haberL haberR

Hindistan-Rusiya qatarı Azərbaycandan keçəcək

Kateqoriya: Region Yayımlama tarixi: 16.02.2016 10:28:27

Bu marşrutla ilk qatar martın sonunadək yola düşəcək

Rusiya və Azərbaycan dəmir yolları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə birbaşa hərəkət barədə razılığa gəliblər. Bu barədə Rusiya dəmir yollarının rəsmi saytında məlumat yayılıb.

“Rossiyskiye jeleznıye doroqi” holdinqi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər.

Layihənin logistik operatorları “RJD Logistika” SC və “ADY Express” olacaq. Həmin marşrutlar üzrə hərəkəti 2016-cı il martın sonunadək işə salmaq planlaşdırılır.

Hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yüklərin çatdırılması dəniz daşımaları (A marşrutu) hesabına təmin edilir. Nava-Şeva limanından Moskvaya qədər yol təqribən 40 gün təşkil edir. Yeni multimodal “B” marşrutu dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadəni ehtiva edir və daşıma müddətini iki dəfə azaltmağa imkan verir. Perspektivdə həmin müddət 14 gün olacaq.

Tərəflər danışıqlar çərçivəsində rəqabətə davamlı tarifləri də razılaşdırıblar: Mumbay-Moskva marşrutu ilə 40 futluq konteynerin daşınması tarifi 3 min dollardan çox olmayacaq.|ANS

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.