haberL haberR

İl ərzində 170-180 min şəxs nikahdan öncə tibbi müayinədən keçəcək

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 04.07.2015 14:46:14

Səhiyyə Nazirliyində nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına həsr edilmiş geniş kollegiya iclası keçirilib
APA-nın Səhiyyə Nazirliyinin “Tibb” qəzetinə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov son illər talassemiya xəstəliyindən əlillik və ölüm hallarının azaldıldığını bildirib: “Hazırda Respublika Talassemiya Mərkəzində bu xəstəliyin radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla aparılıb. Eyni zamanda, prezidentin bu il fevralın 10-da imzaladığı sərəncamla talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illəri əhatə edən yeni Dövlət Proqramını təsdiq edib”.
 
G. Poladov nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinin aparıldığını deyib: “Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsini həyata keçirəcək səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib. Bu tədbirləri regionlarda mərkəzi rayon və ya şəhər xəstəxanaları, şəhər səhiyyə şöbələrinin əvvəldən müəyyən etdiyi tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayon üzrə təyin olunmuş poliklinikalar, Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcək”.
 
Şöbə müdiri proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələrinin yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunduğunu əlavə edib: “Qan nümunələrinin Bakıya çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb və onların marşrutları müəyyən edilib. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda Talassemiyanın profilaktikası şöbəsi yaradılıb və o, talassemiyanın təsdiqedici müayinəsini həyata keçirəcək kadrlar və müasir standartlara uyğun lazımi laborator avadanlıqla təmin olunub”.
 
G. Poladov qeyd edib ki, Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə əsasən, mərkəzi rayon xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb. Hematoloji kabinetlər təhkim edilmiş ərazidə nikaha daxil olmaq istəyən şəxslərin qan nümunələrinin alınmasını, nişanlanmasını, qeydiyyatdan keçirilməsini və talassemiyanın daşıyıcılığı üzrə skrininq müayinələrinin aparılmasını təşkil etməli, skrininq zamanı talassemiya daşıyıcılığına şübhəli şəxslərin qan nümunələrini, eləcə də İİV/QİÇS və sifilis müayinələrinin aparılması üçün qan nümunələrinin müəyyən edilmiş temperatur rejimində saxlanmasını və xüsusi termokonteynerlərdə ETHTİ-na göndərilməsini təmin etməlidir: “Nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticələri ilə bağlı tibbi-genetik məsləhət və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formada arayış verilməlidir”.
 
Şöbə müdiri bildirib ki, əsas vəzifə perinatal diaqnostikanın aparılması üçün risk qrupundan olan hamilə qadınlardan hamiləliyin 1-ci trimestrində döl materialının alınmasıdır. O, bunun üçün mərkəzin 2 mütəxəssisinin Türkiyədə 2 ay müddətində tam hazırlıq keçdiyini diqqətə çatdırıb.
 
G. Poladovun sözlərinə görə, 2013-2014-cu illərin statistikasına əsasən, ölkədə il ərzində orta hesabla 85-90 min nikah qeydə alınır ki, bu da 170-180 min şəxsin tibbi müayinə olunması deməkdir: “Onların təxminən 24 faizi Bakı şəhərinin, qalan 76 faizi isə regionların payına düşür. Beləliklə, bir gündə paytaxtda orta hesabla 50-60, bölgələrdə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir”.
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.