşıyır. Sizin bu ayda əməlləriniz və dualarınız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmizlənmiş qəlblərlə, (xalis) düz niyyətlərlə Allah taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu böyük ayda Allahın bağışlanmağından məhrum olan şəxs həqiqətən bədbəxtdir. Siz bu ayda ac və susuz qalmaqla Qiyamət gününün aclığını və susuzluğunu xatırlayın. Öz yoxsul və kimsəsizlərinizə əl tutun. Qocalarınıza hörmət edin, uşaqlarınıza rəhm edin, qohum-əqrəbalarınıza mehribanlıq göstərin. Dilinizi, deyilməsi yasaq olan şeylərdən saxlayın. Gözlərinizi baxılması halal olmayan yerlərə örtün. Qulaqlarınızı eşitməyi halal olmayan şeylərə bağlayın. Başqalarının yetim qalan uşaqları ilə mehribanlıq olun ki, sizdən sonra sizin də uşaqlarınızla mehriban olsunlar. Günahlardan əl çəkib Allaha tərəf qayıdın. Namaz vaxtlarında əllərinizi dua etməyə ucaldın. Çünki namaz vaxtları ən yaxşı vaxtlardır. Allah taala bu vaxtlarda öz bəndələrinə rəhmət gözü ilə baxır. Onunla münacat edənlərə cavab verir, onu çağıranlara ləbbeyk deyir. Onu istəyənlərin istəyini yerinə yetirir. Ey insanlar həqiqətən sizin canınız əməllərinizə bağlıdır. Belədirsə, onda Allah tərəfindən bağışlanmaqla özünüzü azad edin. Sizin çiyninizin yükü günahlarınızla ağırlaşmışdır. Onu, uzun səcdələrlə yüngülləşdirin. Bilin ki, Allah taala bu ayda namaz qılan və səcdə edənlərə əzab etməyəcəyinə and içmişdir və onları Qiyamət günü cəhənnəm odu ilə qorxutmayacağını bildirmişdir. Ey camaat, əgər bu ayda bir mömin şəxsə iftar versəniz, onun üçün qul azadetmə savabı yazılar və onun keçmiş günahları bağışlanar”. Səhabədən biri soruşdu: “Ey peyğəmbər, bizim hamımızın buna imkanı çatmır”. Həzrət buyurdu: “Xurmanın yarısı və ya bir içimlik su qədər də olsa, ona iftar verin və cəhənnəm odundan qurtulun. Allah taala bundan da imkansızlara, bu savabı verər. Ey insanlar, bu ayda öz əxlaqını gözəlləşdirən başqalarının ayaqlarının büdrədiyi bir vaxtda, o Sirat körpüsündən asan keçəcək. Hər kəs bu ayda öz xidmətçisinin işini yüngülləşdirsə, Allah onun hesabını Qiyamət günü asanlaşdırar. Hər kəs bu ayda insanlara pisliyi tərk etsə, Allah taala öz qəzəbinin Qiyamət günü ondan saxlayar. Hər kəs bu gündə atasız bir yetimi əzizləyərsə, Allah onu Qiyamət günü əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbası ilə əlaqə saxlasa (onlarla mehriban olsa) Allah onu Qiyamətdə öz rəhmətinə daxil edər. Hər kəs bu ayda öz qohum-əqrəbası ilə əlaqəsini pozsa və yaxşılığını onlardan əsirgəsə, Allah Qiyamət günü öz əlaqəsini ondan kəsər. Bu ayda müstəhəb namazlar qılan şəxsi, Allah cəhənnəm odundan azad edər. Bu ayda bir vacib namaz qılan şəxs, başqa aylarda qıldığının yetmiş bərabərini alar. Hər kəs bu ayda mənə çox salavat göndərsə, onun əməl tərəzisi bütün tərəzilərin ağırlaşdığı bir gündə, yüngülləşər. Bu ayda bir ayə Quran oxuyan şəxs, başqa aylarda bütöv Quranı oxuyan şəxs kimidir. Ey insanlar, həqiqətən bu ayda cənnətin qapıları açıqdır, Allahdan onu sizin üzünüzə bağlamamasını istəyin. Cəhənnəmin isə qapıları bağlıdır. Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın. Bu ayda şeytanları zəncirlənmişlər. Allahdan istəyin ki, onları sizə müsəllət və hakim etməsin.”
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.